Ümummilli lider Heydər Əliyevin xilaskar missiyası sayəsində bu günlərdə yaranmasının 31 illiyini bayram etdiyimiz Azərbaycan Respublikasının dövlət müstəqilliyi qorunub saxlanıldı. Onun rəhbərliyi altında həyata keçirilən islahatlar nəticəsində ölkə dinc inkişaf yoluna qədəm qoydu.
Ulu öndər Heydər Əliyevin xarici siyasət kursunun əsas prinsiplərindən biri də Azərbaycana hörmət və ehtiramla yanaşan bütün ölkələrlə münasibətlərin tənzimlənməsi, əlaqələr qurulması, bərabərhüquqlu və səmərəli əməkdaşlığın təmin edilməsi idi. Azərbaycan xalqının və müstəqil dövlətimizin inkişafında Heydər Əliyevin müstəsna xidmətləri bu dahi şəxsiyyətin həm ölkə daxilində qazandığı misilsiz nailiyyətlərlə, həm də uğurla həyata keçirdiyi xarici siyasət sahəsində əldə etdiyi mühüm nəticələrlə əlaqədardır.
Albaniya Azərbaycanın dövlət müstəqilliyini tanıyan ilk ölkələrdəndir. Gələn il Albaniya ilə Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 30 ili tamam olur. İlk vaxtlardan bu dost və tərəfdaş ölkələrin ikitərəfli münasibətlərinin uğurla inkişafı diqqətdə saxlanılır. Albaniya ilə Azərbaycan arasında əməkdaşlığın inkişafı hər iki ölkənin xarici siyasətinin vacib istiqamətlərindən biridir.
Ötən illər ərzində iki ölkənin münasibətlərinin inkişafında yüksək səviyyəli səfərlər və görüşlər təşkil olunub. Azərbaycanla Albaniya arasında iqtisadi əlaqələrin genişləndirilməsinə, ticarət dövriyyəsinin artırılmasının hər zaman mühüm önəm verilib. Cari ilin noyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Albaniyanın paytaxtı Tiranada şəhərinə rəsmi səfəri zamanı ölkələr arası münasibətlərə toxunaraq demişdir: “Azərbaycan və Albaniya arasında konstruktiv siyasi dialoq mövcuddur. Albaniya prezidentləri əvvəlki illərdə Azərbaycana dəfələrlə səfər etmişdilər. Bu il keçmiş Prezident Meta Azərbaycanda səfərdə idi. Eyni zamanda, bu ilin aprel ayında Baş nazir Edi Rama da bizim qonağımız idi. Siyasi dialoqun çox güclü dinamizmi var”
Məlum olduğu kimi, Albaniya Azərbaycanın enerji sahəsində əməkdaşlıq etdiyi əsas ölkələrdən biridir. Belə ki, Cənub Qaz Dəhlizinin sonuncu seqmenti olan Trans-Adriatik Boru Kəməri (TAP) layihəsinin həyata keçirilməsi strateji əhəmiyyət daşıyır və hər iki ölkə bu istiqamətdə uğurla əməkdaşlıq edir. Azərbaycan və Albaniya TAP layihəsinin üzvləri kimi Cənub Qaz Dəhlizinin icrasında çox önəmli rol oynayır.
Müstəqliiyimizin ilk illərində olduğu kimi Vətən müharibəsi zamanı Azərbaycanın ərazi bütövlüyünə verdiyi dəstəyi yüksək qiymətləndirən Dövlət başçısı cənab İlham Əliyev Albaniyanın Azərbaycan üçün dost və qardaş ölkə olduğunu qeyd etmişdir. Səfər zamanı Ölkə başçısı bu dəstəyi yüksək qiymətləndirərək demişdir: “Beynəlxalq təşkilatlardakı uğurlu əməkdaşlığımız bizim əlaqələrimizi gücləndirir. Albaniya həmişə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib və bu dəstək həmişə qarşılıqlı olub. Həm işğal dövründə, həm İkinci Qarabağ müharibəsi dövründə Albaniya rəsmilərinin bəyanatlarını, Azərbaycanın ərazi bütövlüyünə göstərilən dəstəyi biz çox yüksək qiymətləndiririk”.
Göründüyü kimi Müstəqil Azərbaycan bir çox ölkələrlə dövlət müstəqilliyi meyarları əsasında qarşılıqlı əlaqələrini genişləndirməkdə davam edir. Albaniya-Azərbaycan dostluğu və əməkdaşlığı, ümumiyyətlə, qarşılıqlı əlaqələrin böyük etimada əsaslandığını hər addımda sübut etməkdədir. Ölkə başçısının iştirakı ilə bu ölkənin dövlət rəhbərləri ilə keçirilən ikitərəfli və çoxtərəfli görüşlər iqtisadi əhəmiyyəti ilə yanaşı, həm də ölkələrarası münasibətlərdəki dostluq və həmrəyliyin də əyani təzahürüdür.
Günay Məhərrəmova
ADPU-nun Beynəlxalq əlaqələr şöbəsinin müdiri
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.