Deputat Ərdəbil Həftəsi çərçivəsində görüşlər keçirib

Ərdəbil Həftəsi çərçivəsində Şeyx Səfiəddin Ərdəbili məqbərə kompleksində İran İslam Respublikasının Mədəniyyət və İslam İrşad naziri Seyid Abbas Salehi ilə Azərbaycan nümayəndə heyəti arasında görüş keçirilib. Bu barədə Milli Məclisin deputatı Ceyhun Məmmədov paylaşım edib.
Görüş zamanı Azərbaycan ilə İran arasında mədəni-humanitar əməkdaşlığın mövcud vəziyyəti və gələcək inkişaf perspektivləri ətrafında geniş fikir mübadiləsi aparılıb.
Müzakirələrdə ortaq tarixi və mədəni irsin qorunması, elmi və mədəni mübadilə proqramlarının genişləndirilməsi, qarşılıqlı sərgilərin, konfransların və festivalların təşkili, eləcə də turizm sahəsində əməkdaşlığın inkişaf etdirilməsi ilə bağlı məsələlər diqqət mərkəzində olub.
Görüşdə vurğulanıb ki, Azərbaycan və İran xalqlarını birləşdirən zəngin tarixi-mədəni irs dövlətlər və xalqlar arasında münasibətlərin mühüm dayaqlarından biridir. Qeyd olunub ki, bu irsin qorunması və gələcək nəsillərə çatdırılması qarşılıqlı anlaşmanın, etimadın və dostluğun daha da möhkəmlənməsinə xidmət edir.
Tərəflər mədəni diplomatiyanın dövlətlərarası münasibətlərdəki rolunu xüsusi qeyd edərək, elm və mədəniyyət xadimləri arasında əlaqələrin genişləndirilməsinin, birgə layihələrin həyata keçirilməsinin və gənclərin ortaq irslə daha yaxından tanış olması üçün yeni təşəbbüslərin əhəmiyyətini vurğulayıblar.
Səmimi və konstruktiv şəraitdə keçən görüşdə mədəni-humanitar əməkdaşlığın daha da genişləndirilməsi, ortaq dəyərlərin beynəlxalq səviyyədə tanıdılması istiqamətində dialoqun davam etdirilməsinin vacibliyi ifadə olunub.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.