Milli Prioritetlərin müəyyən edilməsi günün tələbi idi
Anar MƏMMƏDOV
Milli Məclisin deputatı Prezident İlham Əliyevin bu il fevralın 2-də imzaladığı Sərəncamla təsdiq edilən “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” proqramı növbəti 10 il ərzində ölkə qarşısında həlli vacib olan istiqamətləri özündə əks etdirir.
İndiyədək Azərbaycanda sosial-iqtisadi inkişafın təmin olunması məqsədilə çoxsaylı dövlət proqramları qəbul edilərək həyata keçirilmişdir. Bunun sayəsində ölkə iqtisadiyyatı dinamik inkişaf etmiş, əhalinin sosial müdafiəsi xeyli gücləndirilmişdir. Əməkhaqları, pensiyalar, təqaüdlər və müavinətlər artırılmış, yoxsulluğun səviyyəsi minimuma enmişdir. Məqsədyönlü islahatlar sayəsində ölkəmizdə son 17 ildə iqtisadiyyatın həcminin 3 dəfədən çox artması, güclü sosial-iqtisadi infrastrukturun yaradılması da sıradan faktlar deyil. Məhz bunların sayəsində Azərbaycan mövcud maliyyə imkanlarını tarixi maksimuma çatdırmış və yuxarı orta gəlirli dövlətlər qrupunda yerini möhkəmləndirmişdir.
Hazırda dövlətin davamlı inkişafını təmin etmək üçün Azərbaycanda bütün zəruri amillər mövcuddur və bu prioritetlərin müəyyən edilməsi günün tələbidir. Çünki dünyada gedən siyasi-iqtisadi proseslər qarşıya iqtisadiyyatın idarə olunmasının təkmilləşdirilməsi vəzifəsini qoyur. Bu səbəbdən, sənəddə qeyd edildiyi kimi, qlobal iqtisadi reallıqlar, eləcə də yeni inkişaf mərhələsində qarşıya qoyulan məqsədlər ölkənin uzunmüddətli inkişaf vektorunu, əsas sosial-iqtisadi inkişaf istiqamətlərini, eləcə də buna uyğun milli prioritetlərin müəyyən olunmasını tələb edir. Milli Prioritetlər proqramı dövlətin inkişafına və cəmiyyətin rifahına xidmət edən təşəbbüs olmaqla yanaşı, milli maraqlar və strateji planlamanın da vəhdətini təşkil edir. Risklərin azalmasına, sahələrin sürətli inkişafına, həmçinin istiqamətlər üzrə sahəvi prioritetlərin müəyyən olunmasına xidmət edən strateji idarəetmə metodu, eyni zamanda ölkəmizin gələcək inkişaf mənzərəsini də müəyyən edir.
Prezidentin sözügedən sərəncamında qeyd edilir ki, artan iqtisadi güc Azərbaycana Cənubi Qafqazın və ətraf regionların iqtisadiyyatını dəyişməyə qadir böyük layihələrin təşəbbüskarı olmaq imkanı vermişdir. Ölkəmiz regional iqtisadiyyatın lokomotivi olaraq dünyanın enerji təhlükəsizliyinin etibarlı tərəfdaşlarından birinə çevrilmişdir.
Milli Prioritetlərin əsas məqsədi də məhz dövlətin qüdrətli olması və yüksək rifah cəmiyyətinin formalaşmasıdır. Bunun üçün güclü iqtisadiyyatın olması şərtdir. İndiyədək həyata keçirilən uğurlu sosial-iqtisadi islahatlar buna real bünövrə yaratmışdır. Dövlət əhalinin maddi rifahını daha da yaxşılaşdırmaq üçün sosialyönümlü bazar iqtisadiyyatının inkişaf modelini seçmişdir. Prezident İlham Əliyev dəfələrlə bəyan etmişdir ki, aparılan islahatların məqsədi Azərbaycan vətəndaşının sosial rifahının yaxşılaşdırılmasına yönəlib. Bunu artıq neçə ildir dövlət büdcəsində gəlirlərin xərclənməsindəki dinamikadan aydın görmək olur.
Bu baxımdan Milli Prioritetlər mühüm dövlət konsepsiyasıdır və bu konsepsiyanın reallaşması bir çox dövlət orqanları qarşısında mühüm vəzifələr qoyur. Təsdiqlənən sənədə əsasən növbəti onillikdə ölkənin sosial-iqtisadi inkişafına dair beş Milli Prioritet reallaşdırılmalıdır: dayanıqlı artan rəqabətqabiliyyətli iqtisadiyyat; dinamik, inklüziv və sosial ədalətə əsaslanan cəmiyyət; rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanı; işğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış; təmiz ətraf mühit və “yaşıl artım” ölkəsi. Sənəddə dinamik, inklüziv və sosial ədalətə əsaslanan cəmiyyətin bütün üzvlərinin sosial rifahı nəzərə alınır. Qarşıya qoyulan hədəfə çatmaq üçün əməkhaqlarının artırılaraq layiqli səviyyəyə çatdırılması, qadınların iqtisadi imkanlara çıxışının yaxşılaşdırılması, muzdla işləyənlərin sayında özəl sektor üzrə işəgötürənlərin payının üstünlük təşkil etməsi, gəlirlərin ədalətli bölünməsinin təmin olunması, eləcə də əhalinin aşağıgəlirli təbəqəsinin sosial-iqtisadi rifahının artırılması prioritet kimi göstərilib.
Məlumdur ki, Azərbaycan iqtisadi cəhətdən güclü, beynəlxalq aləmdə sözü keçən bir dövlət olmasaydı 44 günlük müharibəni belə unudulmaz qələbə ilə başa vura bilməzdik. Prezident İlham Əliyev də çıxışlarında dəfələrlə vurğulayıb ki, iqtisadi müstəqilliyimiz bizə müstəqil xarici siyasət aparmağa imkan yaradır. Bu üzdən milli prioritetlərdə iqtisadiyyatın inkişafına xüsusi önəm verilir. Çünki iqtisadiyyatı davamlı və yüksək templə artırmaqla adambaşına düşən milli gəlirin yüksək səviyyəyə qalxmasına da nail olmaq mümkündür. Bunun üçün isə ölkədə bazar iqtisadiyyatı ilə bərabər, sahibkarlıq da inkişaf etməlidir. Dövlət bugünədək də sahibkarlığın inkişafına böyük dəstək verib. İndi də qeyri-neft sektorunun inkişafında sahibkarlığın rolunun artmasına əlavə dəstək göstərməyi qarşıya məqsəd qoyub.
Sonda onu qeyd edim ki, bu Prioritetlər qarşıdakı on il ərzində sosial ədalətə əsaslanan idarəetmənin formalaşdırılması ilə iqtisadiyyatın hərtərəfli və dayanıqlı inkişafını stimullaşdıracaq, vətəndaşların sosial rifahını daha da yaxşılaşdıracaq.
www.AzadMedia.az
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR