Sabiq deputat, Sosial Rifah Partiyasının keçmiş sədri Xanhüseyn Kazımlının sürücüsü tərəfindən azyaşlı qıza qarşı zor tətbiq edilib.
AzadMedia.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə iyulun 29-da axşam saatlarında Təhsil Nazirliyinin yaxınlığında yerləşən restoranların birinin qarşısında baş verib. Belə ki, 99 AA 388 dövlət nömrə nişanlı, “Range Rover” markalı maşında əyləşən sabiq deputat ona salfet satmaq istəyən azyaşlıyla mübahisə edib. Daha sonra sərnişinin göstərişiylə hadisəyə maşını idarə edən sürücü müdaxilə edib və azyaşlını döyüb.
Şahidlərdən biri azyaşlıya qarşı yol verilmiş zorakılıqla bağlı Nərimanov rayonu 18-ci polis bölməsinə ərizə ilə müraciət edib.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən bildirilib ki, azyaşlı qız 99 AA 388 dövlət nömrə nişanlı “Range Rover” markalı, Məmmədov Samir Həsən oğlunun idarə etdiyi maşına piyada qismində yaxınlaşıb:
“Əvvəlcə maşında sərnişin qismində olan şəxs azyaşlı ilə mübahisə edib. Daha sonra sürücü maşından düşərək azyaşlıya müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. Məsələylə bağlı Nərimanov rayonu 18-ci polis bölməsində təhqiqat aparılır”.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.