Azərbaycan Respublikasının Tehrandakı səfiri Əli Əlizadə rəsmi şəxslərin anti-İran bəyanatları ilə əlaqədar İran Xarici İşlər Nazirliyinə çağırılıb. Azadmedia.az TASS-a istinadən xəbər verir ki, bu barədə cümə axşamı İslam Respublikasının Xarici İşlər Nazirliyi məlumat yayıb.
"Azərbaycanın İran İslam Respublikasındakı səfiri yüksək rütbəli Azərbaycan rəsmilərinin qeyri-dost bəyanatlarına etiraz olaraq xarici işlər nazirinin köməkçisi tərəfindən Xarici İşlər Nazirliyinə çağırılıb", - İSNA agentliyi Xarici İşlər Nazirliyinə istinadən yazıb.
Söhbət zamanı İran tərəfi A.Əlizadəyə “Azərbaycan rəsmilərinin qeyri-dost ritorikası”, eləcə də Azərbaycan mətbuatında İranın həqiqətə uyğun olmayan görüntüsünün yaradılması ilə bağlı kəskin etirazını bildirib. Tehran gözləyir ki, Bakı tərəfindən bu cür hərəkətlər “ən qısa zamanda” dayandırılacaq və gələcəkdə təkrarlanmayacaq.
Azərbaycan səfiri də öz növbəsində İranın diplomatik nümayəndəliyinə Bakıda aparılan söhbət barədə dərhal məlumat verəcəyini bildirib.
Xatırladaq ki, noyabrın 1-də Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti (DTX) “İran xüsusi xidmət orqanlarının nəzarəti altında yaradılmış” qanunsuz silahlı dəstənin ifşası barədə məlumat yayıb. Qurumdan verilən məlumata görə, qrup üzvlərindən onların qanunsuz silahlı birləşmələrin hərbi təlimlərində iştirakını göstərən çoxsaylı sübutlar, respublika ərazisində yayılması qadağan olunmuş, radikal, dini ekstremist baxışları təbliğ edən müxtəlif ədəbiyyat aşkar edilərək götürülüb. Məlumatda bildirilir ki, saxlanılan şəxslər üçüncü dövlətlərin ərazisindən keçərək Tehrana aparılıb, oradan isə Suriyaya aparılıb, orada hərbi təlimlərə cəlb olunub, müxtəlif odlu silahlardan istifadə qaydalarını və döyüş taktikalarını öyrədiblər.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.