AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Tarzənin düzüb qoşduğu şoular heç də ictimaiyyəti çaşdıra bilməz

  • + A
  • - A
  • 7-11-2022, 10:32

    Tarzənin düzüb qoşduğu şoular heç də ictimaiyyəti çaşdıra bilməz

       Bir-iki gün bundan öncə tarzən Humay xanım Qədimova özünün istaqram profilində bir paylaşım edib və o, etdiyi paylaşımında daxili işlər naziri cənab Vilayət Eyvazova açıq video-müraciətini də ünvanlayıb. Tarzən paylaşımında qeyd edir ki, “Baş Dövlət Yol Polisi İdarəsinin Ekoloji nəzarət postunda (Ekologiya postu) inspektor Vüqar Cəbrayılov, sürücümün yüksək dozalı spirtdən istifadə etməsini və bunun nəticəsi olaraq onun sərxoş olduğunu iddia edərək, sürücümü Ekoloji Nəzarət Postunda saxlayır. Həmin vaxt sürücüm inspektorun etdiyi hərəkətlərə qarşı etirazını bildirsə də, inspektor Vüqar Cəbrayılov ondan idarə etdiyi nəqliyyat vasitəsinə aid sənədləri və açarları alır. Daha sonra inspektor sürücümə bildirir ki, “sən 3(üç) min AZN verməsən avtomobilin cərimə meydançasında qalacaq”. Bu haqda sürücüm məni məlumatlandırdı, o halda ona məsləhət gördüm ki, sən təmkinli şəkildə Vüqar Cəbrayılova yaxınlaş və ondan həkimin təşkil olunmasını tələb et. Sürücüm ona yaxınlaşıb lazımi söhbətlərini etsə də, son anda heç bir nəticə olmur. Belə olan halda sürücüm “Nizami” metrosunun yaxınlığındakı Narkoloji Mərkəzə gedir və orada tibbi müayinədən keçir. Həmin vaxt sürücümə verilən tibbi arayışda onun içki içmədiyi, sərxoş olmadığı qeyd olunur və bununla bağlı ona rəsmi sənəd də verirlər. Sürücüm sənədi aparıb onlara versə də, qarşı tərəf avtomobili ona vermirlər. Daha sonra isə ondan 50 AZN pul istəyirlər. Qeyd edim ki, yol polisi əməkdaşları sürücümdən avtomobili aldıqdan sonra onu hansısa məhəllənin içində, yiyəsiz bir yerdə saxlayırlar. Son anda isə, yol polisi əməkdaşları məcbur olub avtomobili sürücümə verirlər”.
          Bəli, bütün bunlar tarzən adı ilə tanınan Humay xanım Qədimovanın istaqram profilində söylədiyi açıqlamalar olsa da, deyəsən bu xanım sənətkar söyləməli olduğu bir çox açıqlamaları da söyləməyi yaddan çıxarır. Yəni, sual oluna bilər ki, əgər Ekoloji Nəzarət Postunda inspektor Vüqar Cəbrayılov tərəfindən Humay xanım sürücüsünə qarşı bu cür ədalətsizliklər baş veribsə, səbəb nə olub ki, baş verənlərlə bağlı sürücünün özü danışmır, danışmaq ixtiyarı xanım sənətkarın ixtiyarına buraxılır?. Digər tərəfdən, xanım sənətkar iddia edir ki, guya onun sürücüsündən avtomobili buraxmaq üçün ilk əvvəl 3(üç) min AZN istənilir. Əslində bu cür açıqlama şər-böhtandan başqa bir şey deyil. Çünki, İnzibati Xətalar Məcəlləsində (İXM) sərxoş halda avtomobil idarə edənlərə qarşı cərimə tətbiqini nəzərdə tutan məbləğ həddi var. Yəni, həmin məbləğ heç də 3(üç) min AZN həddində deyil. Odur ki, heç bir inspektor sərxoş şəkildə saxladığı sürücüdən 5 (beş) qat artıq “haqq-hesab” tələb etməz. İndi hansı dövr, hansı zəmanədir? Bundan əlavə, Humay xanım onu da bildirir ki, sürücümdən avtomobil alındıqdan sonra yol polisi əməkdaşları onu hansısa məhəllənin içində, yiyəsiz bir yerdə saxlayırlar. Bu cür açıqlama, sanki ən böyük gopalogiyadır. Necə ola bilər ki, yol polisi əməkdaşları iş saatlarında iş-güclərini buraxırlar və saxlanılan avtomobili kənar bir məhəllənin içinə aparıb yiyəsiz bir yerdə saxlayırlar? Belə bir açıqlamadan sonra ortaya düşündürücü sual da çıxır ki, nə əcəb ortada Humay xanımın söylədiklərini təsdiq edən hansısa bir foto-şəkil yoxdur? Yəqin ki, xanım sənətkara sürücü işləyən şəxs kifayət qədər ayıq-sayıq olan bir şəxsdir. Bundan əlavə, söylənilən olaylarla üz-üzə qalan sürücü istənilən halda idarə etdiyi avtomobilinin şəkilini çəkmək, yaxud da arada olan danışıqların səsyazısını həyata keçirmək imkanına malik olub. Sual oluna bilər ki, iddia olunan faktları sübuta yetirmək üçün, görəsən Humay xanım Qədimovanın sürücüsü niyə lazımi addımlarını atmayıb? Xanım sənətkar onu da iddia edir ki, sürücüm “Nizami” metrosunun yaxınlığındakı Narkoloji Mərkəzə gedir və orada tibbi müayinədən keçib lazımi sənədi əldə edir. Belə olan halda kim təsdiq edə bilər ki, Humay xanımın sürücüsü qeyd olunan sənədi tam şəffaf şəkildə əldə edir? Yəni, qeyd olunan sənəd əldə olunarkən heç bir “fiksiya” baş vermir? Digər tərəfdən, gün ərzində Ekoloji Nəzarət Postunun qarşısından gün ərzində on, bəlkə də yüz minlərlə nəqliyyat vasitələri ötüb keçir. O halda sual oluna bilər ki, həmin gün nə baş verdi, yaxud da hansı olay yaşandı ki, iddia olunan münasibət yalnız və yalnız xanım sənətkarın sürücüsünə qarşı tətbiq olundu? Axı, Ekoloji Nəzarət Postu ölkəmizin hansısa ucqar ərazisində deyil, məhz mərkəzi ərazisində yerləşdiyindən, bu postda çalışanların fəaliyyətləri hər zaman rəhbər şəxslərin nəzarətində olur. Odur ki, Humay xanımın  istaqram profilində etdiyi paylaşımlar boş-boş xülyalardan başqa bir şey deyil.
        Söz yox ki, mətnin giriş hissəsində qeyd olunanların hər biri tarzən Humay xanım Qədimova tərəfindən ictimailəşdirilən, amma lazımi dəlil-sübutu olmayan əsassız açıqlamalardır. Ona görə də düşünmək olar ki, xanım sənətkar bu cür şouları ilə bir növ özünü gündəmdə saxlamaq istəyir, yaxud da öz adı ətrafında hansısa yanaşmanın formalaşmasına çalışmaq niyyətinə düşür. Yuxarıda iddia olunanları təhlil edib belə qənaətə gəlirik ki, “sənətkaram” deyə özünü ictimaiyyətə təqdim edən hər kəs, o cümlədən Humay xanım da, məhz bu cür addımları ilə özünə heç bir divident qazandırmır, əksinə o, bu cür şouları düzüb-qoşmaqla özünü ucuzlaşdırır. Əslində hər bir sənətkar öz nüfuzuna xələl gətirəbiləcək addımlardan çəkinməli, ucuz şoulara həvəs göstərməməli, necə deyərlər məşğul olduğu sənətinin daha da hörmətli olmasına çalışmalıdır. Odur ki, hər bir sənətkara belə bir tövsiyyəmizi çatdırmaq istəyirik ki, addımınızı atarkən yüz dəfə ölçün, bir dəfə də biçin. Yəqin ki, o halda əldə etdikləriniz uğurlarınız daha çox, məşğul olduğunuz sənətiniz isə, məhz daha hörmətli olar.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR