Məzahir Əfəndiyev
Azərbaycan Respublikası
Milli Məclisinin deputatıDünya siyasi arxitekturasının dəyişdiyinin müşahidə olunduğu bir zamanda, xüsusilə də dördüncü sənaye inqilabının gətirdiyi yeni çağırışlar fonunda hər bir ölkə proseslərin iştirakçısı olaraq öz maraqlarını təmin etməyə çalışır.
Azərbaycan 2020-ci ildə regionda yeni reallıqların yaradılmasında öz imkanlarını səfərbər edərək iştirak etdi və Cənubi Qafqazda davamlı sülhün təmin olunması istiqamətində, habelə postmüharibə dövrünün mükəmməl idarə olunmasını həyata keçirir. Bu istiqamətlərdən biri də beynəlxalq platformalar vasitəsi ilə Azərbaycan xalqının maraqlarını açıq və aydın ifadə etmək, qarşıya qoyulmuş hədəflərə nail olunmasında daha dərin addımlar atmaqdır.
Regionun aparıcı qüvvəsi, lokomotivi olaraq artıq ölkəmizin geosiyasi əhəmiyyətinin, nüfuzunun gündən-günə artdığını müşahidə etməkdəyik. Dünyada, xüsusilə də Avropa qitəsində enerji təchizatı və təhlükəsizliyi bu günki günün reallıqlarında vacib məsələ olduğundan dünya dövlətlərinin, ələxsus Avropa İttifaqının Azərbaycana olan marağını Prezident İlham Əliyev düzgün istifadə edərək bu sahəni də iqtisadiyyatın şaxələndirilməsi, işğaldan azad olunmuş ərazilərə xarici investorların cəlb edilməsi, eyni zamanda sülhün əldə olunmasında yeni siyasət kimi istifadə edir.
Rusiya-Ukrayna müharibəsinin qlobal enerji bazarlarına ciddi zərbə vurması enerji ixrac və idxal edən ölkələri daha ehtiyatlı davranmağa, yeni enerji mənbələri axtarmağa məcbur edir. Şübhəsiz ki, belə bir zamanda Azərbaycan kimi zəngin enerji resursları və təcrübəsi olan ölkələrə xüsusi diqqət yetirilir.
Bu baxımdan cari ilin 17 dekabr tarixində Rumıniyanın Buxarest şəhərində Prezident İlham Əliyevin iştirakı ilə “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”in imzalanması həm Azərbaycanın beynəlxalq layihələrin idarə və icra olunmasında əhəmiyyətli rolunun göstəricisi, həm də Avropa İttifaqının yeni enerji resurslarına çıxış imkanını artıracaq, eyni zamanda dövlətlərarası eko-dialoqun inkişafına əməli töhfə verəcəkdir.
Təsadüfi deyil ki, Sazişin imzalanma mərasimində Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen də iştirak edirdi. Xanım Lyayenin qeyd etdiyi kimi, “Bu Saziş Avropa İttifaqını Cənubi Qafqazdakı tərəfdaşlarına daha da yaxınlaşdıracaq və regionlarımıza təmiz enerjiyə keçidə nail olmağa kömək edəcək”.
Son illərdə planetimizdə ekoloji vəziyyətin sərtləşməsi və qarşılaşdığımız ekoloji böhranlar dünyada daim ciddi iqtisadi problemlərlə mübarizədə ölkələri üz-üzə qoymuşdur. Pandemiyanın qlobal iqtisadiyyatı zəiflətməsi ilə yanaşı, son dövrlərdə BMT-yə üzv olan hər bir ölkənin iqlim dəyişikliyi sahəsində ciddi mübarizə tədbirləri görməsi bir çox dövlətlər üçün vəziyyəti daha da həssas etmişdir.
Günümüzün aktual mövzularından olan iqlim dəyişikliyi ilə mübarizədə, habelə qlobal siyasi problemlərin həllində eko-dialoqun aparılması ən mühüm addımlardan biri hesab olunmalıdır. Son zamanlar dünyada baş verən münaqişələr və iqtisadi kataklizmlər fonunda “yaşıl enerji”nin vacibliyi daha da aktuallaşıb. Dövlətlər, qeyri-hökümət təşkilatları, vətəndaş cəmiyyətləri, beynəlxalq təşkilatlar bu gün dünyada ekoloji təhlükəsizliyin təmin olunmasında öz səylərini əsirgəməməlilər.
Yerləşdiyi coğrafi quruluş və iqlim qurşaqlarının müxtəlifliyi deməyə imkan verir ki, Azərbaycan bərpa olunan enerjinin istehsalı və ixracında böyük potensiala malikdir. Bu baxımdan bərpa olunan enerji mənbələrindən istifadə hər zaman diqqət mərkəzində olub.
Son illər Azərbaycan alternativ enerjinin istehsalı və istifadəsi işində çox ciddi addımlar atmış, xüsusilə quruda və dənizdə külək, habelə günəş enerjisinin, ümumilikdə yaşıl enerjinin yaradılması sahəsində uğurlu təcrübə əldə olunmuşdur. Bu yaşıl enerji əsasında istehsal olunan elektrik enerjisinin ixracı Azərbaycanın qlobal enerji bazarında yeni dövrün başlanğıcı ola bilər.
Cənab Prezidentin Sazişin imzalanma mərasimində vurğuladığı kimi, “Bu gün biz Avropaya digər enerji körpüsünü salmağa başlayırıq. Ölkəmiz Avropanın mühüm elektrik enerjisi, əsasən, yaşıl enerji təchizatçısına çevrilməyi planlaşdırır”.
Azərbaycanın imzaladığı Saziş ölkəmizin növbəti illərdə baş verə biləcək qlobal iqtisadi inqilaba tam hazır olduğunu bir daha sübut etdi. Belə ki, hələ 2015-ci ildə BMT-nin üzv dövlətləri tərəfindən yekdilliklə qəbul olunan Dayanıqlı İnkişaf Məqsədlərində nəzərdə tutulan hədəflərə nail olmaq üçün Azərbaycan hərtərəfli fəaliyyət göstərməkdədir. Dünyada yaşıl iqtisadiyyatın tətbiqinin sürətlənməsi, alternativ enerji mənbələrinin axtarılması və zəruri infrastrukturun hazırlanması, bütövlükdə imzalanan Sazişə əsasən görüləcək işlər 2030 Gündəliyinin çağırışları, xüsusilə də DİM7 (Sərfəli və təmiz enerji), DİM16 (Sülh, ədalət və səmərəli institutlar), DİM17 (Məqsədlər üçün tərəşdaşlıq) hədəfləri ilə eynilik təşkil edir. Bu, öz növbəsində Azərbaycanın həyata keçirdiyi bütün layihələrdə Dayanıqlı İnkişaf Məqsədlərinin hədəflərini nəzərə aldığının, qlobal Gündəliyin icrasına verilən töhfənin bariz nümunəsidir.