Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva avqustun 26-da şəhid ailələrinə və müharibə əlillərinə yeni mənzillərin və avtomobillərin təqdim olunması mərasimində iştirak etdilər. Mərasimdən bir gün əvvəl, dövlətimizin başçısı “Azərbaycan Respublikasının Vətən Müharibəsi Qəhrəmanlarının və onların ailə üzvlərinin sosial-məişət şəraitinin yaxşılaşdırılması haqqında” Sərəncam imzaladı. Abşeron rayonunda inşa olunmuş yeni yaşayış kompleksində şəhid ailələrinə, müharibə əlillərinə və Vətən Müharibəsi Qəhrəmanlarına 300 mənzil, həmçinin müharibə əlillərinə 50 avtomobil təqdim edildi. Statistik rəqəmlərin quru dili bu sahədə görülən işlərin miqyası barədə müəyyən təsəvvürün yaranmasına imkan versə də, heç bir statistik göstərici bu işlərin arxasında dayanan əməyin, çəkilən zəhmətin ölçüsünü göstərmək üçün yetərli olmur. Bu tədbirlərin dövlət siyasətinə və ilk növbədə, dövlət başçısının siyasi iradəsinə, öz vətəndaşına həssas münasibətinə, xüsusi qayğısına bağlı olduğunu da həmin rəqəmlər çatdırmaq gücündə deyil.
Bu fikirləri Azadmedia.az-a açıqlamasında Milli Məclisin deputatı Ülvi Quliyev deyib. O qeyd edib ki, şübhəsiz Vətən uğrunda canını fəda edən, sağlamlığını itirən vətəndaşın qayğısına qalmaq, onların məişət şəraitini maksimum dərəcədə yaxşılaşdırmaq istənilən sivil dövlətin hədəfləri sırasında prioritet ola bilər və əslində, olmalıdır: “Lakin dünya təcrübəsinə, ən azından yaxın qonşularımıza diqqət yetirsək, görərik ki, ölkəmizdən fərqli olaraq, onların bir çoxunda bu cür təcrübə və yaxud bu miqyasda görülmüş işlər yox səviyyəsindədir. Bəzi dövlətlər belə tədbirlərlə bağlı niyyətlərini ifadə etsələr də, reallıqda bu, niyyət olaraq da qalır, sonda əməl sözü tamamlamır. Sözsüz ki, müharibədən çıxmış bir ölkə üçün, xüsusilə pandemiya dövründə bu işlərin görülməsində iqtisadi imkanların rolu danılmazdır. Erməni vəhşiləri tərəfindən yerlə-yeksan edilən Qarabağda ölkəmizin Prezidentinin start verdiyi misli görünməmiş bərpa və quruculuq işlərinə diqqət yetirdikdə, bir daha əmin oluruq ki, bunun üçün təkcə iqtisadi imkanlar yetərli deyil. Bundan da vacib olanı siyasi iradə, vətəndaşın dərdini qəlbən bölüşmək və qəlbən onun qayğısına qalmaq istəyidir. Bu miqyasda işləri yalnız iqtisadi dayanıqlığını təmin etmiş və sözün əsl mənasında, siyasi-iqtisadi cəhətdən müstəqil olan ölkə həyata keçirə bilər. Çox uzaqlara getmədən, fərqli mənzərənin nədən ibarət olduğunu görmək elə də çətin deyil. Torpaqlarımız azad edildikdən sonra Qarabağda qanunsuz məskunlaşan ermənilərin bir qismi İrəvana sığınıblar. İnternet resurslarını və Ermənistanın öz mətbuatını izlədikdə görürük ki, orada ucuq-sökük yataqxanalara yerləşdirilən erməni ailələrini həmin sığınacaqlardan məcburi şəkildə çıxarırlar. Bunu ona görə edirlər ki, onların yerində xarici tələbələri yerləşdirsinlər. Xarici tələbə öz soydaşından üstün tutulur. Bu, 30 il ərzində ölkəmizə qarşı işğalçılıq siyasəti yürütmüş Ermənistan adlı dövlətin və onun bütün hakimiyyətlərinin çoxdan aşılanmış mənəvi dəyər göstəricisidir. Dəyərlər fərqi ondadır ki, 1997-2021-ci illər ərzində şəhid ailə üzvlərinə Azərbaycanda 10 min 500 mənzil və fərdi ev verilib. Növbəti beş ildə həmin ailələrə 11 min yeni mənzilin verilməsi nəzərdə tutulur. Hətta ötən il, müharibə və pandemiya dövründə şəhid ailələrinə və müharibə əlillərinə 1572 mənzil təqdim olunub, bu il isə onlara əlavə olaraq 3 min mənzil veriləcəkdir. Ötən illər ərzində qazilərimiz, müharibə əlilləri 7200-dən çox minik avtomobili ilə təmin olunub. Vətəndaş öz Prezidentinin dilindən eşidəndə ki, “Bu işləri Azərbaycan öz vəsaiti hesabına edir, heç kimə möhtac deyil, heç kimdən yardım istəmir, öz hesabına edir və edəcək”, heç şübhəsiz, etdiyi fədakarlığa görə yalnız mənəvi rahatlıq tapır, mənsub olduğu güclü və müstəqil Azərbaycan dövləti ilə qürur duyur. Azərbaycan vətəndaşı bir daha əmin olur ki, etimad göstərdiyi Prezidenti sözdə deyil, əməldə onun yanındadır və bu, inanaraq güvəndiyi dövlət başçısının ruhən bağlı olduğu mənəvi dəyərlərdən irəli gələn seçimidir. Sözsüz ki, ali hakimiyyətin imza atdığı bu cür davranış nümunələri həm də ictimai münasibətlərin sağlam təməllər üzərində inkişafına, vətəndaş və hakimiyyət arasındakı qarşılıqlı inamın daha da möhkəmlənməsinə xidmət edir”.
Deputat qeyd edib ki, Prezident İlham Əliyev şəhid ailələrinin, müharibə əlillərinin və Vətən Müharibəsi Qəhrəmanlarının nümayəndələri ilə budəfəki görüşündə bəzi xarici ünvanlara növbəti dəfə mühüm mesajlar göndərib. Bunlardan biri müsəlman ölkələrinin rəhbərlərinə yönəlmişdi: “Ancaq bu gün qeyd etdiyim kimi, bütün dünya erməni vəhşiliyini görür. Görür ki, ermənilər bizim məscidlərimizi dağıdıblar, 60-dan çox məscid dağıdılıb. Ermənilər bizim məscidlərimizdə inək, donuz saxlayıblar. Bu, bütün müsəlman aləminə təhqirdir. Bir daha sizin qarşınızda bütün müsəlman ölkələrinin rəhbərlərinə üz tutaraq deyirəm, bunu heç vaxt unutmayın, buna göz yummayın, görməzliyə vurmayın”. Ermənilərin bu cür naqis əməllərini görə-görə gözləri qapananlar, hətta onların bu naqisliyinə baxmayaraq, ermənilərə məlhəmlik edənlər, Prezidentimizin bu çağırışından sonra bilməlidirlər ki, heç nə, səhvlərindən və yanlış addımlarından heç biri dövlətimiz üçün gizli qalmır, xalqımız da bütün bunları görür və hər kəsin əməlinə görə layiq olduğu dəyərini verir. Prezidentin növbəti mesajı vaxtilə münaqişənin qansız-qadasız, danışıqlar masasında həllini öz üzərinə götürmüş məlum ünvanlara idi: “Bu, hərbi cinayətdir. Bu hərbi cinayətə görə təkcə Ermənistan yox, o cinayətlərə göz yuman da məsuliyyət daşıyır”. Zamanında erməni vəhşiliyini görməyənlər və ya görmək istəməyənlər, Ermənistan tərəfindən Azərbaycan ərazilərində qanunsuz məskunlaşdırma aparılmasına qarşı cınqırını belə çıxarmayanlar, BMT qətnamələrinin altındakı imzalarını unudanlar da bu mesajdan sonra bilməlidirlər ki, etibara və inama vurulan yaralar ya sağalmır, ya da bunun üçün onların düşündüklərindən də uzun zamana ehtiyac yaranır. Qələbəmizin qorunması və gələcək nəsillərimiz naminə bizlər isə şahidi olduğumuz bütün bu həqiqətləri unutmamalıyıq”.
Deputat Ü.Quliyev diqqətə çatdırıb ki, dövlətimizin başçısı İlham Əliyev görüşdə beynəlxalq aktorlarla yanaşı, cəmiyyətimizin də diqqətlə yanaşmalı olduğu bir məqamı xüsusi vurğuladı. Bu, işğaldan azad olunmuş ərazilərimizlə bağlıdır: “Mən görürəm, bəzi xarici mətbu orqanlarında deyilir ki, Azərbaycan yeddi rayonu azad edib. Bu, həqiqətə uyğun deyil. Yeddi rayonu azad edib, amma bununla bərabər Şuşa şəhərini azad edib, bununla bərabər Hadrutu azad edib, bununla bərabər Xocavənd rayonunun 60 faizini azad edib, Suqovuşan qəsəbəsini azad edib. Ona görə biz yeddi rayondan daha çox ərazini azad etmişik. Bu ərazilərin strateji əhəmiyyəti göz önündədir. Hər kəs xəritəyə baxıb görə bilər ki, Azərbaycan hakim strateji nöqtələrə sahibdir, istər Qarabağ bölgəsində, istər Azərbaycan-Ermənistan sərhədində”. Prezidentimiz bu ismarıcı ilə regionumuza marağını gizlətməyən beynəlxalq oyunçulara faktiki olaraq çatdırdı ki, bölgədə artıq yeni reallıq yaranıb. Ona görə də, keçmiş gündəliyi diriltməyə çalışan Ermənistan və ona hamilik edənlər birdəfəlik bilməlidirlər ki, reallıqla uzlaşmayan bu cür cəhdləri mənasız və əbəsdir. Bunun eynilə son 30 ildəki kimi, növbəti vaxt itkisinə hesablandığı dövlətimiz və cəmiyyətimiz üçün də artıq sirr deyil. Yeni reallığın vacib tərkib hissələrindən biri də budur ki, sovet hökumətinin keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin yaradılması ilə bağlı 1923-cü il 7 iyul tarixli ədalətsiz qərarının üzərindən çalın-çarpaz xətt çəkilib. Prezident İlham Əliyevin yeni reallığa uyğun olmaqla yanaşı, tarixi ədalətin bərpasına xidmət edən 2021-ci il 7 iyul tarixli Fərmanı ilə yaradılan Qarabağ və Şərqi Zəngəzur iqtisadi zonalarında bərpa və quruculuq işlərinə artıq start da verilib. Dövlətimizin başçısının istər müharibə günlərində, istərsə də müharibədən sonra verdiyi müsahibələrdə və çıxışlarında üzərində dayandığı bir məqama xüsusi toxunmaq istəyirəm. Prezident İlham Əliyev budəfəki görüşündə də bir daha vurğuladı ki, Vətən müharibəsində Qələbə xalqımız və dövlətimiz üçün nə qədər vacib idisə, dövlət başçısı və Ali Baş Komandan olaraq itkilərimizin mümkün qədər az olması onun üçün bir o qədər vacib idi. Bu, sözdə ifadə edilən bir bəyanat deyil, Müzəffər Ali Baş Komandanın öz əsgər və zabitinə içdən gələn münasibətinin səmimi təzahürüdür. Avqustun 26-da keçirilən tədbiri televiziya ekranlarından izləyənlərin diqqətindən, inanıram ki, bu epizod da yayınmayıb. Tədbirin sonunda Prezidentimizin yaxınlaşıb ilk görüşdüyü şəxs 20 yaşlı şəhid Fərid Şamilovun atası Mirzə Şamilov oldu. Prezidentin “Oğlunuzun neçə yaşı var idi? “ sualını və “Müharibənin son günündə” cümləsini hansı ürəkağrısı ilə tələffüz etdiyini sezməmək mümkün deyildi... Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa və uzun ömür versin. Onların ruhu və tarixi qələbəmiz naminə birliyimizi bundan sonra daha çox qorumalıyıq, onu daha möhkəm etməliyik. Yalnız belə olan halda, xalq və Prezident birliyinin təcəssümü olan Müzəffər Ali Baş Komandanımızın o dəmir yumruğu düşməni hər zaman səksəkədə saxlayacaq, necə ki, saxlayır. Az müddət sonra bütün dünya onu da görəcək ki, Azərbaycan hərb meydanında haqqını bərpa etməyi bacardığı kimi, erməni vəhşiliyinin izlərini də Qarabağdan və Şərqi Zəngəzurdan silməyə, bu tarixi diyarımızı yenidən cənnətə çevirməyə qadirdir!”.