Bakı, 31 mart — Azadmedia.az31.03.2023-cü il tarixində Masallı rayon Heydər Əliyev Mərkəzində 31 Mart – Azərbaycanlıların soyqırımı gününə həsr olunmuş “31 mart – dünyanı sarsıdan tarix” mövzusunda tarix dərsi keçirilib.
Tarix dərsində Masallı şəhər Dəfinə məktəb liseyinin şagirdləri iştirak ediblər.
Dərs soyqırım qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Masallı rayon Heydər Əliyev Mərkəzinin direktoru Dilbər İbayeva 1998-ci il martın 26-da ümummilli lider Heydər Əliyevin imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanla ilk dəfə olaraq dövlət səviyyəsində bu qətliama siyasi qiymət verildiyini qeyd edib.
“31 mart - Azərbaycanlıların Soyqırım Günüdür” mövzusunda mühazirə ilə çıxış edən Masallı rayon Heydər Əliyev Mərkəzinin bələdçisi Şəfa Xəlilova son bir əsrdə ermənilərin Azərbaycan xalqının başına gətirdikləri müsibətlərdən, “Böyük Ermənistan” yaratmaq xülyası ilə həyata keçirdikləri soyqırımlarından, eləcə də bu faciələrin davamı olaraq 1988-ci ildən davam edən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi zamanı törətdikləri qanlı hadisələrdən danışıb.