Bugün Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi və Azərbaycan Braziliya Ciu-citsu İctimai Birliyinin təşkilatçılığı, Azərbaycan Braziliya Ciu-citsu Federasiyasının dəstəyilə Ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş Açıq Bakı Turniri keçirilmişdir.
Yarışın açılışında Ulu öndərin xatirəsinin yad edilməsi və Azərbaycan himninin səsləndirilməsinin ardınca Braziliya Ciu-citsu Federasiyasının prezidenti Aqil Acalov qonaqları salamlayaraq turniri açıq elan etmişdir. O, çıxışında ümummilli lider Heydər Əliyevin idmana xüsusi qayğısından, müasir idmanın formalaşmasında əhəmiyyətli rolundan danışmış, onun xatirəsinə həsr olunan silsilə tədbirlərin adət üzrə qarşıdan gələn “Heydər Əliyev ili”ndə də keçiriləcəyini bildirmişdir.
Daha sonra Braziliya Federativ Respublikasının Azərbaycandakı səfirinin müşaviri Aleşandre Azevedo Silveira öz çıxışında ölkəmizdə Braziliya döyüş sənətinin bu növünə olan diqqətdən və Azərbaycanla Braziliya arasında idman sahəsində əməkdaşlığın, mədəni və işgüzar əlaqələrin davamlılığından məmnun olduğunu bildirmişdir.
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəis müavini Rəşad Əliyev çıxışında Ulu öndərin həyata keçirdiyi idman siyasətinin idmanın inkişafında təkanverici rolundan danışaraq həmin siyasətin müasir idmanın bünövrəsini təşkil etdiyini, onun xatirəsinə həsr olunmuş tədbirlərin davamlılığının vacibliyini vurğulamış və yarış iştirakçılarına uğurlar arzulamışdır.
Çıxışlardan sonra Braziliya Ciu-citsu Federasiyasının prezidenti Aqil Acalov Braziliya Federativ Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Manuel Adalberto Karlos Monteneqro Lopes da Kruzun təltif olunduğu Fəxri fərmanı müşavirə təqdim etmişdir.
Ardınca bədii hissədə Respublikanın əməkdar artisti Zaur Əmiraslanov Ulu öndərə həsr olunmuş ifası ilə çıxış etmişdir.
Uşaqlar, yeniyetmələr, gənclər və böyüklər arasında yarışlarda respublikanın müxtəlif bölgələrindən müxtəlif yaş qruplarından və çəki dərəcələrindən olmaqla 200-ə yaxın idmançı iştirak etmişdir. Sonda qaliblər medal və mükafatlarla təltif olunmuşdur.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.