AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Hamı danışır, AZAL-dan başqa: Biletlər hansı halda ucuzlaşa bilər? - ARAŞDIRMA

  • + A
  • - A
  • 7-07-2021, 09:16



    Azərbaycan 10-a yaxın ölkə ilə hava sərhədlərini açsa da, aviabiletlərin baha olması həm ölkəmizdən xaricə, həmçinin də Azərbaycana səfər etmək arzusunda olan səyahətçilərin arzusunu gözündə qoyur.
    Hamı danışır, bircə AZAL-dan başqa
    Aviabiletlərin baha olması məsələsi bir müddət öncə Milli Məclisdə də müzakirəyə çıxarılıb. Deputat Qənirə Paşayeva bildirib ki, dəfələrlə deyilməsinə baxmayaraq, şirkət qiymətləri baha saxlamaqda davam edir, bu isə ölkəmizə gəlmək istəyən minlərlə insanın arzusuna mane olur: "Hər gün yüzlərlə insan yazır ki, Azərbaycana gəlmək istəyir, amma biletlər əksər ölkələrlə müqayisədə qat-qat bahadır. Türkiyədən Azərbaycana gəlmək, ölkəmizi görmək istəyən minlərlə insan müraciət edir, amma biletlər baha olduğundan gələ bilmirlər. Mən bu məsələni bir dəfə də qaldırmışdım. Amma nəticə olmadı", - deyə deputat bildirib.
    O əlavə edib ki, təyyarə biletlərinin bahalığından şikayət edən, gedib-gəlməkdə çətinlik çəkən yalnız turistlər deyil:
    "Tələbələrimiz, xəstələrimiz var. Onlar digər ölkələrdən qat-qat baha olan bu bilet qiymətlərinə görə əməlli-başlı əziyyət çəkirlər. Mən xahiş edirəm ki, bu məsələyə baxılsın. Müvafiq qurumlara müraciət edirəm ki, bu məsələyə baxılsın, qiymət məsələsinə yenidən baxması ilə əlaqədar AZAL-a çağırış edirəm".
    Bir neçə gün öncə AZAL-da avibiletlərin bahalığından Azərbaycan Turizm Bürosunun Baş icraçı direktoru Florian Zenqstşmid də şikayətlənib. O bildirib ki, xarici turistlərin ölkəyə cəlb olunmasında Azərbaycana təyyarə biletlərinin qiymətlərinin uyğun olması vacibdir. F.Zenqstşmid həmçinin bildirib ki, qonşu ölkələrin turizm destinasiyalarında təyyarə biletlərinin qiymətləri bizdən kifayət qədər aşağıdır: "İnanırıq ki, bu məsələ yaxın gələcəkdə öz həllini tapacaq. Nəinki Bakı, digər ölkələrin hədəf bazarlarına çıxış çox vacibdir. Bu gün onlayn platformanı açıb baxsanız, Türkiyə-Avropa, Türkiyə-Gürcüstan ilə Türkiyə-Azərbaycan uçuşları arasında kifayət qədər fərq var", - deyə icraçı direktor bildirib.
    AZAL Sputnik Azərbaycan-ın aviabiletlərin qiyməti ilə bağlı sorğusuna cavab verməyib. Sözügedən mövzuda AZAL-a göndərdiyimiz sorğu cavablandırılmamış qalıb. Qeyd edək ki, AZAL-ın özündən daha yüksəklərdə uçan qiymətləri ilə bağlı dəfələrlə tənqidi fikirlər səsləndirilsə də, qurum bunun iqtisadi əsaslandırılmasını açıqlamır. Amma rəsmi olmasa da, AZAL aviabiletlərin qiymətini "ceyranın belinə" qaldırmasını onların pandemiya dövründə çəkdiyi ziyanı kompensasiya etməklə əsaslandırır.
    80 milyon manat dotasiya hara getdi?
    İqtisadçı Natiq Cəfərli Sputnik Azərbaycan-a açıqlamasında AZAL-ın bu əsaslandırmasının da yersiz olduğunu söyləyir. Onun sözlərinə görə, pandemiya dövründə zərər çəkdiyi üçün AZAL-a dövlət büdcəsindən dotasiya verilib. İqtisadçı bildirir ki, həmin məbləğ 80 milyon manat həcmindədir.
    N.Cəfərli bildirir ki, AZAL ölkəmizdə uçuş qiymətlərinin moderatorudur: "AZAL təkbaşına qərar verəcək gücə və səlahiyyətlərə malikdir. Azərbaycanda aviabiletlərin baha olmasının əsas səbəblərindən biri rəqabətsizlik mühitidir. Gürcüstanda aviauçuş sahəsində 14 xarici şirkət birbaşa fəaliyyət göstərir. Orada təkcə qardaş Türkiyənin 4 şirkəti çalışır. Buna görə Gürcüstanda aviauçuşların qiyməti çox ucuzdur. Azərbaycanda isə bütün uçuşları ya AZAL özü həyata keçirir, yaxud da uçuşları həyata keçirəcək şirkətləri özü ilə birgə çalışmağa vadar edir".
    Azərbaycanda aviabiletlər hansı halda ucuzlaşa bilər?
    N.Cəfərli deyir ki, yerüstü xidmətlərin baha olması da qiymətlərə təsir göstərir. Onun sözlərinə görə, bu xidmətlərin də qiyməti biletin qiymətinin üstünə gəldiyi üçün aviabilet baha təklif olunur: "Məsələn, hər hansı türk şirkəti Gürcüstandan daha ucuz uçur, nəinki Azərbaycandan", - deyə iqtisadçı söyləyir.
    N.Cəfərli bildirir ki, aviabiletlərin ucuzlaşması üçün yerüstü xidmətlər AZAL-dan tamamilə alınmalı, özəl şirkətlərə idarəetməyə verilməlidir.
    Ekspertin sözlərinə görə, ən böyük addım Azərbaycan bazarına birbaşa fəaliyyət göstərmək üçün AZAL-a rəqib şirkətlərin buraxılması, buna şəraitin yaradılmasıdır. İqtisadçı hesab edir ki, bunlar baş verərsə, Azərbaycanda da rəqabət mühiti yaranar, nəticədə aviabiletlərin qiyməti ucuzlaşar.
    Bölgələrdəki aeroportlar işə salınmalıdır...
    Bununla belə N.Cəfərli AZAL müqavimət göstərsə, buna başqa variantların da olduğunu söyləyir: "Ölkəmizin bölgələrində hava limanları inşa olunub. İlkin addımda bu hava limanları lou-kost (aşağı büdcəli) uçuşlara idarəetməyə vermək olar. Necə ki, Gürcüstan hökuməti Kutaisi hava limanını eyni cür icarəyə verib. Bu gün Kutaisidən Avropanın 14 şəhərinə çox ucuz qiymətə aviauçuşlar həyata keçirilir. Azərbaycan da ilkin mərhələdə heç olmasa boş qalan hava limanlarını icarəyə verməklə rəqabət yarada bilər. Bu gün Azərbaycandan aviabiletlərin baha olmasının əsas səbəbi AZAL-ın inhisarçılıq mövqeyidir", - deyə iqtisadçı bildirir.
    AZAL turistlərin yönünü başqa ölkəyə salır
    Qeyd edək ki, Gürcüstandan İstanbula uçuş adambaşına 110 manat olduğu halda, Azərbaycandan İstanbula aviabiletin qiyməti günlərdən asılı olaraq 300-400 manat arası dəyişir. Geri dönüşlə birgə Azərbaycandan İstanbula səyahət üçün təkcə bilet qiyməti 800 manat təşkil edir. Onu da diqqətə çatdıraq ki, AZAL-ın bahalı qiymət siyasəti ölkəyə gələn turistlərin də istiqamətini digər ölkələrə yönəldir.
    Prezident də AZAL-ı tənqid edir
    Xatırladaq ki, 2020-ci ilin avqust ayında dövlət başçısı müşavirədə çıxışı zamanı bildirib ki, AZAL şirkətinin bütün təyyarələri dövlət tərəfindən alınıb. "Bütün aeroportlar dövlət tərəfindən tikilib. Bəs bunun dövlətə verdiyi mənfəət, gəlir nədir? Bu təyyarələr alınır, onlar istismar edilir. Bəs, bunun gəliri haradadır? Bu nə vaxt ödəniləcək, götürdüyü kreditləri gərək dövlət zəmanəti hesabına sonra biz ödəyək?" - deyə Prezident İlham Əliyev AZAL-a irad bildirmişdi.
    Onu da qeyd edək ki, AVRO-2020-nin Azərbaycanda oyunları zamanı Türkiyə milli futbol komandasını izləmək istəyən fanatlar da AZAL-ın qiymətlərindən sözün məcazi mənasında şok olmuşdular. Hazırda xarici ölkələrdə istirahət etmək istəyən, eləcə də Azərbaycana səyahət planlayan xarici turistlər də AZAL-ın əl yandıran qiymətlərinə görə planlarını təxirə salmalı olurlar. Bundan əlavə, Gürcüstan və sair ölkələrdə COVID pasportu və immunitet sertifikatı olanlardan xaricə səfər zamanı COVID testi tələb olunmasa da, AZAL sərnişinlərdən sözügedən sənədləri olsa belə, uçuşdan əvvəl 72 saat ərzində COVID-19-a dair PCR testin neqativ nəticəsini təsdiq edən rəsmi sənəd tələb edir. Bu isə aviabiletin onsuz da baha olan qiymətini bir qədər də bahalaşdırır. Hazırda ölkəmizdə COVID-19-a dair PCR testin qiyməti 70-80 manat arası dəyişir.
    Ümid quru sərhədlərinin açılmasına qalıb
    Hazırkı situasiyada isə xaricə səfər planlayan, eləcə də Azərbaycana gəlmək istəyənlərin gözləməkdən başqa çarəsi yoxdur. Çünki Azərbaycanda xarici ölkələrə və əks istiqamətə quru sərhədlər bağlıdır, pandemiya dövründə quru yolla müəyyən şəxslərin ölkəmizə giriş və çıxışına icazə verilir.
    Bu günədək isə Azərbaycan 10-a yaxın ölkə ilə hava əlaqəsini bərpa edib. Bunlar Türkiyə, Rusiya, ABŞ, Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri, Böyük Britaniya, İsrail, Macarıstan və Qətərdir.
    Qeyd edək ki, Nazirlər Kabinetinin 5 iyunda imzaladığı qərarından sonra 10 iyun tarixindən etibarən epidemioloji vəziyyətdə müsbət dinamikanın müşahidə edildiyini nəzərə alaraq, Rusiya Federasiyası və Türkiyə Respublikasının vətəndaşlarının hava yolu ilə Azərbaycan ərazisinə səfərinə icazə verilib. Həmin qərara əsasən, yaşı 18-dən yuxarı olan sərnişinlər tam vaksinasiya olunması və ya COVID-19 xəstəliyindən sağalması barədə müvafiq ölkənin verdiyi rəsmi sənədin (COVID pasport) və uçuşdan əvvəl 72 saat ərzində COVID-19-a dair PCR testin neqativ nəticəsini təsdiq edən rəsmi sənədin təqdim olunması şərti ilə ölkəmizə səfər edə bilərlər.
    Həmçinin 1 yaşdan 18 yaşadək olan sərnişinlərin uçuşdan əvvəl 72 saat ərzində COVID-19-a dair PCR testinin neqativ nəticəsini təsdiq edən rəsmi sənədi təqdim olunmalıdır. Eyni zamanda, 10 iyundan başlayaraq Azərbaycana daxil olmaq üçün bütün 1 yaşdan yuxarı olan sərnişinlərin COVID-19-a dair PCR testin neqativ nəticəsini təsdiq edən rəsmi sənədin müddəti uçuşdan əvvəl 48 saatdan 72 saatadək artırılır. 1 yaşdan aşağı olan uşaqlar üçün COVID pasport və PCR test nəticələrinə dair sənədlər tələb olunmur. Azərbaycan Respublikasına birbaşa uçuşlar icra edən bütün aviadaşıyıcılar yalnız müvafiq tələblərə cavab verən sərnişinləri qeydiyyata almalıdırlar. Azərbaycan ərazisinə daxil olarkən sərhəd nəzarətindən keçdikləri zaman tələblərə cavab verməyən sərnişinlər ölkə ərazisinə buraxılmır və aviadaşıyıcının hesabına həmin təyyarə ilə geri qaytarılır.
    İyunun 21-dən isə ABŞ, Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri, Böyük Britaniya, İsrail, Macarıstan və Qətər vətəndaşlarının Azərbaycan Respublikasının ərazisinə səfər etməsinə icazə verilib.
    Məlumat üçün qeyd edək ki, iyulun 1-dən Macarıstanın aşağıbüdcəli "Wizzair" şirkəti Gürcüstanın Kutaisi beynəlxalq hava limanındakı bazasını bərpa edib. Bu barədə Gürcüstanın İqtisadiyyat və Dayanıqlı İnkişaf Nazirliyindən bildirilib. Loukoster yenilənmiş aeroportdan 6 istiqamət üzrə - Milan, Praqa, Afina, Saloniki, Larnaka, Memmingen şəhərlərinə reyslər yerinə yetirir. İlkin mərhələdə epidemioloji vəziyyət və Avropa ölkələrində tətbiq olunan məhdudiyyətlər səbəbindən Kutaisidən müntəzəm reyslər həftədə bir dəfə həyata keçiriləcək, qış mövsümündən etibarən isə istiqamət və reyslərin sayı tədricən artırılacaq. "Wizzair" Kutaisi hava limanında bazasını 2012-ci ildə yaradıb. Ötən ilin iyulunda bazanın fəaliyyəti dayandırılıb.
    Qeyd edək ki, "Wizzair" azərbaycanlı səyyahların xidmətlərindən çox istifadə etdiyi aviaşirkətlər arasındadır. "Wizzair"lə uçuşların qiymətlərinin sərfəli olması səbəbindən hər il xeyli azərbaycanlı Kutaisidən Avropaya səyahət edir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR