Abşeronda vətəndaşları aldadaraq onları işlə təmin edəcəklərini deyiblər. Sənədlərini düzəltmək üçün onlara avans olaraq 100 manat da veriblər.
Axar.az “Xəzər Xəbər”ə istinadən xəbər verir ki, Abşeron rayonunda Yolçuyevlər ailəsi dələduzluq faktı ilə üzləşiblər.
Onlar iddia edir ki, Asif və Alim adında iki şəxs onları aldadıb. "Padişah Karqo" MMC-də işləyəcəklərinə dair adlarına VÖEN açıldıqdan sonra onlara küllü miqdarda borc yazılıb.
Zərərçəkmiş Ceyhun Yolçuyev sonradan aldadıldığını başa düşsə də, artıq gec olub.
Zərərçəkmişlərin anası Saatxanım Yolçuyeva deyir ki, övladlarını pandemiya dövründə işsiz qaldıqları vaxt aldadaraq tora salıblar. Onların adına yalandan şirkət açıb yarım milyon borc yazdırıblar. Hadisəni törədən şəxslərlə dəfələrlə əlaqə də saxlayıblar. Ancaq onlar müxtəlif bəhanələr gətiriblər.
Vətəndaşlar onları aldatdığını iddia edən şəxslərdən biri, Asif Quliyevlə telefonla əlaqə saxlayıblar.
Zərərşəkmişlər hadisə baş verən vaxt Bakının Nəsimi rayonu ərazisində kirayədə yaşayırlarmış. Onların adına ümumilikdə yarım milyondan çox borc yazılıb. Məsələ ilə bağlı vətəndaşlar hüquq- mühafizə orqanlarına məlumat veriblər.
Faktla bağlı araşdırmalara başlanılıb.