AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Psixoloq Nübar Bayramova - "Cəmiyyətin yaratdığı uzunömürlü stereotiplər qadınları zorakı həyatı yaşamağa məcbur edir" - Reportaj

  • + A
  • - A
  • 5-08-2021, 08:41

    Ötən günlərdə, Sevinc Məhərrəmova adlı qadının əri tərəfindən başı kəsilərək qətlə yetirildiyi iddia edildi.
    Xatırladaq ki, Sevinc Məhərrəmova bu ilin mart ayında həyat yoldaşı Füzuli Qarayev tərəfindən zorakılığa məruz qaldığını bildirərək hüquq-mühafizə orqanlarına müraciət etmişdi. Cütlüyün 3 və 4 yaşlarında iki oğlu vardı.
    Elə bu hadisədən yola çıxaraq Azadmedia.az Qadınlara qarşı zorakılıq, məişət zorakılığının qarşısının alınması, problemin psixoloji tərəfləri hansı istiqamətdə və necə həll olunmalıdır deyə, Psixoloqlara üz tutdu.

    "Cəmiyyətin yaratdığı uzunömürlü stereotiplər qadınları zorakı həyatı yaşamağa məcbur edir".


    Bu fikirləri Azadmedia.az-ın redaktoru Ülkər Piriyevaya açıqlamasında Psixoloq Nübar Bayramova qeyd edib.

    Bildiyimiz kimi, QADIN HÜQUQLARI İNSAN HÜQUQLARININ AYRILMAZ HİSSƏSİDİR!
    Əslində qadın zorakılığı və yaxud gündəlik tez-tez qarılaşdığımız məişət zorakılıqları təkcə Azərbaycan mühiti üçün deyil, ümumilikdə bütün dünyada qlobal problem sayılır. Bu qəbildən beynəlxalq sənədin, Avropa Şurasının 2011-ci ildə qəbul etdiyi “Qadınlara qarşı zorakılıq və məişət zorakılığının qarşısının alınması və ona qarşı mübarizə” haqqında Konvensiyası təsadüfi olmayıb, qadınlara qarşı zorakılığın və məişət zorakılığın aradan qaldırılmasına insanları təşviq edir. Həmçinin Azərbaycan Respublikasının zorakılıqla bağlı halların qarşısının alınması haqqında Azərbaycan Respublikasının qanunu da məhz bu situasiyaların aradan qardılırmasına xidmət edir.

    Zorakılıq mühitində yaşayan və zorakılıqdan zərər çəkmiş şəxslərin keçirdiyi hisslər?
    Əvvəlcə, görək zorakılıq ümumiyyətlə nədir? Zorakılıq- insana psixoloji, sosial, cismani, hətta iqtisadi təzyiqin tətbiq olunması prosesidir. Qorxulu haldır ki, insan şüuru təkmilləşdikdə zorakılığın növləri də günü-gündən artmaqdadır. Hal-hazırda cəmiyyətdə zorakılığın fiziki, seksual, psixoloji, mənəvi, iqtisadi formalarının tətbiq edilməsi halları çox təkrarlanır. Lakin ən dəhşətlisi isə bu situasiyaları yaşayan insanların zorakılıqdan sonra keçirmiş olduğu hisslərdir. Belə şəxslər daima təlaş, həyəcan, narahatlıq içində olur, özlərini hər zaman kədərli, aciz, gücsüz, ümidsiz hiss edir, ən kiçik büdrəməsində özünü günahkar sayır, özünə güvəni, inamı, əminliyi olmur, ruh düşkünlüyü yaşayır, hər bir məsələdə özlərini təqsirləndirir və ən pisi bu xüsusiyyətlər getdukcə dərinləşir, müxtəlif fobiyalara yol açır ki, bu da ruhi sarsıntılarla, siqaret, spirtli işki, narkotik vasitələrlə sonuclanır. Bu cür hallar belə insanları ya intihara sürükləyir, ya da onlara xöşbəxt kimi görünən insanlara qarşı kin, qisas hissi formalaşdırır.
    Psixoloq Nübar Bayramova - "Cəmiyyətin yaratdığı uzunömürlü stereotiplər qadınları zorakı həyatı yaşamağa məcbur edir" - Reportaj
    Psixoloji zorakılıq - bunun qarşısı ailədə necə alınmalıdır?
    Zorakılıq hərfi mənada hücum etmək anlamını verir. Psixoloji zorakılıq isə insan psixikasına edilən hücumlar və bunun sayəsində psixikanın pozulması kimi qəbul olunur. Bəzən sözlərlə, mimiki ifadələrlə, jest və baxışlarla göstərilən təzyiqlər adi fiziki zorakılıqan da daha dərin, silinməz yaralar buraxır və daha uzunmüddətli olur. Xüsusən sözlərin verdiyi alçaldıcı təsir insanları uzun müddət öz əsarətində saxlayır, bu illərlə çəkə bilir, gənc yaşlarında olan insanın bütün gələcək taleyini həll edə bilir. Bəzən insanlar psixoloji zorakılığı anlamadan belə törədə bilərlər. Məsələn, əllilliyi olan bir insanın xüsusiyyətini ona xatırlatmaqla, yaxud ona yazıq münasibəti sərgiləməklə, hər hansı bir şəxsi insanların içində nişanlamağa, fərqləndirməyə istiqamətləndirilən ifadələr işlətməklə özümüz də istəmədən onları psixoloji zorakılığa məruz qoymuş oluruq.

    Zorakılıq mühitində tərbiyə almayan və ailə qurduqdan sonra zorakılıqla üzləşən qadın.. - bu barədə fikirləriniz?
    Belə qadınların zorakılığa məruz qalması daha dəhşətli fəsadlara gətirib çıxarda bilər. Çünki, nəzərə alsaq ki, onlar daha əvvəl belə situasiyaları yaşamadıqlarından, bu tip hisslər o qədər yeni olur ki, onlarda şok effetki yaşadır. Təcrübənin və bu tipli hallara qarşı psixoloji immunitetin olmaması isə ilk həmlədən bu şəxslərin psixikasının oriyentasiyasını pozur və davranışlarını idarə edə bilmirlər.
    Nəticədə, şok effektinə verilən kəskin peaksiya vəziyyəti daha da gərginləşdirir və düşdükləri çətin vəziyyətdən çıxmaları mümkün olmur. Xüsusən də ailədaxili münaqişələr zamanı olduqda bu ya ailənin dağılmasına, ya da müxtəlif tipli intiharlara yol açır.


    Zorakılığa məruz qalan qadınlar istənilən vaxt onu incidən şəxsi tərk edə bilər. Lakin bizim cəmiyyətdə bir çox qadınlarımız bunu etmir. Bəlkə də, qadının öz evini tərk etməməsinə psixoloji faktorlar mane olur..
    Bunlar hansı faktorlardır?

    Azərbaycan mühitində zorakılığa məruz qalmış qadınların evi, yaxud onu zorakı davranan insanı tərk etməsinə bir o qədər çox rast gəlinmir. Təbii ki, onun da özünə məxsus səbəbləri vardır. İlkin olaraq cəmiyyətin yazılmamış qanunları, mentalitetimizdən irəli gələn faktorlardır. Cəmiyyətdə kiçik sorğu aparsaq ailədə kişinin öz qadınına əl qaldırması o qədər də böyük və qəbahətli hal kimi qəbul edilməyəcəkdir. Bəlkədə əksəriyyət yaxşı qadın özünü döydürtməz, yaxud özünə söz dedirtməz kimi cavablarla qarşılaşacağını gözə aldığından məruz qaldığı zorakılıqlığı çox zaman da gizlədir. Bunun ictimailəşməsindən belə qorxur. Bir çoxları isə kişinin ailədə üstün, hökmran mövqeyini o dərəcədə aliləşdirir ki, kişinin ailə üzvünə əl qaldırmasını, yaxud hər hansı zorakılıq növündən istifadə etməsini tamamilə normal qəbul edir. Bu tipli misalları yüzlərlə çəkmək olar. Məhz, cəmiyyətin yaratdığı, bu uzunömürlü sterotiplər qadınları bu həyata dözərək yaşamağa məcbur edir.

    Didər önəmli faktlardan biri isə, qadınların ailələrindən iqtisadi asılılığından irəli gəlir. Bunun qaynaqları isə qadınların erkən ailə qurması, təhsilli olmaması, təcrübəsizliyi və s. Nəticədə isə çox zaman üz tutmağa yerləri olmadığından zorakılıqların işində yaşayır, belə mühitdə uşaq tərbiyə edir, cəmiyyəti özügüvəni olmayan, qorxunc xatirələrlə zəngin uşaqlığa sahib insanlarla doldururlar. Acınacaqlı hal isə, belə ailələrdən gələn uşaqların da gələcəkdə bu tərbiyəni öz gələcək ailələrinə miras aparmalarıdır.


    Bəs, bu faktorların öhdəsindən gəlmək üçün qadın nələr etməlidir?
    - Birincisi, qızların erkən nigahlarının qarşısının alınmasıdır. Məhz erkən nigahlar alilələri təhsilsiz, təcrübəsiz, iqtisadi cəhətdən özünü təmin edə bilmək iqtidarında olmayan, qeyri-sağlam psixikaya sahib qadınlarla zənginləşdirir ki, bu da gələcəkdə ailələrdə baş verə biləcək müxtəlif xarakterli zorakılıqlar üçün ilkin xammal rolunu oynayır.

    - İkincisi, qadınların öz hüquqlarını bilməməsi üzündən ailədə, uşaqlarının yanında mövqelərini düzgün qura bilməmələridir.

    - Üçüncüsü, cəmiyyətin belə hallara biganə yanaşması, zorakılıq situasiyalarının ictimailəşdirilərək qınanmaması, bir sözlə insanların susması. Məhz, bu soyuq davranış cəmiyyətin köhnəlmiş sterotiplərdən təmizlənməsinə mane olur.

    - Sonuncu faktor kimi isə dövlət tərəfindən yönəldilən diqqət və qayğıdır ki, bu son illərdə yaxşıya doğru artan dinamika ilə inkişafdadır. Xüsusən son illərdə qadın sığınacaqlarının artması, qadınlar üçün məşğulluq yerlərinin çoxaldılması, xüsusi dövlət orqanların ailə məsələlərinə, erkən nigahlara həssas yanaşması, erkən nigah, narkomaniya ilə bağlı məktəb səviyyəsindən başlanan təbliğatların çoxaldılması təqdirəlayiq hal kimi hesab olunur. Lakin hələ də, bütün bunlar məsələlərin həlli üçün kifayət etmir.


    Ülkər Piriyeva


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR