Səfir: “Azərbaycan və Türkiyə prezidentləri Bakıda gələcək planlarını cızacaqlar”
Azəbaycanın Ankaradakı səfiri Xəzər İbrahim Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Bakıya rəsmi səfərini dəyərləndirib.
AZTB.info-nun APA-ya istinadən məlumatına görə, səfir “Anadolu” agentliyinə açıqlamasında bildirib ki, bu gün Türkiyə prezidenti Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin açılışı mərasimində iştirak edəcək. “Bu dəmir yolu ilə xətti Çinlə Londonu birləşdirəcək”, - deyə X. İbrahim vurğulayıb.
Diplomat qeyd edib ki, sabah hər iki ölkə başçısının iştirakı ilə Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının növbəti toplantısı keçiriləcək.
“Türkiyə Azərbaycanın strateji tərəfdaşı olan qardaş ölkədir və biz qardaş ölkəyə güvənirik. Ölkələrimiz arasında əməkdaşlıq dinamik şəkildə inkişaf edir. Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının növbəti toplantısında qlobal əhəmiyyətə malik olan məsələlər və layihələr müzakirə olunacaq. Müzakirələrə əsasən ölkə başçıları gələcək planlarını cızacaqlar”, - deyə səfir bildirib.
İqtisadi əməkdaşlığa toxunan diplomat deyib ki, Yaxın Şərqin və Cənub-Şərqi Avropanın ən iri iqtisadiyyatına malik olan ölkə ilə Cənubi Qafqazın lideri arasında ticarət dövriyyəsi artır: “Nəticədə yeni regional reallıqlar yaranır”.
Hərbi sahədə əməkdaşlığa gəlincə, X. İbrahim bunu deyib: “Dünyanın ən güclü ordularından birinə malik olan Türkiyə ilə regionun ən müasir ordusuna sahib olan Azərbaycan arasında əməkdaşlığın genişləndirilməsi Qara dənizdən Xəzər dənizinədək əhatə edən ərazidə təhlükəsizliyə əhəmiyyətli töhfə verir”.