Həbsdə olan MTN generalı Mövlam Şıxəliyevin adına sosial şəbəkələrdə səhifələr açılıb.
“Tik-Tok”da açılmış profildə Mövlam Şıxəliyevə aid foto və videolar, həmçinin sənədlər paylaşılıb.
Bundan başqa Mövlam Şıxəliyevin adına Yutubda da kanal açılıb. Burada onunla bağlı informasiyalar olan 3 video yerləşdirilib.
General hazırda həbsdə olduğu üçün sözügedən səhifələrin ona yaxın olan şəxslər tərəfindən açıldığı ehtimal olunur. Belə ki, profildə Şıxəliyevin heç yerdə olmayan fotoları və sənədləri paylaşılıb.
Qeyd edək ki, Mövlam Şıxəliyev MTN-də İstintaq Baş İdarəsinin rəisi vəzifəsində çalışdığı 2008-2014-cü illərdə iş adamlarından hədə-qorxu ilə külli miqdarda pul tələb etməkdə ittiham olunur. İstintaqla M.Şıxəliyevin mütəşəkkil dəstə halında ümumilikdə 14 milyon 292 min manatı rüşvət qismində, 5 milyon 77 min manat pulu hədə-qorxu ilə tələb edib almasına əsaslı şübhələr müəyyən edilib. Hazırda onun cinayət işinə Bakı Hərbi Məhkəməsində baxılır.
***
Mövlam Şıxəliyevin vəkili Ceyhun Yusifov “Qafqazinfo”ya açıqlamasında səhifənin generalın dostları tərəfindən açıldığını istisna etməyib: “Müvəkkilim hazırda Bakı İstintaq Təcridxanasındadır və onun bu səhifələrin işlədilməsində heç bir şəkildə rolu mövcud deyil. O, yüksək vəzifədə işlədiyi vaxtlarda dövlətin və cəmiyyətin mənafəyini qoruyub. Bir çox şəxsə yaxşılıq edib. Mövlam Şıxəliyev Qarabağ Müharibəsi iştirakçısıdır. Onun bir çox dostları var. Ola bilər ki, dostları ona qarşı haqsızlıq edildiyini düşünür və bunu bunu dövlət rəhbərliyinə çatdırmaq istəyirlər. Səhifəni açanlar bizə məlum olmayan şəxslərdir. Amma hər halda xeyirxah fəaliyyətdir. Burada qeyri-adi heç nə yoxdur.
Onu da qeyd edim ki, Mövlam Şıxəliyevin heç bir cinayəti sübuta yetirilməyib. İş obyektiv araşdırılarsa, M.Şıxəliyevin günahsızlığı təsdiqini tapacaq. Elə bu səhifələr də məhkəmənin ədalətli aparılmamasına etiraz olaraq açılıb”.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.