Politoloq Ülkər Piriyeva - Azərbaycanın hərtərəfli siyasi, iqtisadi və hərbi gücü onu göstərir ki, dövlətimiz istənilən an Ermənistana öz iradəsini diktə edə bilər
Politoloq Ülkər Piriyeva- Avqust ayında Qubadlı istiqamətində Azərbaycan Ordusunun əsgərinin iki erməni hərbçisi tərəfindən hücuma məruz qalmasından sonra Gorus-Qafan avtomabil yolunun Azərbaycan ərazisindən keçən hissəsi qapadılaraq yolda qalan nəqliyyat vasitələri buradan evakuasiya olunmuşdu.
Bu barədə mətbuata açıqlama verən Ermənistan ombudsmanı Arman Tatoyan ərazidə qalan mülki nəqliyyat vasitələrinin çıxarılmasına Azərbaycan tərəfinin icazə verdiyini, ancaq yolun qapalı saxlanıldığını bildirmişdi. O, eyni zamanda qeyd etmişdi ki, bu səbəbdən Rusiya sərhədçiləri Azərbaycanla danışıqlar aparır.
Belə ki, Gorus-Qafan yolunda bir azərbaycanlı sərhədçimizə edilən hücum barədə məlumatlardan sonra bu yol qapadılmışdı.
Ermənistan mətbuatının məlumatına görə, Gorus-Qafan yolunun bağlanması ilə Ermənistandan İrana gedən yol da bağlanaraq yüzlərlə maşın yolun hər iki tərəfində hərəkətsiz qalmışdı.
Bununla yanaşı, Nikol Paşinyanın mətbuata - “Azərbaycan tərəfi yolu, Sovet Ermənistanı xəritələrinə əsasən, Ermənistan ərazisindən xaric olan hissələrdə kəsib və bunun səbəbi kimi erməni hərbçiləri tərəfindən Azərbaycan sərhədçilərinə hücum edildiyi deyilir. Rəsmən bəyan edirik ki, bıçaqlanma haqqında məlumat həqiqətə uyğun deyil və Azərbaycan tərəfində bunun baş verdiyini əsaslandıran məlumat vardırsa, araşdırmaq üçün bizə təqdim etməyə çağırırıq” – deyə yalan açıqlama gətirmişdi.
Bununla yanaşı Ermənistan Müdafiə Nazirliyi də Azərbaycan Dövlət Sərhəd Xidmətinin iki erməni hərbçisi tərəfindən bir azərbaycanlı sərhədçiyə süngü ilə xəsarətlər yetirildiyi haqqında məlumatı yalanlamışdı. Bəli, hər zamankı kimi, ortada etdikləri vəhşilikləri danan ermənistan rəhbərliyi və onun yalanları var idi.
Hazırda, Gorus-Qafan yolu açılıb. Erməni mediası Azərbaycan Ordusunun bir şərtlə yolu açdığını yazmışdı. Bildirilirdi ki, Azərbaycan Ordusu yolda ziqzaqvari bloklar qoymaq istəyini ifadə edib. Bunun səbəbi kimi isə, istənilən mümkün təhlükədən sığortalanmağı göstərib.
Bu gün, Gorus-Qafan yolunda Azərbaycan polisinin nəzarəti gücləndirməsi Ermənistanda təbii ki, gərginlik yaradır. Bundan əlavə, Gorus-Qafan yolunun bağlanması Ermənistanın bir növ olan-qalan iqtisadiyyatının çökməsinə əsaslı səbəbdir. Biz bu reallığı yolun bağlandığı günlərdə ermənistan rəsmilərinin təşvişə düşməsindən də açıq aydın görmüş olduq.
İşğalçı Ermənistana qarşı güclü Azərbaycan ordusu Ali Baş Komandanının rəhbərliyində 44 günlük Vətən müharibəsi dönəmində həddini bildirdi və bugün də Azərbaycanın hərtərəfli siyasi, iqtisadi və hərbi gücü onu göstərir ki, dövlətimiz istənilən an Ermənistana öz iradəsini diktə edə bilər. Necə ki, istədikləri an yolu bağlamışdılar. Gorus-Qafan avtomobil yolu Ermənistanın birbaşa iqtisadi çöküşünə səbəb ola biləcək arteriya damarıdır.
Onu da qeyd etmək yerinə düşərdi ki, bundan dörd həftə əvvəl Azərbaycan İrana məxsus avtomobillərin Qarabağ bölgəsinə qanunsuz səfərləri ilə bağlı Tehrana öz narazılığını bildirmişdi.
Notada son dövrlər dost İran İslam Respublikasına məxsus müxtəlif təyinatlı avtomobillərinin davamlı olaraq rəsmi Bakının icazəsi olmadan Azərbaycanın Qarabağ bölgəsinə giriş-çıxış etməsi ilə bağlı narazılığımız ifadə olunub - XİN-nin yaydığı məlumatda bildirilirdi.
Əlbəttə ki, Azərbaycanı narahat edən bu yoldan Azərbaycanın icazəsi olmadan İranın yük avtomobillərinin müxtəlif təyinatlı yüklər daşıması onlara Ermənistanın və Rusiya sərhədçilərinin şərait yaratması olmuşdu.
Bundan əlavə, Ermənistan tərəfi də həmin yolla Dağlıq Qarabağa Laçın dəhlizindən keçərək hərbçilərini apardığı məlumatları da yayılmışdı.
Hətda Rəsmi Bakı II Qarabağ müharibəsinin başa çatmasından sonra avqustun ortalarında ilk dəfə, Qarabağda Rusiya sülhməramlılarının olduğu ərazilərdə erməni qüvvələrinin qalmasından narazılığını bildirmişdi. Müdafiə Nazirliyi rəsmi açıqlamasında bəyan etmişdi ki, Rusiya Ermənistan silahlı qüvvələrinin bölgədə yerləşdirilməsi hallarına son qoymalıdır.
Qeyd edim ki, Azərbaycanın başqa etirazı da Ermənistanın üçtərəfli bəyanatın şərtlərini pozaraq Naxçıvana gedəcək avtomobil yolunun tikintisinə razılaşmaması idi.
Son olaraq, Azərbaycan Gorus-Qafan yolunun Qubadlının Eyvazlı kəndi ərazisindən keçən hissəsində hərəkəti əvvəlcə sərhəd postlarında beton bloklarla məhdudlaşdırıb, daha sonra yolda polis postu qoyulub.
Bir neçə gündür ki, həmin yoldan keçən İran TIR-ları və tankerləri saxlanılaraq yoxlanılır. Azərbaycan gömrükçülərinin iranlı sürücülərdən yol vergisi tutduqları da bildirilir.
Jurnalist həmin postda saxlanılan iranlı sürücülərdən bəziləri ilə söhbətləşib. Məlum olub ki, onlardan bir çoxu milliyətcə azərbaycanlıdır. Sürücülərdən biri deyir ki, azərbaycanlılar onlardan pul (yol vergisi) almayıblar: "Pul almadılar, dedilər bu dəfə hörmət eliyirıx, gedin, amma gələn dəfə alacağıq.."
Bəli, Gorus-Qafan yolundan keçməklə İrandan Ermənistan (oradan isə Qarabağa) yüklər daşıyan sürücülərin bir çoxu azərbaycanlıdır, güney Azərbaycan sakinləridir.
İrandan qanuni şəkildə gələn tırlara və İran vətəndaşlarına xüsusi bir maneə yoxdur və bu ərazi təbii ki, Azərbaycanındır. Sərhədlərin demarkasiyası və delmitasiyası prosesində buralar Azərbaycan Respublikasının ərazi vahidliyinə düşdüyü üçün rəsmi olaraq buradan keçən TIR-lardan Azərbaycan gömrükçülərinin yol vergisi tutması da təbii haldır.
Ancaq mətbuatda yük daşıyan güney Azərbaycan sakinlərinin sözlərindən də açıq aydın görürük ki, Azərbaycan və Azərbaycan gömrükçüləri öz güneyli qardaşlarına hörmət və ehtiramını hər zaman qoruyur.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.