Nəsib Məhəməliyev: “Bu layihə “Bir millət, iki dövlət” prinsipini özündə tam əks etdirir”
Xəbər verdiyimiz kimi, Türkiyə Müdafiə Nazirliyi Azərbaycanla “Qardaş briqada” layihəsinə strat verdiyini bildirib.
Türkiyə ilə hərbi əməkdaşlığın bu şəkildə inkişafı Azərbaycan ordusunun yaxın gələcəyinə nə vəd edir? Türkiyə ilə hərbi əməkdaşlıq Azərbaycanın regiondakı şəriksiz hərbi üstünlüyünü qorumaq baxımından nə dərəcədə önəmlidir?
Veteran.gov.az-a açıqlama verən millət vəkili Nəsib Məhəməliyev Türkiyə ilə hərbi əməkdaşlığın mühüm əhəmiyyətə malik olduğunu qeyd edib:
“Türkiyə Müdafiə Nazirliyinin “Qardaş briqada” layihəsinin məqsədi, Azərbaycanla birlikdə qarşılıqlı fəaliyyəti, döyüş təlimlərinin planlaşdırılması və idarəetmənin uyğunlaşdırılması ilə bağlıdır.
Bildiyiniz kimi, cari ilin iyun ayının 15-də Azərbaycan və Türkiyənin Prezidentləri İlham Əliyevlə Rəcəb Tayyib Ərdoğan arasında tarixi “Şuşa Bəyannaməsi” imzalandı. Həmin bəyannamənin əsas müddəalarından birində hərbi sahədə əməkdaşlıq, müttəfiqlik, Azərbaycan Silahlı Qüvvələrinin Türk Ordusuna uyğunlaşdırılması məsələsi nəzərdə tutulur. Tərəflərdən hər birinin ərazi bütövlüyünə, suverenliyinə təhdid yarandıqda vahid mövqedən çıxış etmə öhdəliyi götürülür. Yaşadığımız Cənubi Qafqaz regionu müasir geosiyasi baxımdan maraqların toqquşduğu, mürəkkəb bölgə hesab olunur. Eyni zamanda, dövlət siyasətini tarixi türk-Azərbaycan düşmənçiliyi üzərində qurmuş, xəstə təxəyyüllü Ermənistan kimi işğalçı qonşunun olması, hər an stabil, güclü döyüş qabiliyyətinə malik ordunun olmasını şərtləndirir. Onu da etiraf etmək lazımdır ki, son illər dünyada beynəlxalq hüququn deqradasiyası baş verir, bir çox qərarların qəbulunda ikili standartların tətbiqi, sivilizasiyalar arası, təbii sərvətlər uğrunda gərgin mübarizə gedir. Nəticə olaraq, bir çox ölkələrdə, əsasən müsəlman ölkələrində müharibələr, dağıntılar baş verir. Milyonlarla insan öz yurdlarından qaçmaq məcburiyyətində qalırlar. Belə faciələrin olmaması üçün ilk növbədə daxili sabitliyin qorunması, milli birliyin, iqtisadi inkişafın təmin olunması, ən müasir silahlarla təchiz olunmuş güclü ordunun olması əsas şərtdir. Vətən müharibəsi bir daha göstərdi ki, bütün bunlar olmadan böyük Qələbədən danışmaq mümkün deyil. Mürəkkəb geosiyasi şəraitdə, 200 il ərzində itirdiklərimizi cəmi 44 gün ərzində işğaldan azad etmiş Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun əldə etdiyi nailiyyətlər bunu bir daha təsdiq etdi.
Bugünkü reallıq ondan ibarətdir ki, Ermənistan müharibədə acı məğlubiyyətə uğramasına baxmayaraq, sülh müqaviləsini imzalamağa tələsmir və regionda gərginliyin saxlanılmasında maraqlı qüvvələr də öz ənənəvi siyasətlərini davam etdirməkdədirlər. Belə olan halda, hər zaman Silahlı Qüvvələrin daha da təkmilləşdirilməsi, operativ döyüş qabiliyyətinin, taktiki və fiziki hazırlın artırılması, beynəlxalq şəraitə və şərtlərə uyğun innovativ təcrübələrin sınaqdan keçirilməsi olduqca vacib məsələlərdəndir. Bu baxımdan qardaş Türkiyə Silahlı Qüvvələri ilə birlikdə həyata keçirilən “Qardaş briqada” layihəsi son dərəcə əhəmiyyətlidir və “Bir millət, iki dövlət” prinsipini özündə tam əks etdirir”.