Amerika Birləşmiş Ştatları (ABŞ) Azərbaycanın Cənub Qaz Dəhlizi (SGC) vasitəsilə Avropanın enerji təchizatının şaxələndirilməsinə əhəmiyyətli töhfəsini etiraf edir.
Bu barədə Azadmedia.az-a ABŞ-ın Azərbaycandakı səfirliyindən məlumat verilib.
Belə ki, “ABŞ Azərbaycan ilə iqtisadiyyat, energetika və təhlükəsizlik sahəsində 30 illik əməkdaşlığa yüksək dəyər verir. Azərbaycanın Cənub Qaz Dəhlizi vasitəsilə Avropanın enerji təchizatının şaxələndirilməsinə əhəmiyyətli töhfəsini etiraf edirik”, - səfirlikdən bildirilib.
Qeyd edilib ki, ABŞ və Avropa İttifaqının dəhlizin reallaşdırılmasına verdiyi dəstək Avropanın enerji təhlükəsizliyinin yüksəldilməsi, habelə ölkənin karbonsuzlaşdırılma və Avropaya qaz tədarükünün şaxələndirilməsi səylərinə dəstək ilə bağlı uzunmüddətli məqsədin bir hissədir.
SGC Məşvərət Şurasının 8-ci iclasına gəlincə, səfirlik ABŞ-ın bu tədbirdə səfirliyin nümayəndə heyəti, o cümlədən Azərbaycandakı səfir Örl Litzenberger, habelə iqtisadiyyat və energetika üzrə qrupun üzvləri ilə təmsil olunacağını açıqlayıb.
Qeyd edək ki, SGC Məşvərət Şurasının 8-ci iclası fevralın 4-də Bakıda keçiriləcək. Əvvəlki kimi bu dəfəki iclasda da SGC layihəsində iştirak edən SOCAR, BP, TPAO və sair şirkətlərin, habelə Azərbaycan, Türkiyə, Gürcüstan, Bolqarıstan, Yunanıstan, Albaniya, İtaliya, Böyük Britaniya, ABŞ rəsmilərinin iştirak edəcəyi gözlənilir. Bununla yanaşı, Serbiya, Macarıstan, Rumıniya, Xorvatiya, Bosniya və Herseqovina, Monteneqro, Şimali Makedoniya və başqa ölkələrin də iştirak edəcəyi istisna deyil.