Müdafiə naziri Zakir Həsənov Türkiyə yə səfər edib. Nazirin "İDEF - 2021” Beynəlxalq Müdafiə Sərgisində iştirak üçün Türkiyəyə getdiyi bildirilir.
Politoloq Asif Nərimanlı nazirin Türkiyəyə səfərinin alt qatında iki məsələnin olduğunu düşünür:
"Müdafiə naziri Zakir Həsənov "İDEF - 2021” Beynəlxalq Müdafiə Sərgisində iştirak üçün Türkiyəyə gedib. Məqsəd sərgidə iştirak olsa da, son hadisələr fonunda nazir türkiyəli həmkarı Hulusi Akarla iki vacib məsələni müzakirə edə bilər.
Birincisi, Azərbaycan sülhməramlıları Türkiyə ilə birlikdə Kabil hava limanının təhlükəsizliyinin təmin edilməsində iştirak edir. Talibanın gəlişindən sonrakı vəziyyət və birgə atılacaq addımlar müzakirə oluna bilər, sülhməramlı hərbçilərimizin sayının artırılması da mümkündür".
Politoloq Qarabağ məsələsinin də danışıqlar masasında olacağını deyib: "Həsənovla Akarın əsas müzakirə mövzusu Qarabağla bağlı və aşağıdakı tezislər üzrə ola bilər:
- Ankara rus sülhməramlılarının Azərbaycanın suverenliyinə təhdid yaradan fəaliyyətini Moskva qarşısında qaldıra bilər.
- Sülhməramlı kontingentində türk hərbçilərin təmsil olunması, yaxud Birgə Monitorinq Mərkəzinin fəaliyyətinin genişləndirilməsi gündəmə gətirilə bilər.
- Prezident İlham Əliyevin mesajını verdiyi antiterror (erməni terrorçuların postlarına qarşı kiçikçaplı əməliyyatlar və s.) əməliyyatının detalları və atılacaq addımlar".
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.