Lerik rayonun Livədirqə kəndində Qarabağ və Vətən müharibəsində şəhidlik zirvəsinə ucalmış şəhidlərin xatirəsinə inşa edilmiş bulaq kompleksinin açılışı olub.
Azadmedia.az xəbər verir ki, açılış mərasimində Lerik Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini icra edən Cəlil Baxşıyev, millət vəkili İqbal Məmmədov, rayonun idarə müəssisə və təşkilatların rəhbərləri, şəhid ailələrinin üzvləri və kənd ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Öncə mərasimdə respublikamızın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra Lerik Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini icra edən Cəlil Baxşıyevlə birlikdə, şəhid valideynləri tərəfindən bulaq kompleksinin açılışı olub, önünə gül dəstələri qoyulub, şəhidlərin ruhlarına dualar oxunub.
İcra başçısı, Vətən müharibəsində xalqımızın sarsılmaz birliyi ilə Müzəffər Azərbaycan Ordusunun rəşadəti hesabına möhtəşəm qələbə əldə edildiyini qeyd edib. Hərbi əməliyyatlarda Lerik rayonundan olan qəhrəman oğulların da nümayiş etdirdikləri misilsiz rəşadətin hərkəsi qürurlandırdığını, onların həyat yolunu, qəhrəmanlıq nümunələrini öyrənmək və təbliğ etməyin hər kəsin borcu olduğunu vurğulayıb.
Millət vəkili İqbal Məmmədov, Vətən müharibəsinin 44 günü ərzində Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında müzəffər Azərbaycan Ordusunun işğal altındakı torpaqlarımızı azad etdiyini, bu möhtəşəm qələbənin şəhidlərimizin qanı, canı bahasına əldə edildiyini, ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olmuş qəhrəman Vətən övladlarının xatirəsinin həmişə ehtiramla yad edildiyini diqqətə çatdırıb. Bildirib ki, Qarabağ və Vətən müharibəsində Lerik rayonunun qəhrəman oğulları da hərbi əməliyyatlarda misilsiz rəşadət nümayiş etdiriblər.
Həmiçinin iştirakçılara işğaldan azad edilmiş torpaqlarda cənap Prezidendin nəzarəti ilə aparılan-abadlıq quruculuq işləri barədə gemiş məlumat verilib.
Sonda “Şəhidlər bulağı”nın tikintisində dəstək göstərən və zəhməti olan hər kəsə minnətdarlıq bildirilib.
Açılış mərasimində şəhid atası Xeyrulla Şirvanov, şəhid babası Əziz Əkbərov, Vətən müharibəsi iştirakçısı Elmar Alışanov çıxış etdilər. Şəhid ailələrinə və qazilərə göstərilən yüksək diqqət və qayğıya görə ölkə rəhbəri cənab İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.
Sonda Livədirqə kənd tam orta məktəb şagirdlərinin ifasında şəhidlərə və qələbəmizə həsr olunmuş şeirlər səsləndirilib.