AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“Ya TƏBİB ləğv edilməlidir, ya da Səhiyyə Nazirliyi, belə idarəetmə olmaz” - ETİRAZ

  • + A
  • - A
  • 2-09-2021, 08:05


    Son günlər koronavirusa yoluxan vətəndaşlar test vermək üçün müraciət etsələr də, onlardan bir həftə, bəzən isə 10 gün ərzində test götürmürlər. Bununla bağlı müraciət edən şəxslərə bildirirlər ki, təcili tibbi yardım həkimlərinin test götürməsi qadağan edilib. Bundan sonra yalnız xüsusi ayrılmış poliklinikalar bu işi həyata keçirəcək. Yəni, vətəndaşın qeydiyyatda olduğu poliklinika da ondan test götürə bilməz.

    Daha bir məlumat isə TƏBİB-in səlahiyyətlərinin azaldılması ilə bağlıdır. Belə ki, TƏBİB yalnız regionlarda koronavirus infeksiyası ilə bağlı məsələlərə cavabdehdir. Paytaxt Bakıda isə bütün səlahiyyətlər Səhiyyə Nazirliyinə verilib. Bunu AYNA-ya TƏBİB-dən də təsdiq ediblər.

    Ölkədə iki alternativ səhiyyə qurumu mövcud olduğu halda baş verənlər ciddi müzakirələrə səbəb olub. Ekspertlər hesab edirlər ki, TƏBİB etimadı doğrultmayıb və səlahiyyətlərinin azaldılması qurumun gələcəkdə fəaliyyət perspektivlərini minimuma endirir. Nəzərə alanda ki, TƏBİB yaranana qədər ölkədə səhiyyə sisteminin idarə edilməsinə yeganə məsul qurum olan Səhiyyə Nazirliyi də yarıtmaz fəaliyyət göstərib, bu əsnada nazirlikdən də ciddi gözləntilər yoxdur.

    İxtisasca həkim olan Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu AYNA-ya açıqlamasında deyib ki, Azərbaycanda səhiyyə sistemində dərin xaos hökm sürür: “Çox təəssüf ki, Azərbaycan səhiyyəsi irəli gedə, müasir dövrün tələbləri ilə ayaqlaşa bilmədi. Paytaxtda və regionlarda müasir standartlara cavab verən tibb mərkəzləri tikilib istifadəyə verilsə də, əhalinin sağlamlığının təmin edilməsi baxımından ciddi uğurları müşahidə etmədik. Uzun müddət Səhiyyə Nazirliyi yarıtmaz fəaliyyəti ilə insanları boğaza yığırdı. Bu gün də ənənəvi fəaliyyətini davam etdirir. Sonradan daha mənasız qurum yaratdılar. TƏBİB guya icbari tibbi sığortaya keçidi təmin etməli idi. Nə icbari tibbi sığorta tətbiq edildi, nə də səhiyyə sahəsində hər hansı islahat oldu”.

    ADP sədrinin sözlərinə görə, vətəndaşlar evlərində ağır vəziyyətdə həkim gözləyirlər: “Bunlar isə ölkə səhiyyəsini elə bərbad günə salıblar ki, nə edəcəklərini bilmirlər. Azərbaycanda səhiyyə işinin təşkili yox səviyyəsindədir. Təbii ki, belə olduğu halda vətəndaşın səhiyyə strukturlarına, o cümlədən hökumətə olan inamı sıfıra enəcək. Zatən, bu inam onsuz da yox səviyyəsində idi. Hesab edirəm ki, hökumət məsələyə təcili müdaxilə etməlidir. Əhaliyə dediniz ki, “gedin peyvənd vurdurun” - vurdurdular, “maska taxın” - taxdılar, indi günahkar yenə əhalidir? İlk növbədə səhiyyə sistemində təcili islahatlar həyata keçirilməlidir. Ya TƏBİB ləğv edilməlidir, yada Səhiyyə Nazirliyi. Ümumiyyətlə TƏBİB-i niyə yaratdılar ki?! Mənası nə oldu?!”.

    Cəlaloğlu payız aylarında yoluxma sayının daha da artacağını proqnozlaşdırır: “Hər kəsə məlumdur ki, payız aylarında yoluxucu xəstəliklərin sayı artır. Hələ biz yay fəslini bitirməmişik. Bu qədər yoluxma var. Payızda vəziyyət daha kritik olsa, nə edəcəyik? Bir daha deyirəm, hökumət vəziyyətə təcili müdaxilə etməlidir”.

    Azərbaycan Tibb Universitetinin yoluxucu xəstəliklər kafedrasının dosenti, infeksionist-həkim Vüqar Cavadzadə AYNA-ya şərhində söyləyib ki, hazırda yayılan “Delta” ştammı daha çox insanı yoluxdurur: “Bu barədə əvvəlcədən məlumat verilmişdi. Deyilmişdi ki, “Delta” ştammı daha çox yoluxdurucudur. Azərbaycana gələndə artıq hər kəs buna hazır olmalıydı. Əslində, baş verənlər gözlənilən idi. Ölümlərin çoxalmasına gəldikdə isə, nə qədər çox adam virusa yoluxursa, bir o qədər də ölüm sayı artır. Bu, təbiidir. Lakin bir məsələ var ki, bundan öncəki ştamlar daha çox yaşlı və yanaşı xəstəlikləri olan insanları hədəf seçirdisə, bu ştamda yaş fərqi yoxdur. Gəncləri, uşaqları, hətta körpələri də yoluxdurur. Bu mənada daha diqqətli olmalıyıq”.

    Həkimin bildirdiyinə görə, pandemiyanın bitəcəyi tarixi heç kim proqnozlaşdıra bilməz: “Lakin ilkin olaraq ehtimallar irəli sürmək olar ki, pandemiya bir-iki il də davam edəcək. “Delta” ştammı hazırda alovlanma mərhələsindədir. Bir-iki ay davam edəcək, sonra sönəcək. Xüsusən məktəblərin açılmasından sonra yoluxma sayının artacağı gözlənilir. Digər yandan payız fəslinin gəlişi də buna öz təsirini göstərəcək”.

    “Hesab edirəm ki, xüsusi təşvişə ehtiyac yoxdur. Zatən, təşviş heç nəyi dəyişmir. Mümkün qədər hər kəs qorunmalıdır. İzolasiya tədbirləri, sosial məsafə, sanitar-gigiyenik qaydalar və digər bu qəbildən olan qaydalara əməl etməliyik. Eyni zamanda təmasları minimuma endirməliyik. Çünki hazırda alovlanan ştamm qeyd etdiyim kimi, daha çox yoluxdurucudur”, - deyə Cavadzadə vurğulayıb.

    Sonda infeksionist əhaliyə çağırış etməyə də unutmayıb: “Bəzən peyvəndlərlə bağlı nikbin olmayan fikirlərə rast gəlirik. Lakin vaksinasiya olunmaq heç olmasa xəstəliyi yüngül keçirməyə səbəb olur. Bu mənada hər birimiz çalışmalıyıq ki, peyvənd olunaq”.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR