İran, Əfqanların Türkiyəyə keçməsini asanlaşdırır, bununla sıxışmasını və Suriya daxil olmaqla, Yaxın Şərqdəki təsirinin azalmasını istəyir. Bu səbəbdən, ölkəsinə keçən əfqanların Türkiyə-İran sərhədində yığışmasına asanlıqla icazə verir.
Bunu Azadmedia.az-a açıqlamasında Politoloq Ülkər Piriyeva bildirib.
Bu gün İran, öz ölkəsinə keçmək istəyən əfqanların başqa ölkələrə getməsini istəyir. Hətta onlara yol göstərir. Təbii ki, ən çox əfqan mühacirin Türkiyəyə keçməsini asanlaşdırır.
İranın əfqan mühacirləri istəməməsinin əsas səbəbi isə, iqtisadi yük yaratmalarıdır. Embarqolarla küncə sığışan İran, yeni immiqrasiya dalğaları ilə mübarizə aparmaq iqtidarında deyil.
Bəli, hazırda İran bir tərəfdən iqtisadi embarqolar, digər tərəfdən pandemiyanın yaratdığı iqtisadi böhran səbəbiylə böyük çətinlik çəkir və o gücdə deyil. Bu səbəbdən 3,5 milyonluq yeni immiqrasiyanı idarə edə bilmir və idarə edə bilməz. Həm də bu səbəbdən, yeni əfqan mühacirləri ciddi bir problem olaraq görür. Bunun üçün əfqan mühacirləri deportasiya edir. Əlbəttə, bu mühacirlər təbii olaraq Türkiyə sərhədində cəmləşirlər.
Bundan başqa köç təkçə əfqanlardan ibarət deyil, xəzərlər də var. Xəzərlər də öz növbəsində, Taliban rəhbərliyinin Tehran rəhbərliyinə verdiyi vədlərə etibar etmir. Bu gün, Taliban hələ Əfqanistana tam hakim deyil. Lakin bölgədə Taliban gücləndikcə digər etnik qruplar, xüsusən xəzərlər daha çox təhlükə hiss edəcəklər.
İkinci məqam budur ki, İrandakı əfqan qaçqınlar rahat deyillər. Üstəlik, bu yeni bir vəziyyət deyil, əfqanlar 1979-cu ildən bəri İrana mühacirət edir. Ancaq iqtisadi, sosial və mədəni cəhətdən İranda rahat yaşaya bilmədilər, çünki İran rejimi buna imkan vermədi. Maraqlısı isə taciklər fars dillidir, təbii ki, onlar İran mənşəlidir. Fars dili Əfqanıstanda rəsmi dil sayılır, nəticə etibarilə, əfqanlar da farsca bilir, lakin buna baxmayaraq, nə taciklər və nə də xəzərlər İranda yaşaya bilmirlər. İran cəmiyyəti əfqanları rədd edir. Bu gün oradakı əfqanların imici çox pisdir. Bu səbəbdən də orada yaşamaq üçün mübarizə aparanların vəziyyəti heç də yaxşı deyil.
Xatırlatmaq yerinə düşərdi ki, illərdir İranda yaşamasına baxmayaraq, əfqanlara uzun müddətli yaşayış icazəsi verilmədi, bundan əlavə, orada doğulub böyüyən uşaqlar təhsil hüququndan məhrum qaldılar..
Bir sözlə, İranda yaşayan əfqanlar özlərini rahat hiss etmir. Qeyd etdiyim səbəblərdən də İranı tərk etmək istəyirlər. Belə ki, İran Miqrasiya Agentliyinin verdiyi məlumatda pandemiya dövründə səkkiz yüz mindən çox əfqan mühacirin İranı tərk edərək öz ölkələrinə qayıtdığı da bildirilir.
Bu gün axın edən mühacirlər təkcə əfqanlardan ibarət deyil, araşdırmalara görə, onların içində, taciklər, xəzərlər, puştunlar və başqa millərlər də var. Xəzərlər gəldikdə isə, qeyd etdiyim kimi, şiə olduqları üçün ölkədən qaçırlar və ehtimal ki, Taliban hücumuna məruz qalacaqlar. Amma onlar İranda da qalmırlar, Türkiyəyə gəlirlər. Çox güman ki, bu qədər uzun yolu qət etmək istəmələrinin əsas səbəbi Avropaya getmək planlarıdır. Ancaq mühacirlərlə bağlı qardaş Türkiyəni çətin günlərin gözlədiyindən narahat olmamaq əldə deyil.
Taliban şiələri qeyri-İslam olaraq görür və bununla da kifayətlənmir, ölkədəki müxtəlif məzhəblərin üzvlərini də problem kimi görür. Elə 1994 -cü ildə Taliban hərəkətə keçəndə özlərinə bənzəməyənləri xaric edərək digər məzhəb üzvlərini də öldürmüşdülər.
Fikrimcə, şiə olanlara və digər məzhəblərə qarşı bəzi hücumlar olacaq. Məhz, bu səbəbdən, mühacirlər arasında daha çox fərqli məzhəb üzvlərinin olması normal haldır.