Son zamanlar bəzi ölkələrin hüquq mühafizə orqanları tərəfindən üzərlik (Peganum harmala) bitkisi ilə sərhədi keçməyə cəhd edən şəxslərin saxlanılması halları artmaqdadır. Nəticədə həmin şəxslər barəsində inzibati və ya cinayət məsuliyyəti tədbirləri görülür.
Üzərlik bitkisi xalq təbabətində və mədəni-ritual ənənələrdə geniş istifadə olunsa da, onun tərkibindəki bəzi alkaloid maddələr – xüsusilə psixotrop təsirə malik olan harmalin, harmin və digər birləşmələr – bir sıra ölkələrdə dövriyyəsi məhdudlaşdırılan və ya tam qadağan olunmuş maddələr siyahısına daxildir.
Bununla əlaqədar olaraq, xarici ölkələrə səfər edən, eləcə də həmin ölkələrdən respublikamıza gələn vətəndaşlara üzərlik bitkisini, toxumlarını, ekstraktlarını və ya digər formalarını üzərlərində daşımamaq tövsiyə olunur. Bu, həmin ölkələrin qanunvericiliyində nəzərdə tutulan hüquqi məsuliyyət risklərindən yayınmaq baxımından mühüm əhəmiyyət kəsb edir.
Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən üzərlik bitkisinin mənşəyi, kimyəvi tərkibi, hüquqi statusu və məsuliyyət doğuran halları ilə bağlı profilaktik tövsiyə hazırlanıb. Tövsiyənin hazırlanmasında məqsəd vətəndaşların təhlükəsizliyini təmin etmək, üzərlik bitkisi ilə xarici ölkələrə səfər edərkən, eləcə də həmin ölkələrdən respublikamıza gələrkən hüquqi məsuliyyət doğura biləcək halların qarşısını qalmaq üçün ictimai maarifləndirmə aparmaqdır.
Məlumatla linkə keçid etməklə tanış ola bilərsiniz.
Üzərlik (Peganum harmala) bitkisinin mənşəyi, kimyəvi tərkibi,
hüquqi statusu və məsuliyyət doğuran halları ilə bağlı
PROFİLAKTİK TÖVSİYƏ
Son dövrlərdə mediada bir sıra dövlətlərə üzərlik bitkisi aparan şəxslərin həmin ölkərin hüquq
mühafizə orqanları tərəfindən saxlanılması və bu halın onlar barəsində hüquqi tədbirlər
görülməsinə əsas olması ilə bağlı xəbərlərə rast gəlmək mümkündür. Xaricə səfərə gedən
vətəndaşların arzuolunmaz hallarla qarşılaşmaması üçün üzərlik bitkisinin xüsusiyyətləri, bəzi
ölkələrdə hüquqi məsuliyyət doğura biləcək məqamlar nəzərə alınaraq aşağıdakı məsələlərin
diqqətdə saxlanılması məqsədəmüvafiq hesab olunur.
Üzərlik (lat. Peganum harmala) – qədim zamanlardan bu günə qədər həm xalq təbabətində,
həm də mədəni-ritual təcrübələrdə geniş istifadə olunan, çoxəsrlik ənənəyə malik olan nadir
bitkilərdən biridir. Xalq təbabətində təbii müalicə vasitəsi kimi istifadə edilməsi ilə yanaşı, bəzi
mədəniyyətlərdə psixoloji və mənəvi qorunma vasitəsi kimi də tətbiq edilir.
Üzərlik bitkisi Orta Şərq, Orta Asiya və Anadolu mədəniyyətlərində daha çox istifadə olunur.
Əsasən yarımsəhra və quru iqlimli ərazilərdə – İran, Türkmənistan, Tacikistan, Azərbaycan
(Naxçıvan, Muğan, Abşeron və s.), Türkiyə, Əfqanıstan və Hindistan kimi ölkələrdə təbii halda
yetişir.
Üzərlik – bitkilər aləminin sabunağacıçiçəklilər dəstəsinin şorgiləkimilər fəsiləsinin üzərlik
cinsinə aid bitki növüdür. Çoxillik çılpaq ot bitkisidir, spesifik kəskin iylidir, hündürlüyü 25-70
sm-dir. Gövdəsi düz, yarpaqları növbəli, açılmış hissəciklərə bölünmüş ovalvari otlaq-alaq
bitkisidir. Toxumları, kökü və gövdəsi istifadə edilir. May-iyul aylarında çiçəkləyir, iyul-avqust
aylarında meyvə verir. Gilli və qumsal torpaqlarda, eyni dərəcədə yarımçöl, öndağlıq və 2800
metr dəniz səviyyəsi hündürlüyü olan dağlarda yayılıb.
Üzərlik bitkisi Azərbaycan təbiətində geniş yayılıb, xalq təbabətində əhəmiyyətli yer tutsa da,
onun tərkibindəki alkaloid maddələrin psixotrop potensialı bu bitkinin istifadəsinə ehtiyatlı
yanaşmağı tələb edir. Belə ki, bitkinin tərkibində olan və mərkəzi sinir sisteminə psixotrop təsir
göstərən “β-karbolin alkaloidləri” beyində serotonin, dopamin və norepinefrin kimi
neyromediatorların parçalanmasını ləngidərək psixoaktiv (zehni dəyişdirici) təsir yarada bilər.