Bu gün Dövlət İmtahan Mərkəzi tərəfindən I və IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanları keçirilir.
Mərkəzdən verilən məlumata görə, imtahanlar Bakı, Abşeron, Sumqayıt, Naxçıvan, Gəncə, Qazax, Ağstafa, Şəki, Bərdə, Göyçay, Şirvan, Salyan, Lənkəran, Xaçmaz, Şəmkir, Mingəçevir, Zaqatala, Ağcabədi, Kürdəmir, Sabirabad, Cəlilabad, Masallı və Qubada təşkil olunur.
İmtahan keçirilən şəhər və rayonlarda ümumilikdə 68 imtahan binası, 1113 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 68 ümumi imtahan rəhbəri, 184 imtahan rəhbəri, 1450 nəzarətçi–müəllim, 140 buraxılış rejimi əməkdaşı, 68 bina nümayəndəsi cəlb edilib.
Bugünkü imtahanlarda ümumilikdə 14 426 abituriyentin iştirakı nəzərdə tutulur. Onlardan 9421 nəfər I ixtisas qrupu, 5005 nəfər isə IV ixtisas qrupu üzrə sənəd verənlərdir.
İmtahanda beş nəfər fiziki məhdudiyyətli (gözdən əlil, eşitmə əngəlli) abituriyent də iştirak edir. Bu abituriyentlərin rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında xüsusi zallar ayrılıb, gözdən əlillər üçün fərdi nəzarətçilər təyin edilib.