Masallıda rayon rəhbəri qalib futbol komandasını qəbul edib.
Azadmedia.az - 15 iyul 2022-ci il tarixdə Masallı RİH başçısı Şahin Məmmədov Azərbaycan çempionu “Ərkivan” futbol komandasını qəbul edib. Ş.Məmmədov Azərbaycan Həvəskarlar Futbol Federasiyasının (AHFF) təşkilatçılığı ilə ölkə çempionatının rayonumuzun xeyrinə başa çatdığını bildirib. Belə ki, Masallı rayon rəhbəri həvəskarlar liqasında mövsüm ərzində bütün oyunlarını qələbə ilə başa vuran «Ərkivan» FK çempionatın final mərhələsinə vəsiqə qazandığını bildirib. Final qarşılaşması Masallının “Ərkivan” futbol klubu ilə Bakı şəhərinin “Mübariz” komandası arasında baş tutub. İyul ayının 10-da, paytaxt şəhərindəki “Dalğa-Arena” stadionundakı həlledici görüş gərgin mübarizə şəraitində keçib. İlk yarım hissədə qapılara top vurulmayıb. İkinci hissənin ilk dəqiqələrində bakılılar qabağa çıxmağa nail olublar. Oyunun son dəqiqələrində Masallı idmançıları tarazlığı bərpa etməyə səy ediblər. Əsas hissə 1:1 hesabı ilə yekunlaşıb. Əlavə vaxtda üstünlüyü ələ alan “Ərkivan” FK son nəticədə möhtəşəm qələbəyə imza atıb – 1:3. İclasda bildirilib ki, fəal futbolçulardan Əflatun Məmmədov iki, Asəf Həşimov isə bir dəfə rəqib qapısına yol tapa bilib. “Ərkivan” FK-nın üzvü Əflatun Məmmədov 20 top vurmaqla çempionatın bombardiri olub. Bununla da Masallı rayonunun “Ərkivan” futbol klubu həvəskar komandalar arasında keçirilən XXIII ölkə birinciliyinin qalibi adını əldə edə bilib.
Şahin Məmmədov sevinclə bildirib ki, hər birinizi təbrik edirəm. İdman sağlamlığın rəhnidir. Sağlam bədəndə sağlam ruh olur. Gənclər sağlam olarsa Vətən uğrunda vuruşa bilərlər. Necə ki, 44 günlük Vətən müharibəsi zamanı Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında gənc zabit və əsgərlərimiz, şəhidlərimiz bizə Qələbə sevinci yaşatdı... Çox sevindirici haldır ki, «Ərkivan»da da, futbol klubunun tərkibində beş nəfər Vətən müharibəsi iştirakçısı — Ağazadə Ağa Məhəmməd oğlu, Tağıyev Mirmunis Möhsüm oğlu, Səfərəliyev Rəvan Cəmil oğlu, Sabirli Kamandar Fizuli oğlu vəö Əlizadə Məhəmməd Xanəli oğlu vardır. Masallının belə sağlam gənclik mühiti var və yaşanır...
Masallının sevinci sevincim, kədəri kədərimdir. Təbrik edirəm, əziz futbolçular. Nailiyyətləriniz bol olsun, Masallının adına həmişə qürur gətirəsiniz, — deyə RİH başçısı qeyd edib.
Sonra çempion komandanı Masallı rayon Gənclər və İdman idarəsinin rəhbəri Sabiq Cahangirov təbrik edib. O, komandanın rəhbəri və baş məşqçisi Ramil Həsənovu təbrik edib, növbəti yarışlarda uğurlar arzulayıb.
Çıxış edən futbolçular, “Ərkivan”lılar görüşdən məmnun qaldıqlarını bildiriblər.
Ülkər Piriyeva