Saxa Respublikasında (Yakutiya) meşə yanğınları hazırda 6,6 milyon hektar ərazini əhatə edir.
Azadmedia.az xəbər verir ki, bu haqda məlumatı ölkənin Ekologiya və Təbii Sərvətlər nazirliyi yayıb.
Məlumata əsasən, 18 ərazidə yanğın qeydə alınıb. Həmçinin qeyd olunur ki, 13 meşə yanğını yaşayış məskənlərindən 5 km-dən az məsafədə davam edir.
Bununla yanaşı, yanğınların söndürülməsində 4500-dən çox canlı qüvvə və 708 texnika iştirak edir. Həmçinin, yanğınlarla mübarizə aparmaq üçün digər bölgələrdən xilasedicilər gətirilib.
Ölkənin Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, Yakutiya ərazisində ötən sutka ümumilikdə 122 min hektardan çox ərazidə 20 meşə yanğını zərərsizləşdirilib.
Kremlin Mətbuat xidmətinin məlumatına görə, ölkə Prezidenti Vladimir Putin yanğınlarla mübarizə aparan qrupların operativ idarə olunması üçün fövqəladə hallar naziri Yevgeniy Ziniçevə Yakutiyaya yollanmağı tapşırıb.
Qeyd edək ki, Saha Respublikasının Prezidenti Aysen Nikolayev meşə yanğınları yaşayış məskənlərinə və iqtisadi obyektlərə çatdığından bölgədə fövqəladə vəziyyət rejiminin tətbiq edilməsi ilə bağlı avqustun 9-u sərəncam imzalayıb.