Bu gün Masallı rayonunun Öncəqala kəndində şəhidlik zirvəsinə ucalan igidləromizin xatirəsini əbədiləşdirmək məqsədilə inşa edilən “Qarabağ şəhidləri” abidə-kompleksinin açılışı olub.
Pandemiya qaydalarına riayət olunmaqla keçirilən tədbirdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov, Milli Məclisin deputatları Məşhur Məmmədov, Anar İsgəndərov,
hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhidlərin doğmaları, ictimaiyyət və KİV nümayəndələri iştirak ediblər.
Tədbirdən öncə Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan Vətən oğullarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Açılışda çıxış edənlər bildirilər ki, 29 ildən bəri bu günləri ağrılı tariximiz kimi qeyd edirdiksə, bu gün bayram əhval-ruhiyyəliyik. Qürurverici anlar yaşayırıq. Bizə zəfər bəxş edən igidlərimiz təkcə bir elin deyil, bütün Azərbaycanın qəhrəmanlarıdır. Birinci Qarabağ müharibəsi şəhidlərinin də ruhu şaddır. 44 günlük Vətən müharibəsində, istər ön, istərsə də arxa cəbhədə Möhtəşəm Qələbəyə öz töhfəsini verən masallılar bu gün işğaldan azad edilən torpaqların dirçəlməsində, Qarabağda aparılan abadlıq-quruculuq işlərində də fəaldırlar...
Şəhid atası Mürüvvət Məmmədov şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Respublika Prezidenti cənab İlham Əliyevə, rayon rəhbərliyinə minnətdarlıq bildirib.
Tədbir iştirakçıları "Şəhidlər bulağı"nın tikintisinə görə Öncəqala kəndinin sakinlərinə və xeyriyyəçilərə dərin təşəkkür ifadə ediblər.
Sonra Şəhidlər abidəsinin və bulağın açılışı olub.
Tədbir iştirakçıları abidənin önünə gül dəstələri düzərək, şəhidlərin xatirəsini ehtiramla yad ediblər.
Azadmedia.az-ın Cənub bölgəsindəli bürosundan verilən məlumata görə Abidə-komleks kənd xeyriyyəçilərinin maliyyə dəstəyi ilə inşa edilib.
Vətən müharibəsində şəhid olmuş Nurlan Malikovun adını daşıyan küçədə inşa edilən abidə-kompleksinin ərazisində “Şəhidlər bulağı” və park salınıb.