Bakı Dövlət Universitetinin (BDU) Şərqşünaslıq fakültəsində Türkiyənin Ankara Bəyazid Universitetinin professoru, ərəbşünas alim Yaqub Çivelek və İstanbul Yıldız Universitetinin Pedaqogika fakültəsinin professoru Süleyman Doğan ilə görüş keçirilib.
BDU-dan AZƏRTAC-a bildirilib ki, görüşdə Şərqşünaslıq fakültəsinin tədris işləri üzrə dekan müavini Tərlan Məlikov, elmi işlər üzrə dekan müavini Nigar İsmayılzadə, Ərəb filologiyası kafedrasının müdiri Vüqar Qaradağlı, Türk filologiyası kafedrasının müdiri Rüfət Rüstəmov, Ərəb filologiyası kafedrasının baş müəllimi Könül Eyvazova iştirak ediblər.
Şərqşünaslıq fakültəsinin dekanı Aydan Xəndan ölkənin ilk və ən böyük ali məktəbi olan BDU-nun tarixi, fəaliyyəti, Şərqşünaslıq fakültəsi haqqında qonaqlara ətraflı məlumat verib.
Görüşdə universitetlər və fakültələr arasında əlaqələrin qurulması, tələbə-müəllim mübadiləsi, ortaq tədqiqat işlərinin aparılması, birgə elmi seminar, ustad dərsləri, onlayn dərslərin təşkili ilə bağlı müzakirələr aparılıb. Ərəb dilinin tədrisində universitetlərarası təcrübə mübadiləsinə xüsusi önəm verilib.
Türkiyənin hər iki universitetinin nümayəndəsi şərqşünaslıq sahəsində əməkdaşlığın inkişafında maraqlı olduqlarını bildiriblər.