"Məni "Quska" döydürməyib..." — Sərdar Cəlaloğludan sensasion açıqlamalar
"2005-ci ildə Hüseyn Abdullayev deputat seçiləndən sonra, var gücü ilə "Azərenerji" prezidenti vəzifəsinə təyinat almaq istəyirdi".
Bu barədə jurnalist Eynulla Fətullayev "Facebook" yazıb. Onun sözlərinə görə, "Quska", yəni Hüseyn Abdullayev hökumətdən daha yüksək vəzifələr gözləyirdi.
"Hüseyn Abdullayev öz komlekslərinin qurbanına çevrilmişdi və hər vəchlə hansısa vəzifəni ələ keçirmək istəyirdi. "Mən öz xahişimi prezidentdən edə bilmərəm. Amma mənim xahişimi heç kim etmir", deyə "Quska" artıq daha böyük iştah sahibi idi. Guska həm də Fövqəladə Hallar nazirinin müavinliyinə də iddialı idi. Bunu açıq dilə gətirirdi. Günlərin bir günü mən ona açıq sual verdim: "Axı bu vəzifələr sənin nəyinə lazım? Böyük biznesin, sərmayələr, əmlak... Həm də dövlət işində kifayət qədər təcrübən də yoxdur...", - deyə E.Fətullayev qeyd edib.
Eynulla Fətullayev deyir ki, Hüseyn Abdullayevə sanki özünü təsdiq etmək üçün ona hansısa bir status lazım idi:
"Axı sifarişli kriminal didişmələrdən savayı, onun həyatda heç bir nailiyyəti yox idi. Bir gün Nardaran tərəfə gedərkən, yol üstü mənə bir hadisəni nəql etdi. "Bilirsənmi, mənim bu hakimiyyət qarşısında böyük xidmətlərim var. 1998-ci ildə Sərdar Cəlaloğlu mətbuatda rəhmətlik Heydər Əliyevi bərk təhqir edirdi. Bu hamıya pis təsir edirdi. Və mən uşaqlara göstəriş verdim ki, evə qayıdan zaman, yaşadığı evin blokunda Sərdar Cəlaloğluna basqın edin. Uşaqlar, gecə vaxtı, evə qayıdan Cəlaloğlunun başına vedrə salıb, taxta ilə o qədər başına vurdular ki... Yaxşı ki, ölmədi"...
Məsələ ilə əlaqədar Sərdar Cəlaloğlu ilə əlaqə saxladıq. O, bildirdi ki, iddia olunduğu kimi heç vaxt Heydər Əliyev barədə təhqiredici ifadələr işlətməyib.
"Heydər Əliyevi təhqir etməyimlə bağlı məlumat tamamilə yalandır", - deyə Sərdar Cəlaloğlu bildirib.
Həmin il döyülməsilə bağlı məsələyə gəlincə, Sərdar Cəlaloğlu bildirdi ki, həqiqətən də, hücuma məruz qalıb. Sərdar Cəlaloğlu həmin hadisəni belə xatırlayır:
"Həmişə partiyaya piyada gedib-gəlirdim. Çünki ev partiyanın yerləşdiyi binaya yaxın idi. Ara məsafə təxminən 300-400 metr olardı. Evə gedəndə məni partriya üzvləri yola salırıdı.
1998-ci ilin payız aylarında bizim partiyanın keçmiş iki üzvü var idi. Biri həbs olunan rabita naziri Beytullah Hüseynovun qardaşı Xeyrullah Hüseynov idi. Bir də, indi Cəmil Əliyevin xəstəxanasında baş həkimin müavini işləyən Vaqif Məmmədov idi. Bu iki nəfəri bizim partiyadan çıxartmışdılar. Həmin gün Xeyrullah Hüseynov və Vaqif Məmmədov yanıma gəldilər. Onlar xahiş etdilər ki, yenidən partiyaya qaytarılmaqlarına kömək edim. Bu adla gəldilər və məni evə kimi ötürməyi təklif etdilər.
Ondan bir gün öncə işə gedəndə müşahidə etdim ki, kimsə məni izləyir. Bizim evin yaxınlığında 2 oğlan dayanmışdı. Biri idmançı cüssəliydi, digəri isə plaşda idi. Plaş geyinən oğlan məni görən kimi yanındakına barmağı ilə işarə etdi və diqqətlə mənə baxdılar. Səhəri gün Xeyrullah və Vaqif evə gedəndə məni hamıdan ayırdılar və axşam saat 7-yə qədər yersiz suallarla partiyada yubandırdılar. Sonra üçümüz ordan çıxdıq. Evə gələndə, "Əbu-Bəkir" məscidinin yanında hiss etdim ki, bu iki nəfər yolu keçmək istəyəndə məndən ayrıldı. Bu zaman qarşıda nömrə nişanı olmayan "VAZ-2106" markalı maşın dayandı. Avtomobilin içindən 5-6 uşaq düşüb mənə doğru gəldilər. Mənim yadımda qalan bu idi".
Sərdar Cəlaloğlu deyir ki, özünə gələndə, bir anlıq nə baş verdiyini anlamayıb:
"Gözümü açanda gördüm ki, qan içində yerdə uzanmışam. Xeyrullah və Vaqif də mənim başımın üstündə dayanmışdılar. Durdum ayağa, dedim ki, "mənə nə olub?" Çünki heç nə xatırlaya bilmirdim. Onlar da mənə 7-8 nəfərin hücum etdiklərini bildirdilər. Dedim ki, evə gedək. İlk öncə elə fikirləşdim ki, həmin şəxslər xuliqanlardır. Onlar da mənim bu vəziyyətdə evə getməyimi istəmədilər. Yaxınlıqdakı polis bölməsinə yollandıq. Orda bir polis qeyd etdi ki, həmin adamları görüb. Çünki, onlar bir neçə gündü bu tərəflərdə gəziblər. Həmin polisin adı Nəbi idi".
Sərdar Cəlaloğlunun fikrincə, onu döyənlər "Quska"nım adamları deyil:
"Polis adamlara yaxınlaşanda deyiblər ki, biz cangüdənlərik. Burada əməliyyat aparacaqlarını bildiriblər. "Sən də başının ağrımasını istəmirsənsə, sakit qal" deyə Nəbi adlı polis bildirdi. Polis Nəbinin bu danışıqları şöbə rəisini narahat etdi və polis işçisinə qaş-göz hərəkəti etdi. Ondan sonra Nəbi də sözünü geri götürdü və heç kimi görmədiyini dedi. Bu məsələ ilə bağlı istintaq açıldı. Çünki zərbələrdən beynimə qan sızmışdı. Hazırda onun fəsadları hələ də qalıb. Amerikada həkim müayinsədindən keçəndə, dedilər ki, həmin vaxt ölə bilərdiniz".
Sərdar Cəlaloğlunun sözlərinə görə, bir müddət sonra baş vermiş hadisə barədə araşdırma dayandırılıb:
"İstintaq açılandan sonra müstəntiq məni çağırdı və bildirdi ki, onu döyənləri istintaqa cəlb edə bilməyəcəklər. Bu məsələni və qara nömrəsiz maşındakıların məni döyməsini Vaqif və Xeyrullah da dandı. Onlar həmin adamları üzdən görmədiklərini dedilər. Halbuki hadisə onların gözü qarşısında olmuşdu. Məni öldürmək üçün döymüşdülər. Məni göz qorxutmaq üçün yox, öldürmək üçün döydülər. Elə biliblər ölmüşəm və gediblər. Təxminən bir saata yaxın yerdə qan içində qalmışam. Bu cinayət ört-basdır edildi".
Sərdar Cəlaloğlu ou da əlavə edib ki, bu hadisə barədə mətbuatda heç nə yazılmayıb:
"Araşdırsaz görərsiz ki, mətbuatda bu barədə məlumat yoxdu. Mən Heydər Əliyevi təhqir etməmişəm".
Hadisənin Hüseyin Abdullayevin işi olmasına gəlincə, Sərdar Cəlaloğlu bunu qəti inkar edib:
"Bu Hüseyn Abdullayevin işi olmayıb. Çünki polis işçisi Nəbi hamısını adı ilə tanıdı. Vaqif Məmmədov və Beytullah Hüseynovun qardaşı əzbər bilir ki onlar kimdi. Çünki həyatıma qəsdi bu ikisi təşkil etmişdi".