Əliabbas Salahzadə
Milli Məclisin deputatı
Azərbaycanın qalibiyyətində əhəmiyyətli rol oynayan son 18 ilin uğurlarından geniş bəhs edərək bildirib ki, möhkəm təməl üzərində irəliləyən, hər sahədə təcrübəsi nümunə olan ölkəmiz dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti sayəsində 30 ilə yaxın dövrün işğalına son qoydu, ərazi bütövlüyünü bərpa etdi: “Bu illər ərzində Qələbəni şərtləndirən amillər təmin edildi. Prezident İlham Əliyevin rəhbərliyi ilə son 18 ildə görülmüş işlərin xronologiyasına diqqət yetirmək kifayətdir. Neft siyasətinin məntiqi davamı olaraq qeyri-neft sektorunun inkişafının prioritetliyi atılan addımlarda öz təsdiqini tapır. Dərin islahatlar nəticəsində Azərbaycan sabit, təhlükəsiz ölkə, regionun siyasi, iqtisadi və mədəni mərkəzi, irimiqyaslı enerji, nəqliyyat və infrastruktur layihələrinin təşəbbüskarı və fəal iştirakçısı, Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində etibarlı tərəfdaş, dünya kosmos ailəsinin üzvü, mühüm tranzit qovşağı kimi tanınır və nüfuz qazanıb. Ulu öndər Heydər Əliyevin gələcəyə hesablanmış siyasətinin uğurlu davamı nəticəsində güclü iqtisadiyyat, güclü ordu yaradıldı. Azərbaycanın beynəlxalq münasibətlər sistemində yeri və rolu daha da möhkəmləndi. Xalq-iqtidar birliyi daha da sarsılmaz oldu. Vətənpərvər, torpağa, xalqa bağlı gənclər yetişdi. 44 günlük İkinci Qarabağ müharibəsi görülən işlərin nəticəsi oldu.”
Əliabbas Salahzadə qeyd edib ki, bütün sahələrdə davamlı uğurlara imza atan Azərbaycanın yeganə problemi Dağlıq Qarabağ münaqişəsi idi: “Müharibə şəraitində yaşayan ölkənin qüdrətli iqtisadiyyatı ilə yanaşı, güclü ordusunun olması əsasdır: “Bu illər ərzində ordumuz Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə öz xalqına Qələbəni bəxş etmiş rəşadətli orduya çevrildi. 2003-cü ildən etibarən ordu quruculuğu məsələləri dövlət siyasətinin prioriteti kimi müəyyən olunmuşdur. Planlı və ardıcıl şəkildə görülmüş işlər Azərbaycan ordusunu dünyanın ən güclü 50 ordusu sırasına daxil etdi. Ordumuzun maddi-texniki bazası möhkəmləndirildi, döyüş qabiliyyəti artdı, gənclərimizin milli ruhda tərbiyəsi daha da gücləndirildi. 44 günlük Vətən müharibəsi bu kimi məqamların təqdimatı oldu. Müzəffər Ali Baş Komandanın “Hücum!” əmrinin ölkə ictimaiyyəti, xüsusilə gənclərimiz tərəfindən necə sevinclə qarşılandığı tarixi Zəfərimizdə öz təsdiqini tapdı.”
Millət vəkili onu da bildirib ki, Azərbaycan son 18 ildə dünya birliyinin fəal üzvünə çevrildi: “Dövlətimizin müstəqil siyasəti, qətiyyətli, ədalətə, beynəlxalq hüquqa söykənən mövqeyi onun söz sahibliyini artırdı. Prezident İlham Əliyev Azərbaycanın hərbi qüdrətini möhkəmləndirməklə yanaşı, diplomatik mübarizədə qələbəsini təmin etdi. Azərbaycana qarşı informasiya blokadasını yardı. Cənab İlham Əliyevin xarici ölkələrə səfərlərinin, keçirilən beynəlxalq əhəmiyyətli tədbirlərdə çıxışının mahiyyətində Dağlıq Qarabağ münaqişəsinin əsl mahiyyətini beynəlxalq ictimaiyyətə çatdırması oldu. Dövlət başçısının təkcə 44 günlük İkinci Qarabağ müharibəsinin gedişində xarici mətbuata 30-dan artıq müsahibələrinin hər biri işğalçı Ermənistana və ona havadarlıq edən dövlətlərə tarix, hüquq və milli qürur dərsi oldu.”
Azərbaycanın Zəfəri ilə regionda və dünyada yeni reallıqlar yaratdığını vurğulayan Əliabbas Salahzadə qeyd edib ki, yeni reallıq təkcə Qarabağın bərpası və inkişafını nəzərdə tutmur. Qələbə bütün regiona sülh və davamlı inkişaf imkanını qazandırdı: “Dövlət başçısı İlham Əliyevin yeni iqtisadi və sosial inkişaf strategiyası nəticəsində işğaldan azad edilmiş ərazilərin malik olduğu potensial ölkənin ümumi iqtisadiyyatına istiqamətlənəcək, yeni beynəlxalq və regional nəqliyyat-logistika dəhlizlərinin imkanlarından faydalanmaq Azərbaycanın inkişafına böyük təkan verəcək.”
“Vətən müharibəsində tarixi Qələbəmizlə yanaşı, işğaldan azad edilmiş ərazilərimizdə bərpa və quruculuq işlərinin miqyası da birliyimizi, iqtisadi imkanlarımızı nümayiş etdirir. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qalib Sərkərdə kimi işğaldan azad edilmiş ərazilərimizə səfərləri, bərpa və quruculuq işlərinin geniş miqyas alması harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlını qürurlandırır. Cənab İlham Əliyevin adı tarixə torpaqlarımızın xilaskarı kimi qızıl hərflərlə yazıldı. Dövlət başçısı bu çağırışı edir ki, biz daim irəli baxmalıyıq. Təbii ki, torpaqlarımızın işğaldan azad edilməsi Azərbaycanımızın qarşısında geniş imkanlar açır. Ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə bərpa və quruculuq işləri uğurla başa çatacaq, soydaşlarımız doğma yurd-yuvalarına qayıdacaq, bu ərazilərimizin malik olduğu iqtisadi potensial ölkəmizin dayanıqlı inkişafını təmin edəcək, cənnətməkana çevriləcək Qarabağlı və Şərqi Zəngəzurlu Azərbaycan möhtəşəm uğurları ilə yenə də liderliyini qoruyacaq”,- deyə millət vəkili bildirib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.