AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Milli Məclisdə Mərkəzi Bankın nümayəndələri ilə görüş keçirilib

  • + A
  • - A
  • 25-10-2022, 16:13

    Milli Məclisdə Mərkəzi Bankın nümayəndələri ilə görüş keçirilib

    Oktyabrın 25-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində Mərkəzi Bankın nümayəndələri ilə görüş keçirilib.
    Komitənin sədri Tahir Mirkişili tədbiri açaraq görüşdə inflyasiya, bank sahəsində keçiriləcək islahatlar, pul-kredit siyasətinin istiqamətləri və digər məsələlərin müzakirə olunacağını deyib. O, qeyd edib ki, dövlətimizin başçısı tərəfindən bank sahəsində islahatların həyata keçirilməsi, bu sahənin özünün iqtisadi yüksəlişdə və məşğulluğun təmin olunmasında daha yaradıcı rolunun artırılması ilə bağlı konkret tapşırıqlar var.
    Tahir Mirkişili son səkkiz ayın rəqəmlərinə əsasən, Azərbaycanda kreditləşmədə, nağdsiz hesablaşmaların həcminin böyüməsində, bank sahəsində çalışan insanların sayında, eyni zamanda, məşğulluğun artımında müsbət dinamika olduğunu qeyd edib. O, bildirib ki, bu ilin səkkiz ayı ərzində ölkəmizin ixracı idxalı 19 milyard dollar üstələyib, strateji valyuta ehtiyatlarımız 5 faizdən çox artaraq 55 milyard dollara yaxınlaşıb. Hal-hazırda cari əməliyyatlar balansının müsbət saldosu 6 milyard dollardan çoxdur. Azərbaycanda makroiqtisadi vəziyyətin sabit olması islahatların daha sürətli aparılması üçün müsbət şərait yaradır.
    Komitə sədri bu gün Mərkəzi Bankla düzgün kommunikasiyanın qurulmasının əhəmiyyətindən söz açıb, bankların qarşısında duran müasir çağırışlardan bəhs edib, maliyyə bazarlarının idarə edilməsi ilə bağlı fikirlərini bölüşüb.
    Tədbirdə çıxış edən Azərbaycan Respublikası Mərkəzi Bankının sədri Taleh Kazımov görüşün təşkilinə görə Milli Məclisin sədri Sahibə Qafarovaya təşəkkürünü bildirib. O, ölkəmizdəki makroiqtisadi göstəricilərdən danışıb. Bildirib ki, Azərbaycanda son doqquz ayın makroiqtisadi nəticələrinə əsasən, Ümumi Daxili Məhsul (ÜDM) 98 milyarda çataraq 5,6 faiz real artım göstərib. Qeyri-neft sektorunda bu göstərici 10,1 faizdir. O, bildirib ki, ölkəmizin xarici ticarəti 19,2 milyard ABŞ dolları olub. Valyuta ehtiyatında 3,5 faiz artım var. Mərkəzi Bankın ehtiyatları isə 8,4 faiz artaraq, 7,7 milyard dollara çatıb.
    Çıxışında iqtisadi göstəriciləri təhlil edən Taleh Kazımov inflyasiyanın artımının səbəblərinə toxunub, Mərkəzi Bankın bu istiqamətdə atdığı addımlardan danışıb.
    Görüşdə komitə sədrinin müavini Əli Məsimli, deputatlar Vüqar Bayramov, Rüfət Quliyev, Ziyad Səmədzadə, Mahir Abbaszadə, Aydın Hüseynov, İqbal Məmmədov, Məzahir Əfəndiyev çıxış edərək ölkəmizin maliyyə dayanıqlığının artırılması, pul kredit siyasəti, infylasiya, bank kredit faizləri və qarşıda duran digər məsələlərlə bağlı fikirlərini bildiriblər, suallarını və təkliflərini səsləndiriblər.
    Daha sonra Azərbaycan Respublikası Mərkəzi Bankının sədri Taleh Kazımov deputatların qaldırdıqları məsələlərə aydınlıq gətirib, onların səsləndirdikləri sualları cavablandırıb.
    Tədbirdə deputatlar Elnur Allahverdiyev, Anar Məmmədov, Milli Məclis Aparatının İqtisadi qanunvericilik şöbəsinin müdiri Məhəmməd Bazıqov, Mərkəzi Bank sədrinin birinci müavini Rəşad Orucov və digər rəsmi şəxslər iştirak ediblər.



    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR