YAP Nərimanov rayon təşkilatı və Dəmir Yolu və Metropoliten üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi tərəfindən 2 Fevral Gənclər Günü ilə bağlı birgə tədbir keçirilib.
Azadmedia.az xəbər verir ki, 31 yanvar 2022-ci il tarixdə Dəmir Yolu və Metropoliten üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin akt zalında baş tutan tədbirdə Mərkəzin direktoru Zülfüqar Əsgərov, YAP Nərimanov rayon təşkilatının baş məsləhətçisi Nərminə Qədirova, həmçinin, Mərkəzin müəllim və şagird heyəti iştirak edib.
İlk öncə 2 fevral Gənclər Gününə həsr olunmuş video-çarx qonaqlara təqdim olunub.
Tədbirdə Dəmir Yolu və Metropoliten üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin direktoru Zülfüqar Əsgərov çıxış edərək, görüşdə iştirak edən gənclərin simasında bütün Azərbaycan gənclərini bu gün münasibətilə təbrik edib və bildirib ki, “Ümummilli lider Heydər Əliyev xalqın təkidi ilə yenidən hakimiyyətə gəldikdən sonra gənclər ölkəmizin sosial-iqtisadi inkişafının aparıcı qüvvəsinə çevrilib. Bunun nəticəsidir ki, bugünkü Azərbaycan gəncləri də dövlət gənclər siyasətinin həyata keçirilməsində, Prezident İlham Əliyevin sərəncam, tapşırıq və tövsiyələrinin icrasında fəal mövqe tuturlar. Buna əyani sübut olaraq, Vətən müharibəsində Azərbaycan gəncliyinin torpağa bağlılığı, yurd sevgisi, gücü-qüvvəsi, nəyə qadir olduqları açıq şəkildə nümayiş olundu.
44 günlük Vətən müharibəsi zamanı gənclərin həm ön, həm də arxa cəbhədə göstərdikləri şücaət və Müzəffər Ali Baş Komandanın ətrafında sıx birləşməsi ilə Azərbaycan adı dünya tarixinə qızıl hərflərlə yazıldı.”
Tədbirdə, həmçinin, YAP Nərimanov rayon təşkilatının baş məsləhətçisi Nərminə Qədirova, Mərkəzin Təhsilalanlara İş şöbəsinin müdiri Nəzakət Allahverdiyeva və fəal gənc Teymur Əhmədov çıxış edərək, bildiriblər ki, “Heydər Əliyev bütün fəaliyyəti dövründə ölkə gənclərinə daima xüsusi diqqət və qayğı göstərib, onların təhsilinə, inkişafına, dövlət idarəçiliyinə gənc kadrların cəlb olunmasına, gənclər siyasətinə ənənəvi olaraq xüsusi diqqət yetirib. Heydər Əliyevin 1997-ci ildə imzaladığı sərəncamla MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk olaraq məhz Azərbaycanda Gənclər Gününün təsis olunması gənc nəslə göstərilən diqqət və qayğının bariz nümunəsidir.”
Natiqlər əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasətinin bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini söyləyiblər.
Qeyd olunub ki, 44 günlük Vətən müharibəsində gənclərimiz qəhrəmanlıq göstərərək torpaqlarımızı düşmən tapdağından azad edib tariximizin ən parlaq səhifəsini yazdılar, xalqımızın iftixar və qürur mənbəyinə çevrildilər.
Diqqətə çatdırılıb ki, Azərbaycan gəncləri qüdrətli sərkərdə və Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək, bütün dünyaya öz gücünü, mətinliyini, mübarizliyini nümayiş etdirdilər.
Çıxış edənlər göstərilən diqqət və qayğıya görə ölkə rəhbəri cənab İlham Əliyevə və birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıq ediblər.
Sonda bir qrup fəal gəncə fəxri fərman və təşəkkürnamə təqdim edilib.
Ülkər Piriyeva