Kütləvi məzarlıqlar Ermənistanın müharibə cinayətlərinin sübutudur.
Rövşən Əhmədov: Müharibə cinayətlərinə görə cəza tədbirlərinin görülməsi beynəlxalq təşkilatların prioritet istiqamətlərindən biridir.
Bunlar Azərbaycan və Ermənistanın da iştirakçısı olduğu Cenevrə Konvensiyasında nəzərdə tutulmuşdur. Amma Ermənistan bütün bu məsələlərdə özünü görməməzliyə vurur. Çünki bu konvensiyalar onların uzun müddətdir ki, törətdikləri əməllərin cinayət olduğunu təsdiqləyən sənəddir.
30 il ərzində Ermənistan tərəfindən Azərbaycana qarşı bir sıra cinayətlər törədilib. Təəssüf ki, müharibədən sonra da toqquşmalar baş verir. Vətən müharibəsi zamanı Ermənistan münaqişə zonasından uzaqda yerləşən Tərtər, Bərdə, Gəncə və digər yüzlərlə yaşayış məntəqəsinə artilleriya və raket zərbələri endirib. Halbuki, bu ərazilərdə heç bir hərbi infrastruktur yox idi. Bununla ermənilər mülki əhalini qorxutmaq, onları həmin əraziləri tərk etməyə məcbur etmək niyyətində olubar.
Ermənistan işğal zamanı mülki obyektlərə ziyan vurub, əsirlərə, girovlara əzab verib. Həmçinin ermənilər işğal olunmuş ərazilərdə qeyri-qanuni məskunlaşma həyat keçiriblər.
Ermənistan öz silahlı qüvvələrini işğal olunmuş ərazilərdən çıxararmaq məcburiyyətində qalarkən tərk etdikləri yaşayış məntəqələrinə minalar basdırıb. Füzulidə hətta abidələrdən minalar aşkar edilib.
Ermənistan tərəfindən Azərbaycana təqdim olunan mina xəritələrinin dürüstlüyü isə 20-30 faizdir.
Minalardan zərər çəkən mülki əhaliyə görə Ermənistan məsuliyyət daşıyır.
Beynalxalq aləm tərəfindən Ermənistanın Azərbaycana qarşı törədilən müharibə cinayətlərinə lazımi diqqət yetirilmir. Azərbaycan daha çox cinayət törədən tərəf, Ermənistan isə qurban kimi göstərilir.
Dörd minə yaxın Azərbaycan vətəndaşının itkin düşdüyü təkzibedilməz faktdır.
Qərb ölkələri Ukraynada baş verən proseslərə dərhal reaksiya verir, lakin, müsəlman ölkəsi olan Azərbaycanda yaşanan müharibə cinayətlərinə etinasız qalırlar.
İstər Birinci Qarabağ müharibəsində, istərsə də, Vətən müharibəsində qanunların pozulması, mülki əhalinin öldürülməsi barədə minlərlə fakt aşkar edilib.
İşğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsi prosesi zamanı Xocalı rayonunun Fərrux kəndi və Xocavənd rayonunun Edilli kəndində kütləvi məzarlıqlar aşkar edildi. Burada Ermənistan silahlı qüvvələri tərəfindən işğal dövründə girovluqda saxlanılarkən qətlə yetirilmiş azərbaycanlıların 3 metr dərinlikdə basdırıldığı məlum olub.
İşğaldan azad edilmiş ərazilərdə aşkar edilən kütləvi məzarlıqlar ermənilərin dinc insanları etnik və dini mənsubiyyətinə görə xüsusi amansızlıqla qətlə yetirdiyini bir daha sübuta yetirir və Ermənistanın müharibə cinayətləri törətdiyini təsdiq edir.
Bu qədər faktlar qarşısında isə beynəlxalq təşkilatlar hələ də susur. İnsanlıq faciəsi törədən, beynəlxalq hüquq normalarını pozan ermənilər cəzalandırılmır. Lakin zaman gələcək Ermənistan bu cinayətlərə görə mütləq cavab verəcəkdir.
Rövşən Əhmədov, YAP Ağcabədi rayon təşkilatının sədri