Milli Məclisin sədri Sahibə Qafarova tərəfindən Parlamentlərarası İttifaqın Prezidentinə və Baş katibinə, Avropa Parlamentinə, ATƏT PA-ya, MDB PA-ya, İslam Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasına, İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasına, Asiya Parlament Assambleyasına, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasına, GUAM PA-ya ünvanlanmış məktublarda bildirilir ki, 12 sentyabr 2022-ci il tarixində gecə saatlarından başayaraq, Ermənistan Azərbaycana qarşı növbəti hərbi təxribata başlamışdır. Ermənistan silahlı qüvvələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın rayonları istiqamətində Azərbaycan Ordusunun mövqelərini intensiv atəşə tutmuşdur. Ermənistan tərəfinin bu təxribatına cavab olaraq Azərbaycan tərəfindən cavab tədbirləri görülmüşdür. Təxribatın qarşısının alınması zamanı 50 nəfər hərbçimiz şəhid olmuşdur.
Milli Məclisin sədri diqqətə çatdırıb ki, Ermənistan üçtərəfli bəyanatların müddəalarını və əldə olunmuş razılıqları kobud şəkildə pozaraq öz silahlı birləşmələrini Azərbaycan ərazisindən tam çıxarmamış, Azərbaycanın ərazilərinin minalanmasını davam etdirmiş, bölgəyə ağır texnika və müxtəlif tipli silahlar yerləşdirərək, sərhədboyu mövqelərimizi atəşə tutmuşdur.
Müraciətdə vurğulanıb ki, Azərbaycanın regionda uzunmüddətli sülh və sabitliyin təmin olunması istiqamətində səylərinə və təkliflərinə zidd olaraq, Ermənistan normallaşma prosesini müxtəlif bəhanələrlə ləngidir, beynəlxalq səylərlə aparılan danışıqlarda destruktiv mövqe nümayiş etdirir, regionda kommunikasiyaların və nəqliyyat marşrutlarının açılması prosesinə maneələr yaradır. Bütün bunlar Ermənistanın sülh prosesində maraqlı olmadığını və prosesə zərbə vurulması məqsədlərini nümayiş etdirir.
Sənəddə qeyd olunur ki, hazırda Azərbaycan işğaldan azad edilmiş ərazilərində külli miqdarda sərmayələr hesabına genişmiqyaslı bərpa və yenidənqurma işləri həyata keçirir. Artıq bu ərazilərə bir qrup məcburi köçkün ailələrinin geri qayıtması prosesinə başlanmışdır. Ermənistan öz təxribatları ilə bu prosesə əngəl törədir.
Bildirilir ki, Azərbaycanın vəziyyətin sabitləşdirilməsi və gərginliyin aradan qaldırılması üçün zəruri addımlar atmasına baxmayaraq, Ermənistan əldə olunmuş atəşkəsi pozmağa davam edir. Baş vermiş təxribat, qarşıdurma və itkilərə görə bütün məsuliyyət Ermənistanın siyasi-hərbi rəhbərliyinin üzərinə düşür.
Spikerin müraciətində qeyd olunur ki, Azərbaycan tərəfi beynəlxalq ictimaiyyəti Ermənistanın regionda uzunmüddətli sülh və sabitliyin təmin olunması istiqamətindəki səylərə qarşı yönəlmiş bu addımlarını qınamağa çağırır.