LDU-nun müstəqil ali təhsil müəssisəsi kimi fəaliyyət başlamasının 30 illik yubileyi keçirilib.
Azadmedia.az - Dekabrın 17-də Lənkəran Dövlət Universitetinin müstəqil ali təhsil müəssisəsi kimi fəaliyyətə başlamasının 30 illik yubileyilə bağlı Lənkəran şəhər Heydər Əliyev Mərkəzində tədbir keçirilib. Tədbirdə Elm və təhsil naziri Emin Əmrullayev, Lənkəran ŞİH-nin başçısı Taleh Qaraşov, millət vəkili Rüfət Quliyev, ölkəmizdə fəaliyyət göstərən çoxsaylı universitetlərin rektorları da iştirak ediblər. Tədbir iştirakçıları öncə Ümummilli Lider Heydər Əliyevin Lənkəran şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edib, önünə tər çiçəklər düzüb, hörmət və ehtiramlarını ifadə ediblər. Daha sonra tədbir iştirakçıları Heydər Əliyev Mərkəzində LDU-nun tələbələrinin əl işlərindən ibarət rəsm sərgisi və universitetin nəşr etdiyi kitab və jurnallarla tanış olublar.
Dövlət himninin səslənməsi, torpaqlarımızın azadlığı, suveren hüquqlarımızın bərpası və sərhədlərimizin qorunması uğrunda əbədiyyətə qovuşan şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad olunduğu tədbirdə giriş nitqi ilə LDU-nun rektoru Natiq İbrahimov çıxış edib. Rektor LDU-nun yaranma tarixi, keçdiyi inkişaf yolu və hazırki fəaliyyəti barədə geniş məlumat verib. N.İbrahimov bildirib ki, LDU ötən 30 il müddətində təhsil səviyyəsinin yüksəldilməsində, ali təhsil ocağının maddi-texniki bazasının beynəlxalq standartlara uyğunlaşdırılmasında, kadr hazırlığında, habelə pedaqoji heyətin maddi rifah halının yaxşılaşdırılması üçün yüksək maaşla təmin olunmasında, dövrün tələblərinə uyğun olaraq yeni fakültələrin, ixtisasların yaradılmasında kifayət qədər inkişaf yolu keçib.
Elm və təhsil naziri Emin Əmrullayev ölkəmizdə təhsilin yaranma tarixi, təhsilin, eləcə də peşə təhsilinin son dövrlərdə keçdiyi inkişaf yolundan danışıb. Ötən dövrlərlə müqayisədə statistik rəqəmləri xatırladan nazir qeyd edib ki, 2026-cı ilədək ali təhsil alan tələbələrin illik sayının 60 mindən 75 minədək yüksəldilməsi nəzərdə tutulur. E.Əmrullayev regionlarda yeni ixtisasların yaradılması perspektivləri barədə də fikirlərini bölüşüb və qeyd edib ki, LDU-u regionda yerləşən universitetlərin içində son dövrlər inkişaf dinamikasına görə birinci yerdədir. Onun sözlərinə görə, tələbə kontingentinin 5400-dən 10 minədək artırılması üçün LDU-nun potensialı var.
Lənkəran ŞİH-nin başçısı Taleh Qaraşov LDU-nun yaranma tarixi barədə danışaraq bildirib ki, universitetin inkişafı ilk növbədə Ümummilli Lider Heydər Əliyevin start verdiyi ali təhsil islahatları ilə bağlıdır. Ulu Öndərin “Lənkəran Dövlət Universiteti təhsil və elm ocağı olmaqla, həm də bölgənin böyük mədəniyyət mərkəzidir” fikrini xatırladan icra başçısı qeyd edib ki, LDU daim Ümummilli Lider Heydər Əliyevin diqqət mərkəzində olub. Taleh Qaraşov cənub bölgəsində ilk və yeganə ali təhsil ocağı olan LDU-nun regionun inkişafında, kadr təminatında, gənc nəslin vətənpərvər ruhda yetişməsində oynadığı rolundan danışıb. Onun sözlərinə görə, Azərbaycan gənclərinin təhsillə əhatə olunmasının təkcə paytaxtda deyil, bölgəmizdə də davam etməsi sevindirici haldır. Ölkənin gələcək inkişafının təhsillə bağlılığını xatırladan icra başçısı son 10 ildə LDU-da baş verən dəyişiklikləri canlı müşahidə etdiyini və baş verən dəyişikliklər fonunda sözügedən ali təhsil ocağının bu missiyanın uğurla həyata keçirdiyini qeyd edib.
Çıxışlardan sonra LDU-nun yaranmasının 30 illiyini özündə əks etdirən video çarx nümayiş olunub, dövlət başçısının müvafiq sərəncamları ilə fəxri ada laiq görülən professor və müəllimlərə medallar təqdim edilib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.