BMT-nin verdiyi məlumatlara görə, dünya ərzaq qiymətləri ardıcıl olaraq doqquzuncu ay (dekabr) aşağı düşüb. Baxmayaraq ki, qiymətlər 2022-ci ildə bütün il boyu rekord səviyyəyə çatmışdı.
Rusiyanın dünyanın əsas buğda və yağ tədarükçüsü olan Ukraynanı işğal etməsindən sonra ərzaq qiymətləri mart ayında aylıq rekord həddə idi. Ukraynanın taxıl ixracına mane olan Rusiya dəniz blokadası iyul ayında Türkiyə və BMT-nin vasitəçiliyi ilə əldə edilən razılaşmadan sonra aradan qaldırılıb.
Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) cümə günü bildirib ki, ərzaq malları səbətinin beynəlxalq qiymətlərindəki aylıq dəyişikliyi izləyən qiymət indeksi dekabrda 132,4 bəndədək azalıb ki, bu da noyabrdan 1,9 faiz az deməkdir.
Bu, həmçinin 2021-ci ilin dekabr ayı ilə müqayisədə bir faiz aşağı olub. Lakin indeks 2022-ci ildə əvvəlki illə müqayisədə 14,3 faiz yüksək olub, bütün zamanların ən yüksək səviyyəsinə - 143,7 bəndinə çatıb.
FAO-nun baş iqtisadçısı Maksimo Torero "iki çox dəyişkən ildən sonra daha sakit qida məhsullarının qiymətləri müsbət qarşılanır" deyib.
Torero düyü qiymətlərinin artması və "gələcək tədarüklərlə bağlı hələ də bir çox risklərin" olması ilə bir çox əsas məhsulların rekord həddə çatdığını bildirib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.