27 sentyabr 2020-ci il tarixdə Ermənistan silahlı qüvvələrinin Azərbaycana növbəti dəfə təxribatının qarşısını alınması məqsədilə Müzəffər Ali Baş Komandan İlham Əliyevin başçılığı ilə Rəşadətli Ordumuzun əks hücum əməliyyatı nəticəsində uzun illər düşmən tapdağı altında olan torpaqlarımız işğal altından, düşmən tapdağından azad edildi.
Azadmedia.az - ın cənub bürosu xəbər verir ki, 27 Sentyabr - Anım Günü ilə əlaqədar, Masallı rayonu Təklə kənd ərazi dairəsində Vətən müharibəsi şəhidlərinin əziz xatirəsinə inşa edilən bulaq kompleksinin açılışı olub.
Belə ki, açılış mərasimində Təklə kənd ərazi nümayəndəsi Tural Bəşirov, Şəhidlərin ailələri, kəndin pedaqoji kollektivi və kənd sakinləri iştirak ediblər.
Tural Bəşirov çıxış edərək bildirib ki, şəhidlərimizin hər biri gənclərimizə qəhrəmanlıq örnəyidir. O qeyd edib ki, Şəhidlərin xatirəsinin əbədiləşdirilməsi ilə bağlı görülən işlər və irəli sürülən təşəbbüslər gənc nəslin vətənpərvər ruhda böyüməsinə, tərbiyə almasında misilsiz əhəmiyyətə malikdir.
Açılış mərasimində çıxış edən şəhid valideynləri, övlad itkisinin çətinliyindən danışaraq deyiblər ki, onların bu kədərlərinə, ağrı, acılarına rayon rəhbərliyinin, kənd ərazi nümayəndəliyinin və kənd sakinlərinin şərik olması, hər daim yanlarında olaraq onların qayğı və istəkləri ilə maraqlanması, əlbəttə ki, onların özlərini tənha hiss etməmələrinin önəmli səbəblərindəndir. Şəhid valideynləri həmçinin dövlətimizin başçısı, cənab Ali Baş Komandan İlham Əliyevin və I vitse-prezident xanım Mehriban Əliyevanın hər zaman qayğı və diqqətini hiss etdiklərini, şəhid ailələrinə xüsusi ehtiram və hörmətlə yanaşdıqlarını vurğulayıblar. Bulağın inşa edilməsində əməyi olan hər kəsə təşəkkürlərini bildiriblər.
Qeyd edək ki, daha sonra Təklə kənd qəbiristanlığında şəhidlərin məzarları ziyarət edilib, qəbirləri üzərinə gül-çiçəklər düzülüb və ruhlarına dualar oxunub.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.