Azadmedia.az - Avqustun 26-da Masallı rayon Heydər Əliyev Mərkəzi və Gənclərin İnkişaf və Karyera Mərkəzinin Masallı nümayəndəliyinin birgə təşkilatçılığı ilə “Uşaqların asudə vaxtının səmərəli təşkili” layihəsi istiqamətində “Xarici dili mənimsəyirik” adlı təlim keçirilib.
İngilis dili müəllimi Sadiq Ağayev tərəfindən keçirilən təlimdə azyaşlı məktəblilər iştirak ediblər. Təlimdə Sadiq müəllim məktəblilərə ingilis dilində danışıq qaydalarını videoçarxlardan istifadə edərək öyrədib.
Maraqlı və əyləncəli keçən təlim zamanı uşaqlarla birlikdə enercayzerlər icra olunub.
Təlimdən sonra şagirdlər ekspozisiya zalında yerləşən eksponatlarla tanış olublar. Masallı rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı Gülcahan Vəkilzadə Ümummilli liderimizin uşaqlıq və gənclik illəri, Azərbaycana rəhbərlik etdiyi illəri əks etdirən foto, sənəd və digər eksponatlarla şagirdləri tanış edib.
Əlavə edək ki, sözügedən təlim “Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020-2025-ci illər üçün Fəaliyyət Planı”nın icrası çərçivəsində uşaqların asudə vaxtının təşkili işinin gücləndirilməsi məqsədilə keçirilib.