Azadmedia.az-ın cənub bürosunun məlumatına görə, 31 dekabr 2021-ci il tarixdə Masallı rayonu Öncəqala kəndində 44 günlük Vətən müharibəsinin Şəhidi Malikov Nurlan Dünyamalı oğlunun anım mərasimi keçirilib.
Belə ki, anım mərasimində Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov və aparatı, YAP Masallı Rayon Təşkilatının fəalları,
Millət vəkili Məşhur Məmmədovun köməkçisi Rəmzi Şahverdiyev, hüquq-mühafizə orqanları, müəssisə və təşkilat rəhbərləri, şəhid ailələri, qazilər və başqaları iştirak ediblər.
Masallı rayonu İcra başçısı Ş.Məmmədov anım mərasimində Müzəffər Ali Baş Komandan Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda Rəşadətli Azərbaycan Ordusunun qalib gəldiyi 44 günlük Vətən müharibəsindən, eyni zamanda, Vətən müharibəsi Şəhidi Malikov Nurlanın keçdiyi həyat yolundan, həmçinin Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarından danışıb və şəhidin hərbi hissə qarşısında qoyulmuş tapşırıqlarının icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyini qeyd edib.
Anım mərasimi iştirakçıları bütün şəhidlərimizin ruhlarına dualar oxuyub, Allahdan onlara rəhmət diləyiblər.
Həmçinin Millət vəkili Məşhur Məmmədovun köməkçisi Rəmzi Şahverdiyev şəhidin ailəsinə millət vəkilinin adından baş sağlığı verib.
Şəhidin ailə üzvləri, kənd sakinləri, qazilər onlara göstərilən diqqət və qayğıya görə Ali Baş Komandan prezident İlham Əliyevə, I xanım Mehriban Əliyevaya və Masallı Rayon İcra Hakimiyyətinin başçısına dərin minnətdarlıqlarını bildiriblər.
Allah bütün şəhidlərimizə rəhmət eləsin.
Ülkər Piriyeva