AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“Siyasi partiyalar haqqında” yeni Qanunun qəbulu zərurət idi

  • + A
  • - A
  • 15-01-2023, 18:07

    “Siyasi partiyalar haqqında” yeni Qanunun qəbulu zərurət idi


    Məşhur Məmmədov,
    Millət vəkili

    Artıq qüvvədən düşmüş “Siyasi partiyalar haqqında” Azərbaycan Respublikasının Qanunu 30 il bundan əvvəl - 1992-ci il 3 iyun tarixində qəbul edilmişdir. Ölkədə formalaşan yeni siyasi konfiqurasiya qanunvericilik sahəsində də siyasi sistemin təkmilləşdirilməsi üçün Milli Məclis tərəfindən lazımi addımların atılmasını zəruri etmişdir. Bu baxımdan Milli Məclisdə təmsil olunan bütün siyasi partiyaların nümayəndələri “Siyasi partiyalar haqqında” yeni Qanun layihəsinin hazırlanması üçün Milli Məclisin sədrinə müraciət etmişdilər.
    “Siyasi partiyalar haqqında” Qanun layihəsinin hazırlanması zamanı aşağıdakılar nəzərdən keçirilib:
    • Venesiya Komissiyasının 2010-cu ildə qəbul etdiyi “Siyasi partiyaların fəaliyyətinin hüquqi tənzimlənməsi barədə vəziyyət” (233 tövsiyə - onlardan 132-si sırf siyasi partiyanın statusuna və fəaliyyətinə aiddir).
    • Venesiya Komissiyasının və ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları üzrə Bürosunun 2021-ci ildə qəbul etdiyi “Ukraynanın Siyasi partiyalar haqqında Qanununun layihəsinə dair birgə rəy”.
    • 24 ölkənin təcrübəsi (Almaniya, ABŞ, Fransa, İsveç, İspaniya, Niderland, İtaliya, Avstriya, Türkiyə, Polşa, Bolqarıstan, Çexiya, Macarıstan, Latviya, Litva, Estoniya, Rusiya, Gürcüstan, Qazaxıstan, Ukrayna, Belarus, Tacikistan, Özbəkistan və Ermənistan).
    • 47 siyasi partiyadan Milli Məclisə yazılı formada təqdim edilmiş 250-dən çox təklif;
    • Milli Məclisdə komitə və plenar iclaslarda deputatlar tərəfindən irəli sürülmüş 100-dən çox təklif (cəmi 350-dən çox təklif).
    Qanun layihəsi ilə bağlı təkliflərin təqdim olunması üçün Milli Məclis tərəfindən cari ilin 26 iyul tarixində siyasi partiyalara müraciət olunub.Milli Məclisin tarixində ilk dəfə olaraq komitə iclasına (23 noyabrda keçirilmişdir) çıxarılmazdan əvvəl Qanun layihəsi Mili Məclisin saytında sentyabrın 7-si rəy və təkliflərin bildirilməsi üçün yerləşdirilib.
    Sənədin ictimai əhəmiyyəti nəzərə alınaraq Qanun layihəsi ilə bağlı siyasi partiyaların, qeyri-hökumət təşkilatlarının, politoloqların və media nümayəndələrinin iştirakı ilə 2 ictimai dinləmə keçirilib. Qanun layihəsində dinləmələrdən sonra müsbətə doğru 70-dək, Milli Məclisdə komitə və plenar iclaslardan sonra müsbətə doğru 40-dək əlavə və dəyişiklik edilib (cəmi 110 düzəliş).
    Qeyd edim ki, Venesiya Komissiyasının sırf siyasi partiyanın statusuna və fəaliyyətinə aid olan 132 tövsiyəsindən 112-si Qanun layihəsində nəzərə alınıb.
    “Siyasi partiyalar haqqında” yeni Qanunun diqqət çəkən məqamları çoxdur.
    Dövlət qeydiyyatdan keçmiş bütün siyasi partiyaların sərbəst fəaliyyətinə təminat verilir.
    Dövlət siyasi partiyaların təsis edilməsi və fəaliyyətlərinin həyata keçirilməsi üçün, hüquqlarına və qanuni mənafelərinə əməl olunmasına bərabər hüquqi şərait yaradılmasına təminat verir.
    Siyasi partiyaların fəaliyyətinin dövlət tərəfindən hüquqi tənzimlənməsi siyasi plüralizmin təşviqinə xidmət etməlidir.
    Dövlət büdcəsinin vəsaiti hesabına siyasi partiyalara maliyyə yardımı göstərilir.
    Qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, dövlət orqanlarının (qurumlarının), yerli özünüidarəetmə orqanlarının, vəzifəli şəxslərin siyasi partiyaların fəaliyyətinə müdaxiləsinə yol verilmir.
    Azərbaycan Respublikasının Konstitusiyasını və Azərbaycan Respublikasının qanunlarını pozan siyasi partiyaların fəaliyyətinə yalnız məhkəmə qaydasında xitam verilə bilər.
    Azərbaycan Respublikasının Silahlı Qüvvələrində, dövlət orqanlarında (qurumlarında), yerli özünüidarəetmə orqanlarında, təhsil müəssisələrində, həmçinin Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq mülkiyyətçinin təşkilati-hüquqi formasından, adından və fəaliyyət növündən asılı olmayaraq yaratdığı hüquqi şəxsdə, onun və xarici hüquqi şəxsin filialında, nümayəndəliyində siyasi partiyaların təsis edilməsi və fəaliyyəti qadağandır.
    Siyasi partiya öz orqanları və struktur qurumları, partiyanı təmsil etmək səlahiyyətinə malik olan vəzifəli şəxs, partiyanın adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan vəzifəli şəxs, partiyanın fəaliyyətinə nəzarət etmək səlahiyyətinə malik olan vəzifəli şəxs, həmçinin qeyd edilmiş subyektlər tərəfindən nəzarətin həyata keçirilməməsi nəticəsində partiyanın adından rəsmi olaraq hərəkət edən üzvü tərəfindən qanunun pozulmasına görə cavabdehlik daşıyacaq.
    Yeni Qanunda siyasi partiyaya ictimai-siyasi nəşrlərin, digər təbliğat və təşviqat materialların hazırlanması və satışı ilə bağlı olan sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa icazə verilir. İcazə verilmiş sahibkarlıq fəaliyyətinin növləri ilə məşğul olmaq, həmçinin “Media haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq çap mediasını təsis etmək (çap mediasının iştirakçısı olmaq) üçün siyasi partiya təsərrüfat cəmiyyətləri yarada bilər və ya onlarda iştirak edə bilər.
    Siyasi partiya dövlət orqanlarının (qurumlarının), yerli özünüidarəetmə orqanlarının, vəzifəli şəxslərin fəaliyyətinə, həmçinin digər şəxslərin sahibkarlıq fəaliyyətinə müdaxilə etməməlidir;
    Əvvəlki Qanundan fərqli olaraq siyasi partiyanın ali və qurultayarası kollegial idarəetmə orqanlarının iclaslarının epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejiminin tətbiqi ilə əlaqədar real vaxt rejimində videokonfrans sistemi vasitəsilə keçirilməsinə yol verilir.
    Yeni qanunun tələbi ilə siyasi partiya üzvlərinin reyestrini aparacaq. Siyasi partiya üzvlərinin reyestrində baş vermiş sonrakı dəyişikliklər barədə ildə bir dəfə (yanvar ayının 15-dək) Ədliyyə Nazirliyinə məlumat təqdim edəcək.
    Siyasi partiya qəbul etdiyi ianələrin məbləği və ianəni vermiş şəxslər, həmçinin ianə hesab olunan maddi yardım barədə məlumatı Mərkəzi Seçki Komissiyasına təqdim edəcək. Barəsində məlumat təqdim edilməmiş ianə üzrə siyasi partiya tərəfindən bank əməliyyatları və hər hansı digər əməliyyat aparıla bilməyəcək.
    Yeniliklərdən biri də siyasi partiyanın mülkiyyətində torpağın ola bilməməsi ilə bağlı qadağa aradan qaldırılmasıdır. İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidmətinin siyasi partiyanın əsaslandırılmış müraciəti əsasında və mövcud imkanlar daxilində onun qərargahla təmin edilməsi üçün tədbirlər görməsi nəzərdə tutulmuşdur.
    Siyasi partiya tərəfindən illik maliyyə hesabatı auditor rəyi ilə birlikdə hər il aprel ayının 1-dən gec olmayaraq Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına təqdim edilir. Maliyyə hesabatı müvafiq qaydada təqdim edilmədikdə siyasi partiyaya həmin ilin qalan rübləri üzrə dövlət maliyyə yardımı ödənilməyəcək. Qeyd edilən pozuntu növbəti ildə təkrarlandığı halda siyasi partiyaya həmin ilin qalan rübləri üzrə, həmçinin növbəti 1 il ərzində dövlət maliyyə yardımı ödənilməyəcək.
    Şəffaflıq üçün siyasi partiyaya ayrılmış dövlət maliyyə yardımının xərclənməsinin yoxlanılması Hesablama Palatası tərəfindən, siyasi partiyanın digər maliyyə fəaliyyətinin yoxlanılması Mərkəzi Seçki Komissiyası tərəfindən həyata keçiriləcək.
    Yeni Qanun qüvvəyə minənədək dövlət qeydiyyatına alınmış siyasi partiya həmin Qanunun qüvvəyə mindiyi tarixdən 180 gün müddətində üzvlərinin sayının 5000 çatdırılması üçün tədbirlər görməli və üzvlərinin reyestrini tərtib edərək Ədliyyə Nazirliyinə təqdim etməli olacaq. Ədliyyə Nazirliyi 30 gün müddətində sənədləri yoxlayır. Siyasi partiya üzvlərinin reyestrində çatışmazlıqlar aşkar edilmədikdə siyasi partiya 90 gün müddətində nizamnaməsini və proqramını yeni Qanunun tələblərinə uyğunlaşdırmalı, proqramı olmadığı halda onu qəbul etməli və nizamnaməsində və proqramında edilmiş dəyişiklikləri, yaxud yeni nizamnaməni və proqramı Ədliyyə Nazirliyinə təqdim etməli olacaq.
    Göründüyü kimi, dəyişikliklər çoxdu, “Siyasi partiyalar haqqında” yeni Qanunun qəbulu zərurət idi


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR