Nizami Səfərov,
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin mükəmməl hərbi-siyasi strategiyasının parlaq nəticəsi olan 44-günlük Vətən müharibəsində əldə edilən qələbə müasir Azərbaycan tarixinin ən yadda qalan hadisəsidir.
Xatırlatmaq lazımdır ki, dövlətimiz düşmənin kapitulyasiyası ilə nəticələnən münaqişənin dinc diplomatik yollarla, danışıqlar masası arxasında həll edilməsinin tərəfdarı olmuşdur. Ancaq təəssüf ki, münaqişənin nizamlanması üçün 24 mart 1992-ci ildə təsis edilən ATƏT-in Minsk Qrupu 29 il ərzində məsələnin həllinə deyil, sadəcə onun dondurulmasına çalışaraq, münaqişənin guya hərbi vasitələrlə həlli yolunun olmaması barədə bəyanatlarla kifayətlənmişdir və nəticədə qətiyyən Azərbaycanın maraqlarına cavab verməyən status kvonun saxlanılmasına nail olmağ istiqamətində səylər göstərmişdir. Hətta Azərbaycan Ordusu əks-hücum əməliyyatları apararkən Minsk qrupunun həmsədrləri dəfələrlə qeyd edilən məsələdə israrlı olduqlarını nümayiş etdirərək, münaqişənin həlli üçün qarşılıqlı kompromislərin qaçılmaz olduğunu bildirirmişlər. Təcavüzkara və təcavüzün gurbanına eyni münasibətin sərgilənməsinin acı nəticəsi olaraq, universal və regional səviyyədə qəbul edilən qətnamələr yalnız kağız üzərində qalmışdır. Təəcüb doğuran məqam ondan ibarətdir ki, BMT-nin əsas orqanı olan Təhlükəsizlik Şurasının erməni silahlı birləşmələrinin işğal olunmuş Azərbaycan ərazilərindən dərhal, tamamilə və qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnaməsi 27 il icra olunmadığı halda, beynəlxalq səviyyədə qəbul edilən digər qətnamələr qısa zaman kəsiyində həyata keçirilirdi.
ATƏT-in Minsk qrupunun tam fəaliyyətsizliyi 14 mart 2008-ci ildə BMT-nin Baş Assambleyası tərəfindən “Azərbaycanın işğal edilmiş ərazilərində vəziyyət” adlanan 62/243 saylı qətnamənin qəbul edilməsi prosesində özünü əyani formada biruzə verərərk, həmsədr dövlətlərin təmsilçilərinin bu əhəmiyyətli və birmənalı olaraq beynəlxalq hüquqa əsaslanan sənədin qəbul edilməsinin əleyhinə səs vermələri ilə nəticələnmişdir. Əlbəttə ki, beynəlxalq səviyyədə davamli şəkildə ikili standartların həyata keçirilməsi, Ermənistanın ardı-arası kəsilməyən təxribatları və bəyanatları, açıq şəkildə göstərirdi ki, Azərbaycan torpaqları yalnız müharibə yolu ilə azad edilə bilər. 44-günlük Vətən müharibəsi əyani formada nümayiş etdirdi ki, əldə olunmuş uğurlar Ölkə Başçısının rəhbərliyi altında davamlı olaraq həyata keçirilən və siyasətimizin əsas prioritetlərindən olan səmərəli ordu quruculuğu və iqtisadi inkişafın parlaq nəticəsidir. Ordumuzun döyüş qabiliyyətinin artırılması, ən müasir hərbi texnika ilə təchiz edilməsi, əsgər və zabitlərimizin yüksək peşəkar hazırlığı qələbəni şərtləndirən amillər sırasında xüsusi yer tutur.
Dövlətimiz döyüş meydanında BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrini icra edərək, ərazi bütövlüyümüzü və suverenliyimizi bərpa etməsi bir daha nümayiş etdirdi ki, Azərbaycan böyük Zəfər əldə edib və bütöv Cənubi Qafqaz regionunda ciddi söz sahibidir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.