AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

"Odlar Yurdu" Universitetinin başı dərddə: "Bağlanır"

  • + A
  • - A
  • 28-01-2017, 10:26

    Son günlərdə Azərbaycanda ard-arda Təfəkkür və Qafqaz Universitetlərinin fəaliyyətini dayandırması digər ali təhsil ocaqlarının da eyni taleyi yaşayacağı məsələsini gündəmə gətirib.

    Təhsil eksperti Kamran Əsədov ölkədə ali məktəblərin bağlanması məsələsindən danışıb.

    AZXEBER.COM xəbər verir ki, K. Əsədov qafqazinfo-ya açıqlamasında bildirib ki, bu mövzuda zaman böyük rol oynayır: "Bilirsiz, artıq Azərbaycan 90-cı illərdəki ölkə deyil. O zaman müstəqilliyi təzə əldə etmişdik. O dönəmdə elmi dərəcəsi və müəyyən əlaqəsi, maliyyəsi olan biri bina götürüb universitet açırdı. Amma onların, demək olar ki, böyük əksəriyyətinin maddi-texniki bazası yox idi, amma bütün ixtisaslar üzrə kadr hazırlığını həyata keçirirdilər. Lakin son illər ölkə rəhbərliyi tərəfindən təhsilin inkişafı üçün ciddi tədbirlər görüldüyünü nəzərə alsaq, daha Azərbaycana rəqabətə davamlı universitetlər lazımdır. Azərbaycan insanı dəfələrlə özəl universitetlərin yaratdığı problemlərlə qarşılaşıb. Onların insanımızın başına açdığı oyunlar hələ çətin ki, uzun müddət unudulsun. Son belə ağır zərbəni Azərbaycan Beynəlxalq Universiteti vurmuşdu. Beynəlxalq Universitetin tələbələrə yaratdığı problem hələ də davam edir. Ondan sonra insanların özəl ali təhsil müəssisələrinə inamı azalmışdı. Daha sonra bağlanan digər universitetlərin tələbələri başqa özəl universitetlərə köçürüldülər. Bu siyahıya bu gün Təfəkkür Universiteti də daxil oldu. Bu, gözlənilən idi. 2016-ci il ali məktəblərə qəbul imtahanlarından sonra plan yerlərinə yetərincə abituriyent toplaya bilməyən universitetin bağlanacağı qaçılmaz idi. Təsəvvür edin ki, Odlar Yurdu Universitinin 2016-cı ildə elan etdiyi plan yerinin cəmi 11 faizinə tələbə qəbulu apara bildi və 89 faiz yer boş qaldı. Bu o deməkdir ki, həmin ali təhsil müəssisəsinin gəliri rəsmi olaraq tələbələrin təhsil haqqı olduğuna görə onlar bundan məhrum olacaq. Digər Təfəkkür Universitetinin aqibətini gözləyən universitet Kooperasiya Universitetidir".

    Ekspert qeyd edib ki, apardığı sorğulardan da məlum olub ki, tələbələrin böyük əksəriyyətinin Odlar Yurdu Universiteti, Təfəkkür Universitetinin və Kooperasiya Universitetinin semestr imtahanlarından böyük narazılığı var: "Demək olar ki, bu ali təhsil müəssisələrində tələbələrin öz savadları ilə imtahandan müsbət qiymətlər alması mümkün deyil. Amma xarici ölkələrdən tələbələrin böyük hissəsinin bu universitetlərə köçürmə alması bunları ayaqda saxlayan amillərdən idi. Bu ildən etibarən Azərbaycan ərazisində tələbə köçürülməsi vahid qaydada Təhsil Nazirliyi tərəfindən həyata keçiriləcəyinə görə onlar bu gəlirdən də məhrum oldular. Dünyada ali təhsil müəssisələrinin gəlirinin böyük hissəsini onların ixtiraları təşkil edirsə, bizdə ancaq tələbənin təhsil haqqı təşkil edir. Hazırda Azərbaycanda 54 ali təhsil müəssisəsi fəaliyyət göstərir. Hesab edirəm ki, hələ bir neçə universitetinin bağlanması o qədər də böyük təsir göstərməyəcək. Bu digər universitetlərin rəqabət qabiliyyətinin artırılmasına xidmət edəcək. Bilirsiz, özəl ali təhsil müəssisələrinin böyük əksəriyyəti ailə üzvlərinin idarə etdiyi qəbiləni xatırladır. Rektorundan tutmuş qapıçısına qədər hamısı qohumdur. Əlbəttə ki, belə mühitdə təhsil inkişaf edə bilməz. Hansısa ali təhsil müəssisəsi bağlanan zaman qarşıya çıxan ilk problem orada təhsil alan tələbələrin aqibəti ilə bağlı olur. Bu universitet bağlanması Azərbaycanda nə ilk, belə görünür ki, nə də sondur. Bundan əvvəl oxşar hadisələr baş verəndə özəl ali təhsil müəssisələrinin tələbələri elə digər özəl universitetlər arasında bölüşdürülürdü. Mən düşünürəm ki, bağlanmış Təfəkkür Universitetinin tələbələri Bakı Biznes Universitetinin, Odlar Yurdu Universitetinin, Kooperasiya Universitetinin aralarında bölüşdürüləcəklər. Burada başqa bir problem çıxacaq, o da təhsil haqları və keçilən fənlər məsələsində. Hesab edirəm ki, bu məsələdə tələbələrə güzəştlər tətbiq olunacaq".

    Kamran Əsədov diqqətə çatdırıb ki, fəaliyyəti dayandırılan universitetlər sırasında Qafqaz Universitetinin ləğv olunması tamam fərqli bir nəticəyə səbəb olacaq: "Qafqaz Universitetinin bağlanması cəmiyyət üçün şok effekti verəcək. Tədris ilinin ortasında universitetin bağlanması qanunvericiliyə ziddir. Qafqaz Universitetinin tələbələri əvvəllər aldıqları keyfiyyətli təhsili ala bilməyəcəklər. Yaxşı olardı ki, tədris ilinin sonunda bu addım atılardı. Bilirsiz, Qafqaz Universiteti heç də digər özəl universitetlər kimi aşağı balla tələbə qəbulunu həyata keçirmirdi. Bu təhsil ocağını hətta maksimum 700 bal toplayan abituriyentlər də seçirdilər. Hesab edirəm ki, ali təhsil müəssisələrinin ləğv edilməsi prosesi davam edəcək. Bunu qaçılmaz edən faktlar var. Belə ki, Bakı şəhərinin qəbul edilmiş Baş Planına əsasən, universitetlərin paytaxtdan kənar ərazilərə köçürülməsi planı var. Bundan əlavə, universitetlərin gəlirləri ciddi şəkildə aşağı düşüb. Düşünürəm ki, tədris ilinin sonuna qədər hətta dövlət universitetlərindən də bağlananlar olacaq. Düşünürəm ki, Slavyan Universiteti ləğv olunub Dillər Universiteinə, Menecment və Turizm Universiteti İqtisad Universitetinə, Texniki Universitet Memarlıq və İnşaat Universitinə, Neft və Sənaye Universiti Ali Neft Məktəbinə birləşəcək. Bizim bir neçə özəl ali təhsil müəssisələri binadan, partadan və tələbədən ibarətdir. Heç bir potensial fəaliyyəti yoxdur. Bu sırada Avrasiya Universiteti də var. Bəlkə də çoxları adını ilk dəfə oxuyacaq, Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası, bu tipli ali təhsil müəssisələrinin fəaliyyəti ancaq qəbul prosesində iştirak etməkdən ibarətdir. Heç bir elmi tədqiqat işləri aparılmır, ictimai fəaliyyətlə məşğul olmurlar. Sadəcə olaraq, say təşkil edirlər. Hesab edirəm ki, 2017-ci il adlarını çəkdiyim ali təhsil ocaqları üçün son il olacaq. Çünki Azərbaycana ADA, Ali Neft Məktəbi kimi yeni yaranmış və rəqabətə davamlı, beynəlxalq reytinq cədvəlində yer tuta biləcək universitetlər lazımdır".

    AZXEBER.COM-un məlumatına görə, bu açıqlamadan sonra "Odlar Yurdu" Universitetinin rəhbərliyi təşvişə düşüb və qısa müddətdə universitetin reklamına başlanıb. Bir neçə televiziyada eyni anda universitetlə bağlı təbliğat materialları işıqlandırılıb.

    Ancaq tez-tələsik hazırlanan bu süjetlər universiteti daha da pis vəziyyətdə qoyub. Belə ki, ATV-yə açıqlama verən Qafqaz Universitetinin tələbələrindən birinin sözləri təhrif edilibmiş. Tələbənin sosial şəbəkədə yayılan açıqlaması universiteti pis vəziyyətdə qoyub.

    Ceyhun adlı tələbə deyib ki, onun sözləri təhrif edilib.

    Bu məlumatdan sonra universitetə onsuz da az olan inam, tamamən sıfıra yaxınlaşıb.

    Qeyd edək ki, Qafqaz Universitetinin tələbələri Odlar Yurdu köçürülmə xəbəri çıxandan sonra sosial şəbəkədə qrup yaradıblar və orada oxumaq istəmədiklərini qeyd ediblər.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR