Antalya Diplomatiya Forumu 2022 çərçivəsində Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin təşkilatçılığı ilə “Həqiqətdən sonrakı dövrdə dezinformasiya ilə mübarizə” mövzusunda panel təşkil edilib.
Azadmedia.az-a Türkiyə Səfirliyi Mətbuat xidmətindən verilən məlumata görə, Paneldə çıxış edən Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev dezinformasiya və ya yanlış məlumatlandırma ilə mübarizədə qlobal yanaşmanın tətbiq edilməli olduğunu bildirib.
Yalan məlumatların ötürülməsinin təkcə sosial şəbəkədə və ya mediada deyil, siyasətdə də olduğunu vurğulayan H.Hacıyev “Doğru məlumatı mümkün qədər tez hazırlayıb çatdırmaq vacibdir. Susmaq və ya görməməzlikdən gəlmək kifayət deyil, “kiçik məlumatdır, bir şey olmaz” deyilməməlidir. Tez bir zamanda cavab verilməlidir.
Səhv məlumat yayıldıqdan sonra onu düzəltmək çox çətin olur. Dezinformasiya siyasi, sosial, iqtisadi kimi müxtəlif formalarda ola bilir. Pandemiyada tibbi dezinformasiyanın şahidi olduq. Qlobal kontekstdə nəzarət və tənzimləmə olmalıdır. Əks halda rəqəmsal anarxiya davam edəcək. Bəzi şəxslər dezinformasiya kampaniyalarını aparır, bəzən də dövlət buna dəstək verir”, - deyib.
Prezidentin köməkçisi qeyd edib ki, dezinformasiya həmişə mövcud olub, lakin yeni texnologiyaların və sosial medianın inkişafı ilə daha da yayılıb: “Bütün qurumlar bir araya gəlib dezinformasiyaya qarşı mübarizə aparmalıdır. Çünki bu, cəmiyyətə mənfi təsir göstərir. Dezinformasiyanın arxasında duran bəzi insanlar cəmiyyətlərdə çatlar yaratmaq, manipulyasiyaya yol açmaq istəyirlər və bunu qəsdən edirlər. Hökumətlərə inamı qırmaq istəyirlər. Bulanıq sular yaratmaq istəyirlər. Bilirsiniz ki, su bulananda daha asan balıq tuta bilərsiniz”.
Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin Strateji Əlaqə və Böhran İdarəetmə şöbəsinin müdiri Gökhan Yücel də qurum olaraq dezinformasiyaya qarşı effektiv mübarizə aparmağa çalışdıqlarından danışıb.
Xalq diplomatiyası, strategiya, milli təhlükəsizlik və böhran kommunikasiyası kimi digər komponentlərlə dezinformasiyaya qarşı müvafiq işlər gördüklərini söyləyən G.Yücel “Əgər işişlərimizi digər seqmentlərlə birlikdə görməsək, dezinformasiyaya qarşı mübarizəmiz həmişə uğursuz olacaq. Ona görə də hekayələrimizi, demək istədiklərimizi düzgün planlaşdırmasaq, bəzi başqa qruplar, düşmənlər araya girib buradakı boşluqları doldurarlar. Bu isə milli, beynəlxalq və ya regional təhlükəsizlik probleminə səbəb ola bilər”, - deyə bildirib.
Texnoloji imkanların insanlara böyük imkanlar yaratdığını, lakin onlardan düzgün istifadə edilməli olduğunu qeyd edən Yücel dezinformasiyanın milli və beynəlxalq təhlükəsizliklə yanaşı insan ləyaqəti ilə də əlaqəli olduğunu, insan mərkəzli yanaşmanın prioritetləşdirilməsinin vacib olduğunu vurğulayıb.
O, Türkiyənin üzləşdiyi ən mühüm problemlərdən birinin dezinformasiya olduğuna diqqət çəkib: “Türkiyə ciddi dezinformasiyaya məruz qalır. Bunun niyə baş verdiyini araşdırırıq. Araşdırdıqda FETÖ-nün nə etdiyini, nə dediyini, necə saxta xəbərlər yaydığını və manipulyasiyalar həyata keçirdiyini görürük. Biz PKK və onun törəmələrinin, marjinal qrupların necə dezinformasiya yaratdığını, saxta xəbərlər yaydığını və bu yolla internet üzərindən Türkiyə dövlətinə və xalqına hücum etməyə çalışdığını bilirik. Bəs onlar haradadır, bu hesabların sahibləri haradadır? Bu sosial şəbəkə hesablarının sahibləri başqa ölkələrdə yaşayırlar. Bunu xüsusilə qeyd etmək istəyirik ki, bu mürəkkəb, dövlət və qeyri-dövlət aktorları hansılardır, kimlərdir və nələrdir? Onların aşkarlanması mürəkkəb və çətindir. Ancaq bəzi şeylər çox aydındır. Həmkarlarımızla görüşərkən deyirik ki, baxın, bu qruplar, bu insanlar və ya bu hesablar davamlı olaraq Türkiyə Cümhuriyyətinə və onun maraqlarına hücum edir. Haqqında danışdığım bu qruplar bəzi ölkələrdə yaşayan hesab sahibləridir”.