“İgidlərin sözü” adlı antologiyanın təqdimat mərasi keçirilib.
Azadmedia.az xəbər verir ki, Beynəlxalq Muğam Mərkəzində Mədəniyyət Nazirliyinin dəstəyi, “İgidlərin sözü” layihəsinin müəllifi və rəhbəri şairə Nigar Həsənzadənin təşəbbüsü ilə “İgidlərin sözü” adlı antologiyanın ictimaiyyət üçün geniş təqdimatı keçirilib.
Xatırlatmaq istəyirik ki, “İgidlərin sözü” kitabının ilk təqdimatı bu ilin yay ayında Şuşada Vaqif Poeziya günlərində olmuşdu.
Kitab təqdimatın Milli Məclisin deputatları Qənirə Paşayeva, Ceyhun Məmmədov, “YAŞAT” fondunun sədri Elvin Hüseynov, Mədəniyyət Nazirliyinin Kitab sənayesi şöbəsinin müdiri Akif Marifli, Vətən müharibəsi iştirakçıları, “Şəhid analarına dəstək” İctimai Birliyininin üzvləri, şəhid ailələri və övladları, Azərbaycan mədəniyyət və incəsənət xadimləri iştirak edirdilər.
Azərbaycan himni səsləndirildikdən sonra, şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.
Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Vətən uğrunda döyüşən qəhrəmanlarımızın sözü və əməlinin bir olduğunu qeyd etdi. Qanları ilə tarix yazan igidlərin, həm də tarixdə qalacaq sözlərinin bir kitabda şeir kimi toplanmasını alqışladığını dedi. O bu gün Azərbaycanın dünyadakı nüfuzundan danışaraq, prezident İlham Əliyevin apardığı siyasətdən, şəhid və qazi ailələrinə göstərdiyi diqqətdən danışıb.
Kitabın təqdimatında iştirak edən “YAŞAT” fondunun sədri Elvin Hüseynov hələ aprel döyüşlərindən sonra birinci vitse-prezident Mehriban xanım Əliyevanın qazilərlə görüşündə səsləndirdiyi “Bizim oğullarımız tarixi ədaləti bərpa edəcəklər” fikrini səsləndirərək bildirib ki, bu gün Azərbaycanın mərd oğulları sözün həqiqi mənasında tarixi ədaləti bərpa edirlər.
Mədəniyyət Nazirliyinin şöbə müdiri Akif Marifli qələbəmizin tarixi əhəmiyyətini qeyd edərək, Mədəniyyət Nazirliyinin bu sahədə nəşr etdirdiyi kitablardan və keçirdiyi tədbirlərdən danışıb. Akif Marifli bildirib ki, layihənin həyata keçirilməsində məqsəd 44 günlük Vətən müharibəsində vətənimizin ərazi bütövlüyü uğrunda mübarizə aparan igid oğulların yaradıcılıq nümunələrini nümayiş etdirmək və onların rəşadət və şücaətini gələcək nəsillərə ötürməkdir.
“İgidlərin Sözü” kitabının tərtibatçısı və redaktoru Azərbaycan Yazıçılar Birliyinin üzvü, jurnalist Aida Eyvazlı Göytürk öz çıxışında bildirib ki, bu kitab asan başa gəlməyib.
Redaktoru olduğum “İgidlərin SÖZÜ” antalogiyasında söz-söz, sətir-sətir yandım, qovruldum, bənd-bənd dirçəldim, bütövləşdim. Vətən kimi bütövləşdim! Bu SÖZ-ləri yazan İgidilərin hər biri Vətəndir! Türk dünyasının savaş igidlərinin yaradıcılığından bəhs edən ilk qaranquşudur, ilk antologiyadır.
Daha sonra kitabda şerləri işıq üzü görən Vətən müharibəsi iştirakçıları Vüsal Hətəmov, Kərəm Aydın, Emin Piri, Sərxan Yolçuyev, Həsən Kür, Orxan Səlifov, Cavid Əli oğlu , Tofiq Əhməd, Eyvaz Əyyub, Səbuhi Qurbanov, Elvin İntiqamoğlu, Oğuz Alparslan, Nicat Ağayevin, Tamerlan Əsədov öz şerlərini səsləndirdilər.
Tədbirin sonunda “Söz” və “İgidlərin Sözü” layihələrin müəllifi və rəhbəri şairə Nigar Həsənzadə dedi ki, bugünkü gün adi günlərə bənzəmədi.
İnanırıq ki, məclisimizə dəvət etdiyimiz şəhid anaları, şəhid övladları, sözü böyük olan qazilərimizin yaxınları, doğmaları bu günü, onlara yaşatdığımız bu gözəl və həzin, bir az sevinc və kədər qarışıq anları ən əziz xatirə kimi, ən şirin söz kimi hər zaman yaddaşlarında saxlayacaqlar. Necə ki, biz bu böyük Zəfəri yazanları unutmuruq, onların Sözlərini də heç vaxt unutmaq olmaz. Çünki o Söz İgidlərin sözüdür!