AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“Şuşa mədəniyyətinin inciləri”: maestro Niyazi

  • + A
  • - A
  • 21-11-2022, 15:50

    “Şuşa mədəniyyətinin inciləri”: maestro Niyazi


    Mədəniyyət Nazirliyindən Azadmedia.az-a verilən məlumata görə, “Şuşa mədəniyyətinin inciləri” layihəsi müxtəlif bölmələr üzrə təqdimatlarla davam edir. “Şuşa İli” münasibətilə həyata keçirilən layihənin “Şuşanın simaları” bölməsinin növbəti təqdimatı maestro Niyaziyə həsr olunub.

    Dünyaşöhrətli dirijor, bəstəkar, ictimai xadim, SSRİ Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı Niyazi Zülfüqar oğlu Tağızadə–Hacıbəyov 1912-ci ildə avqustun 20-də Tbilisi şəhərində dövrünün tanınmış bəstəkarı Zülfüqar Hacıbəyovun ailəsində anadan oluub. Əslən Şuşalıdır.

    O, Azərbaycan bəstəkarlarının bir çox simfonik və musiqili səhnə əsərlərinin kantata və oratoriyalarının ilk ifaçısı olmaqla yanaşı, bu əsərlərin təqdimatında özünəməxsus orijinal ifaçılıq üslubu yaradıb. Azərbaycan milli dirijorluq məktəbinin formalaşması onun adı ilə bağlıdır.

    Xosrov və Şirin" operasının (1942), "Çitra" baletinin (1961), "Zaqatala süitası" (1934), "Qaytağı" (1939), "Konsert valsı" simfonik əsərlərinin, "Rast" simfonik müğamının (1949) "1920-ci ildə" opera-kantatasının, simfonik orkestr üçün "Rəqs süitası"nın, Hindistan yazıçısı Rabindranat Taqorun əsərləri əsasında yaratdığı "Çitra" baletininin (1962) və sairə musiqi əsərlərinin müəllifidir.

    Niyazi Z. Hacıbəylinin "Aşıq Qərib", Ü. Hacıbəylinin "Arşın mal alan" və s. əsərlərinin yeni redaksiyalarını hazırlayıb, Azərbaycan xalq mahnılarını ("Xumar oldum", "Qaragilə", "Ay bəri bax", "Küçələrə su səpmişəm" və s.) simfonik orkestr üçün işləyib, 1935-ci ildə "Rast" və "Şur" muğamlarını nota salıb.

    Niyazi 1934-cü ildə "Zaqatala süitası"nı yazıb, 1944-cü ildə iki hissəli "Qəhrəmanlıq" simfoniyası üzərində işini bitirib. Azərbaycan musiqisində ilk simfonik əsərlərin müəlliflərindən olan Niyazi milli simfonizmin təşəkkülü və inkişafında əhəmiyyətli rol oynayıb.

    İfaçılıq sənəti tanınmış sənətkarlar D. Şostakoviç. Ş. Q. Şarayev, K. Sekki, B. Tarcan, V. Dobiaş və b. tərəfindən yüksək qiymətləndirilən Niyazi Azərbaycana qayıdaraq Dövlət Akademik Opera və Balet Teatrının bədii rəhbəri və baş dirijoru təyin edilib.

    Niyazinin "Konsert valsı" və s. simfonik əsərləri, fortepiano ilə orkestr üçün konserti klassik musiqi əsərləri hesab olunur. O, "Təbrizim", "Dağlar qızı", "Vətən haqqında mahnı", "Arzu" mahnılarının müəllifidir. Niyazi Ə. Haqverdiyevin "Dağılan tifaq", C. Cabbarlının "Almas", S. Vurğunun "Vaqif”, A. Korneyçukun "Polad qartal" dram tamaşalarına, həmçinin "Almas", "Kəndlilər", "Fətəli xan" və s. kinofilmlərə yazılan musiqilərin müəllifidir.

    Niyazi 1984-cü ildə avqustun 2-də Bakı şəhərində vəfat edib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR