AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Ədliyyə Nazirliyi qanunvericiliyin təkmilləşdirilməsi işində fəal iştirak edir

  • + A
  • - A
  • 27-08-2021, 19:51


    Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə aparılan hərtərəfli islahatlar respublikamızın davamlı sosial-iqtisadi tərəqqisinə, əhalinin rifahının yüksəldilməsinə xidmət edir. Bununla əlaqədar qəbul olunan qanunlar, dövlət proqramları və milli fəaliyyət planları, uzunmüddətli strategiyalar ölkə həyatının bütün sahələrini əhatə edir.
    Qanunvericilik bazasının təkmilləşdirilməsi prosesində daim fəal iştirak edən Ədliyyə Nazirliyi qüvvədə olan qanunvericiliyin yeni qəbul olunmuş hüquqi aktlara uyğunlaşdırılması işini, qanunvericilik aktlarının hüquqi ekspertizasını həyata keçirir, hüquqi rəylər verir, yeni qanun layihələri hazırlayır, hüquqi aktların dövlət reyestrini aparır.
    Ədliyyə nazirinin müavini Azər Cəfərovun sədrliyi ilə nazirliyin aidiyyəti işçiləri ilə keçirilmiş müşavirədə bu sahədə görülən işlər və qarşıda duran vəzifələr müzakirə olunub.
    Nazir müavini dövlət başçısının həyata keçirdiyi genişmiqyaslı islahatların ictimai münasibətlərin bütün sahələrini əhatə etdiyini, bununla əlaqədar yeni mühüm qanunların qəbul olunduğunu vurğulayıb, Ədliyyə Nazirliyinin əsas səylərinin sosial, mülki, iqtisadi sahələrdə, həmçinin ədliyyə orqanlarının və məhkəmələrin fəaliyyətinin müasir çağırışlara uyğun hüquqi tənzimlənməsinin təkmilləşdirilməsinə yönəldiyini qeyd edib.
    Nazirliyin Qanunvericilik baş idarəsinin rəisi Adil Əliyev ölkə Prezidentinin fərman və sərəncamlarında, Nazirlər Kabinetinin qərarlarında və yuxarı dövlət orqanları tərəfindən verilmiş tapşırıqlara əsasən qanunvericiliyin təkmilləşdirilməsi üzrə görülən işlər barədə məlumat verib.
    Bildirib ki, cari ildə nazirlik tərəfindən hazırlanmış yeni hüquqi akt layihələrinin sayı 1.500-ü ötüb, 1.600-dən artıq akt hüquqi ekspertizadan keçirilib. Böyük əksəriyyətini iqtisadi və sosialyönümlü məsələləri əhatə edən həmin layihələr hazırlanarkən onların sui-istifadəyə məruz qalmasına dair ekspertizasına, hüquqi-qeyri-müəyyənliklərin aradan qaldırılması və inzibati prosedurların dəqiq müəyyən edilməsi, insan hüquq və azadlıqları əsas meyar kimi rəhbər tutularaq beynəlxalq hüquqi sənədlərə uyğunluğuna xüsusi diqqət yetirilib.
    Tədbirdə Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə xalqımızın Vətən müharibəsində Böyük Qələbəsi xüsusi vurğulanaraq müharibə qəhrəmanlarının sosial təminatları, onlara güzəştli imtiyazların müəyyən edilməsi, Vətən uğrunda həlak olanların xatirəsinin əbədiləşdirilməsi, tarix və mədəniyyət abidələrinin qorunması, gənclərdə vətənpərvərlik, milli və ümumbəşəri dəyərlərə hörmət hisslərinin, dövlətçilik prinsiplərinə sadiqliyin gücləndirilməsi və digər məsələlərlə bağlı qanunvericiliyə dəyişikliklərin edildiyi bildirilib.
    Bundan əlavə, açıq hökumətin təşviqinə, şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizəyə dair milli fəaliyyət planları və digər dövlət proqramlarında müəyyən olunan vəzifələrə uyğun olaraq dövlət xidmətlərinin göstərilməsində innovasiyaların tətbiqi, ictimai iştirakçılığın genişləndirilməsi, həmçinin cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə üzrə qanunvericiliyin təkmilləşdirilməsi üzrə görülən tədbirlər qeyd olunub.
    Dövlət başçısının “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” 2019-cu il 3 aprel tarixli Fərmanın icrası çərçivəsində ədliyyə və məhkəmə fəaliyyətini tənzimləyən çoxsaylı yeni mühüm qanun layihələrinin hazırlanaraq qəbul olunduğu diqqətə çatdırılaraq cari ildə bu sahədə tədbirlərin davam etdirildiyi vurğulanıb.
    Bildirilib ki, məhkəmə sistemi və hüququn aliliyi, mübahisələlərin həlli və digər məsələlərə dair müvafiq fəaliyyət planının icrası çərçivəsində məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar hərracların elektron qaydada təşkili və keçirilməsi ilə bağlı yeni layihələr hazırlanıb. Ölkəmizdə arbitraj institutunun təşviqi məqsədilə UNCİTRAL Model Arbitraj Qanunu nəzərdən keçirilməklə "Beynəlxalq arbitraj haqqında" Azərbaycan Respublikasının Qanununa və Mülki Prosessual Məcəlləyə dəyişikliklərlə bağlı yeni layihələr hazırlanaraq aidiyyəti üzrə təqdim olunub.
    Eyni zamanda kiçik iddialar (sadələşdirilmiş icraat) üzrə prosedur qaydalarının, məhkəmə iddialarının baxılma müddətlərinin, habelə məhkəmə proseslərinin təxirə salınması üzrə maksimum say və təxirəsalınmasının xüsusi hallarının tətbiqi, kommersiya mübahisələri üzrə ilkin iddialarla bağlı müəyyən sənədlərin kağız daşıyıcılarda təqdim olunması ilə bağlı hazırlanmış layihələr artıq qəbul olunub.
    Həmçinin, ədalət mühakiməsinin keyfiyyətinin artırılması və məhkəmə icraatının tam elektronlaşdırılması məqsədilə inzibati xətalar haqqında işlər üzrə məhkəmə icraatının və inzibati məhkəmə icraatının elektron qaydada aparılması ilə bağlı İnzibati Xətalar və İnzibati Prosessual məcəllələrinə müvafiq dəyişikliklərə dair qanun layihələri hazırlanaraq aidiyyəti üzrə təqdim edilib.
    İclasda qanunvericilik fəaliyyətinin dinamik inkişafı nəzərə alınaraq əhalinin hüquqi maarifləndirilməsi üzrə görülən tədbirlər də qeyd olunub.
    Məlumat verilib ki, qanunların mətni ilə vətəndaşların birbaşa sərbəst və təmənnasız tanış olmasına kömək məqsədilə cari ildə milli qanunvericiliyin elektron bazalarına 1.700-dən çox sənəd daxil edilib və həmin resurslara daxilolmaların sayı 1,1 milyonu ötüb. Həmçinin qanunvericiliyin funksionallığı və interaktivliyi ilə fərqlənən yeni vahid elektron bazası (e-qanun.az) insanların rahatlığına xidmət etməklə ondan istifadəni daha da asanlaşdırıb.
    Eyni zamanda, vətəndaşların, xüsusilə şəhid ailələrinin və hərbçilərin müraciətlərinə xüsusi həssaslıqla yanaşılaraq çoxsaylı müraciətləri cavablandırılıb, onları maraqlandıran məsələlər, o cümlədən əmək və ailə münasibətləri, pensiya təminatı, mənzil və torpaq mübahisələri, şəhid, qaçqın və məcburi köçkünlərin hüquqları ilə bağlı müvafiq qanunvericiliklərin ətraflı izahı verilib.
    İclasda görülmüş işlərlə yanaşı, qarşıda duran vəzifələr müzakirə olunaraq konkret tədbirlər müəyyən edilib.
    Müşavirəyə yekun vuran nazir müavini ölkədə müasir çağırışlara uyğun həyata keçirilən davamlı sosial-iqtisadi və hüquqi islahatların yeni hüquqi aktların qəbul olunmasını şərtləndirdiyini, bununla əlaqədar nazirliyə daxil olan sənədlərin sayının artmasını nəzərə alaraq bu sahədə işin səmərəliliyinin və keyfiyyətinin yüksəldilməsi, qanunvericilik aktlarının hüquqi ekspertizası aparılarkən qabaqcıl xarici təcrübələrdən yararlanmaya, təqdim olunan layihələrin qanunvericilik aktlarının tələblərinə uyğunluğuna, onların sui-istifadəyə məruz qalmasına diqqətin, eləcə də hüquqi boşluqların və ziddiyyətlərin aradan qaldırılması məqsədi ilə təşəbbüskarlığın artırılması ilə bağlı və digər zəruri tapşırıqlar verib.






    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR