Bu gün Park Bulvar Ticarət Mərkəzində 8 Mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının
"Əl Əməyi Göz Nuru" adlı, sayca 45-ci satış-sərgiyə start verilib.
Azadmedia.az xəbər verir ki, Sərgi 3 gün ərzində, hər gün saat 10:00-dan 20:00-a qədər davam edəcək.
Kiçik sahibkar qadınlara dəstək məqsədilə düzənlənən satış-sərgisinin açılışında millət vəkilləri, ictimaiyyət, mədəniyyət və media nümayəndələri iştirak edib.
Belə ki, tədbirdə çıxış edən
millət vəkili Arzu Nağıyev AQSİA-nın təşkil etdiyi bu sosial layihənin kiçik sahibkar qadınlar üçün əhəmiyyətli olduğunu qeyd edib və hər kəsi sərgiyə dəstək olmağa çağırıb.
AQSİA İdarə Heyətinin
sədri Səkinə Babayeva, satış-sərginin ərsəyə gəlməsində dəstək olan hər kəsə, həmçinin Park Bulvar Ticarət Mərkəzinin rəhbərliyinə təşəkkürünü bildirib.
AQSİA-nın satış-sərgi yarmarkasında
iş xanımı Vəsilə Abulova da iştirak edib. Abulova eyni zamanda, qadın sahibkarlığı sahəsində həm ölkədaxili, həm də ölkə xaricində olan bir sıra təcrübələrini iştirakçılarla bölüşərək bu tərz satış-sərgilərin kiçik qadın sahibkarların cəmiyyətə tanıdılması, onların yaradıcılıq imkanları, fəaliyyətlərinin stimullaşdırılması, iqtisadi həyata inteqrasiyası istiqamətində vacib bir təkan olduğunu vurğulayıb. V.Abulova həmçinin satış-sərginin işinə uğurlar arzu edərək, 8 Mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə bütün xanımlara xoş arzu və təbriklərini çatdırıb.
Nəzərinizə çatdıraq ki, açılış mərasimi mədəniyyət nümayəndələrinin təbrikləri ilə davam edib.