Azadmedia.az - Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov Mediasiya Şurasının İdarə Heyətinin sədri Nadir Adilov və 13 saylı Mediasiya təşkilatının rəhbəri İlham Mehtiyev ilə görüşüb.
Görüş zamanı Nadir Adilov Mediasiya Şurasının həyata keçirdiyi fəaliyyət haqqında məlumat verib. O, media sahəsində mediatorların hazırlanmasında maraqlı olduqlarını, bununla əlaqədar olaraq media mütəxəssisləri üçün mediasiya kurslarının təşkil olunmasının əhəmiyyətini vurğulayıb.
Əhməd İsmayılov tərəfindən Mediasiya Şurası ilə birgə əməkdaşlıq perspektivlərinin “Media haqqında” Azərbaycan Respublikası Qanunu və media sahəsində qanunvericilik aspektindən təhlil edilməsi, imkanların araşdırılması, təhlillərin nəticələrinə əsasən qurumlararası birgə layihələrin həyata keçirilməsi təklif olunub. İcraçı direktor MEDİA Agentliyinin media sahəsində peşəkarlığın artırılması, o cümlədən mübahisələrin həll edilməsi üçün Şura ilə əlaqələrin genişləndirilməsinin vacibliyinə toxunub.
Görüşdə hər iki tərəfi maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.