Pərvin Kərimzadə
Milli Məclisin deputatıRegionların inkişafı Azərbaycanda həyata keçirilən dövlət siyasətinin prioritet istiqamətidir. Bu gün təkcə işğaldan azad edilmiş ərazilərdə deyil, bütün bölgələrin inkişafı istiqamətində kompleks tədbirlər həyata keçirilir və bütün bölgələr dövlət başçısının diqqət mərkəzindədir. Yanvar ayının 30-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Gəncəyə 18-ci dəfə səfər etməsi Azərbaycanın hərtərəfli inkişafı konsepsiyasının tərkib hissəsidir. Ölkə başçısının Gəncəyə hər səfəri şəhərin inkişafı üçün böyük təkan verir, sənaye, sosial-iqtisadi, mədəni həyatı üçün əhəmiyyət kəsb edən yeni layihələrin əsası qoyulur. Prezident İlham Əliyevin ölkəyə rəhbərliyi dövründə Gəncənin sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında imzaladığı sərəncamlar, verdiyi qərarlar şəhərin inkişafına zəmin yaradıb. Prezident İlham Əliyevin tapşırığı əsasən Gəncənin Baş Planı hazırlanıb. Son illərdə Gəncənin əsas infrastruktur layihələrinin böyük əksəriyyəti öz həllini tapıb. Gəncəyə gedən yollar tam müasirləşdirilib. Həm Bakı-Gəncə avtomobil yolunun, həm də Gəncə-Qazax-Gürcüstan sərhədi yolunun çəkilişi başa çatıb. Gəncəyə Bakıdan dəmir yolu xətti tam modernləşdirilib. Bu səfər çərçivəsində ölkə başçısı Gəncə Dövlət Dram Teatrının yeni binasının, 2 saylı Gəncə regional “ASAN xidmət” mərkəzinin, “Azərbaycan Dəmir Yolları” QSC-nin lokomotiv deposunun açılışlarında iştirak etdi, Gəncə İdman Sarayında aparılan tikinti işlərinin gedişi ilə tanış oldu. İnşa olunan Gəncə İdman Sarayı Azərbaycanın ən böyük idman kompleksi olacaqdır.
Səfər çərçivəsində Gəncə Memorial Kompleksinin təməli qoyulub. Təxminən 4 hektar ərazidə yaradılacaq Memorial Kompleks erməni vəhşiliyinin əyani sübutu olaraq əbədiləşəcək. 44 günlük müharibə zamanı terror hücumuna məruz qalan gəncəlilərin xatirəsini əziz tutan ölkə başçısının həmin ərazini ziyarət etməsi, orada Memorial Kompleksin əsasını qoyması və düşmənə, havadarlarına xəbərdarlıqlarını da məhz o ünvandan səsləndirməsi dünyaya çox mühüm mesaj oldu. Qeyd edək ki, 44 günlük Vətən müharibəsində Azərbaycan ordusunun gücü qarşısında aciz qalan təcavüzkar Ermənistan hərbi cinayətlər törədərək yaşayış məntəqələrini atəşə tutur, mülki şəxsləri hədəfə alırdı. Ermənilərin hədəflərindən biri də döyüş bölgəsindən xeyli uzaqda olan Gəncə şəhəri idi. Ermənistanın hərbi-siyasi rəhbərliyi bu əməlləri ilə bəşəri dəyərləri, humanizm prinsiplərini ayaqlar altına atır, beynəlxalq qanunvericiliyi, Cenevrə konvensiyalarının tələblərini kobud şəkildə pozurdu. 2020-ci il oktyabr ayının 4-dən etibarən hərbi əməliyyatlar zonasından xeyli kənarda yerləşən Azərbaycanın ikinci böyük şəhəri Gəncə erməni vandalları tərəfindən davamlı raket atəşinə tutuldu. Gəncənin infrastukturuna ciddi ziyan dəydi, dinc sakinlər həlak oldu, yaralandı, tarixi abidələr zərər gördü. Oktyabrın 4-də raket atəşi nəticəsində 1 nəfər həlak oldu, zərər çəkənlərin arasında 10 aylıq körpə Zəhra Eyyubova da var idi. Oktyabrın 10-da Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Moskva görüşündə əldə edilən humanitar atəşkəs rejiminin elə ilk dəqiqələrindən Ermənistanın hərbi-siyasi rəhbərliyi beynəlxalq humanitar hüququn öhdəliklərini pozaraq, məqsədyönlü şəkildə Azərbaycanın mülki əhalisini hədəf aldı, raket və artilleriya atəşinə tutdu. Erməni vandalları 11 oktyabr 2020-ci il tarixində saat 02:00 radələrində daha bir terror törətdilər. Gəncə Ermənistan ərazisindən “Skad-B” taktiki-əməliyyat raket kompleksindən atılan taktiki ballistik raketlərlə yenidən atəşə tutuldu. Nəticədə “Qələbə parkı”nın ətrafında yerləşən yaşayış binaları dağılıb, 5-i qadın olmaqla 10 nəfər şəhid olub, 6-sı uşaq, 16-sı qadın olmaqla 35 nəfər yaralanıb. Həlak olanlar arasında uşaqların və qadınların olması erməni faşizminin mahiyyətini göstərir. Oktyabrın 16-17-də düşmən mövqe, texnika və canlı qüvvə baxımından böyük itkilərə məruz qaldı. Həmin günlər Füzuli şəhəri, xeyli sayda kənd işğaldan azad olunub. Bunu həzm edə bilməyən erməni faşistlərinin oktyabrın 17-də Gəncəyə növbəti raket hücumu nəticəsində 15 nəfər həlak olub, 55 nəfər yaralanıb. Onların arasında azyaşlı, yeniyetmə və qadınlar da var idi. Bütövlükdə isə Gəncə əhalisinə qarşı terror nəticəsində 26 nəfər həyatını itirib, 100-dən çox insan yaralanıb. Bu qətliam nəticəsində hər iki valideynini itirən uşaqlar da var. Bununla yanaşı xeyli yaşayış evi və digər mülki obyektlər, tarixi abidələr dağıdılıb, ya da ciddi zərər görüb. Belə ki, “İmamzadə” Dini-Memarlıq Abidə Kompleksi, 1887-ci ildə inşa edilmiş Aleksandr Nevski Rus Pravoslav Kilsəsi, vaxtilə “Kişi gimnaziyası” kimi fəaliyyət göstərən, hazırda isə Azərbaycan Dövlət Aqrar Universitetinin istifadəsində olan yerli əhəmiyyətli tarixi abidə və Nizami kinoteatrı zərər gördü. Bir sıra məktəblər və körpələr evi, uşaq bağçaları, həmçinin Gəncə Musiqi Kollecinin binasına ciddi ziyan dəydi. Amma belə qanlı əməllər Gəncə əhalisini qətiyyən qorxutmadı. Tarixən qəhrəmanlar şəhəri olan Gəncənin sakinləri Cavad xanın nəvələri olaraq bu dəfə də düşmənin qarşısında mərdliklə dayandılar. Gəncəlilər Ali Baş Komandanın rəhbərliyi ilə şanlı ordumuzun tezliklə işğal altındakı bütün torpaqlarımızı düşmən tapdağından azad edəcəyinə inanırdılar və belə də oldu. Azərbaycan xalqına qarşı törədilmiş hərbi cinayətlərə görə Ermənistan döyüş meydanında böyük itkilərə məruz qaldı, mülki əhalimizə qarşı qatı qəddarlığın qisası düşməndən alındı. Azərbaycan törədilən həmin terror aktlarını - hərbi cinayəti, onun mahiyyətini dövlətimiz dünya ictimaiyyətinə lazımınca təqdim edə bildi. Dünyanın erməni vəhşiliyi haqqında ətraflı məlumatlandırılması, beynəlxalq mediada Azərbaycan həqiqətlərinin daha çox yayılması baxımından, ciddi addımlar atıldı.
11 oktyabr 2020-ci il tarixində saat 02:00 radələrində terror törədilən ərazidə Gəncə terrorlarında həlak olan dinc sakinlərin xatirəsini əbədiləşdirməklə Ermənistanın müharibə cinayətlərinin izlərini özündə əks etdirən Gəncə Memorial Kompleksinin təməlinin qoyulması erməni vandalizminin dünyaya çatdırılması, erməni terrorları ilə bağlı məlumatların gələcək nəsillərə ötürülməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Gəncə şəhərinə gələn xarici vətəndaşlar. beynəlxalq təşkilatların nümayəndələri erməni vəhşiliklərini əyani şəkildə görəcəklər,
Azərbaycan müharibədən sonra reallıqların təsdiqi istiqamətində mühüm addımlar atır, informasiya cəbhəsində mübarizəni uğurla davam etdirir. Prezident İlham Əliyev yanvarın 30-da Gəncə şəhərinə səfəri çərçivəsində AZƏRTAC-a müsahibəsində deyib: “Müharibə başa çatıb. Bəli, biz deyirik ki, sülh olmalıdır. Ancaq heç vaxt erməni vəhşiliyini, erməni faşizmini unutmamalıyıq. Xocalı qurbanlarını unutmamalıyıq. Gəncə qurbanlarını, digər şəhərlərimizin qurbanlarını heç vaxt unutmamalıyıq və unutmayacağıq. Onların müqəddəs ruhu qarşısında baş əyərək bir daha deyirik ki, onların qanı yerdə qalmadı. Onların yaxınları üçün bəlkə də bu, təsəlli ola bilər. Eyni zamanda, deyirik ki, biz müzəffər xalqıq, biz qalib dövlətik. Erməni faşizmini məğlub etdik. Elə etməliyik ki, erməni faşizmi bundan sonra heç vaxt baş qaldırmasın”.