Bakı-Quba yolunda iki maşını vuraraq sonda ağaca çırpılıb aşan avtomobil sosial mediada geniş müzakirə edilən mövzulardan birinə çevrilib.
AzadMedia.az Xəzər TV-yə istinadən xəbər verir ki, ən maraqlı məsələ isə sürücünün maşını niyə bu cür idarə etməsi olub. Polisin apardığı araşdırmalardan sonra bütün suallar öz cavabını tapıb və hadisənin əsas səbəbi məlum olub.
Sərt manevrlər edir və yoldakı maşınlardan birini sağ tərəfdən vurur. Vurulan maşının sahibi avtomobili saxlamaq istəsə də hadisəni törədən sürücü yoluna davam edir.
Bir az irəlidə ikinci avtomobili isə arxadan vurur, və eyni qaydada yoluna davam edir. Yol polisi postuna az məzafə qalmış isə yoldan çıxaraq ağaca çırpılır və aşır.
Hadisə şahidlərindən biri tərəfindən qeydə alınan görüntülər qısa zamanda sosial şəbəkələrdə ən çox müzakirə edilən mövzulardan birinə çevrilib. Hər kəsi ən çox düşündürən təbii ki, sürücünün avtomobili niyə bu cür idarə etməsi olub. Maraqlı qəza ilə bağlı müəmmalar Baş Dövlət Yol Polisi İdarəsinin yaydığı məlumatdan sonra aydınlaşıb.
Oktyabrın 18-də Bakı-Quba avtomobil yolu ilə hərəkət edən Mercedes markalı, 44-BU-148 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün Elməddin Abbasov olduğu məlum olub.
Polisin verdiyi məlumata görə qəza nəticəsində xəsarət alan həmin sürücü 1 gün xəstəxanada koma vəziyyətində qalıb. İlkin ifadəsində həmin şəxs baş verən hadisəni xatırlamadığını və epillepsiya xəstəsi olduğu üçün sudurğa keçirdiyini bildirib.
Polisin apardığı geniş araşdırma nəticəsində məlum olub ki, Elməddin Abbasov indiyədək heç bir ciddi qayda pozuntusuna yol verməyib və ümumi olaraq qiymətləndiriləndə nizam-intizamlı sürücü olub. O yalnız 2006-ci ildə sərxoşluğa görə cərimələnib.
Sonuncu hadisə zamanı isə onun sərxoş və ya narkotik vasitənin təsiri altında olub olmamasını araşdırmaq üçün qanından analiz nümunələri götürülüb və məhkəmə tibbi ekspertizaya təqdim olunub. Nəticəsi barədə ictimaiyyətə məlumat veriləcək.